Sayalı Tağıyeva (1920-2013)
Görkəmli elm xadimi, Azərbaycan Tibb Universitetinin professoru Sayalı Abdulla qızı Tağıyeva 1920-ci il mayın 2-də Qarabağın dilbər güşəsi olan Şuşada dünyaya göz açıb.
İkinci Dünya müharibəsinin odlu-alovlu günlərində Azərbaycan Tibb İnstitutunu bitirən Sayalı xanım bir müddət Bakıdakı 3 saylı poliklinikada həkim işləmiş, bir il sonra isə ömrünü əbədi olaraq Azərbaycan Tibb Universitetinə bağlamışdır. Namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə edən Sayalı Tağıyeva 70 ilədək həmin institutda çalışmış, adi ordinatorluqdan professor, kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
Professor S.A.Tağıyeva 12 il (1980-1992-ci illərdə) ərzində Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışmış, bu ali tibb təhsili ocağında yüksəkixtisaslı tibb kadrlarının, ölkəmiz üçün bacarıqlı səhiyyə mütəxəssislərinin hazırlanmasında böyük xidmətlər göstərməsi də ona layiqli nüfuz, hörmət və rəğbət qazandırmışdır.
Görkəmli alimin uzun illər Azərbaycan Tibb Universitetinin və onun nəzdində fəaliyyət göstərən pediatriya fakültəsinin elmi şuralarının, ATU-nun və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dissertasiya şuralarının, Mərkəzi Pediatrik Şuranın üzvü olması Bakıda və Azərbaycanın rayonlarında digər elm, təhsil və müalicə-profilaktika ocaqlarında da səhiyyə işinin yüksək səviyyədə təşkilində fəallıq göstərməsini sübut edən amillərdəndir.
150-yə qədər elmi əsərin, sanballı monoqrafiya, dərslik və dərs vəsaitinin, məqalə və tezislərin müəllifi olan S.Tağıyevanın rəhbərliyi və yaxından köməyi ilə 10 tibb mütəxəssisi doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir.Tibb Universitetində uzun müddət kafedra müdiri işləyən Sayalı xanım elmi şuraların və dissertasiya şurasının üzvü olmuşdur, Tibb elminə həsr olunmuş bir sıra beynəlxalq qurultaylarda, simpozium, konfrans və konqreslərdə respublikamızı ləyaqətlə təmsil etmiş, maraqlı elmi çıxışları ilə fərqlənmişdir. Sayalı Tağıyeva ölümündən bir az əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Professor S.A.Tağıyeva həmçinin “Səhiyyə əlaçısı” döş nişanına , “Əmək veteranı” və “Sosializm yarışının qalibi” nişanına, dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin Fəxri Fərmanlarına, təşəkkür və mükafatlarına layiq görülmüş, ATU-nun “Sevil Qadınlar Cəmiyyəti”nin üzvü olmuşdur.
Sayalı xanım Tağıyeva 2013-cü ildə Bakıda vəfat etmişdir.