PORTRET

Vida sözü

  • 09.03.2023

Bu günlərdə Azərbaycanın gör­kəmli din xadimi, tanınmış ilahiy­yatçı alimi Hacı Şahinin vaxtsız ölüm xəbəri hər kəsi dərindən sarsıtdı. Yüzlərlə insan bu acı xəbərdən üzüntü içində onu son mənzilə yola saldı...
Hacı Şahin (Şahin Hüseyn oğlu Həsənli) 1974-cü ildə Ba­kıda anadan olub. 1981-ci il­də Bakı şəhər 189 saylı orta mək­təbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə universiteti bitirib. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis etmiş, bu quruma rəhbərlik etmişdir.
2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İda­rəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunmuşdur.
Hacı Şahin ədəbi bilikləri, geniş mütaliəsi olan nadir din xadimlərimizdən biri idi. O, Seyid Əzim Şirvanini, Mirzə Fətəli Axundovu, Mirzə Cəlili, eləcə də müasir ədəbiyyatı izləyir, həm də dərindən mütaliə edirdi. “Xoşbəxt ailə modeli”, “Haradan başlamalı”, “Yaradılışın hədəfi” adlı kitabların müəllifi idi.
Hacı Şahin uzun illər Həcc karvanına rəhbərlik edib və Həcc zəvvarlarına xidmət göstərib.
Ömrünün son günlərində “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi kimi fəaliyyət göstərib.
Hacı Şahin 2 mart 2023-cü ildə ürəktutmasından dünyasını dəyişib. Müsahibələrinin birində ölüm haqqında demişdi:
“Ölümdən qorxmuram, - de­səm, böyük bir iddia olar. Ancaq onu deyim ki, ölümdən qorxmaq lazım deyil. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinib qorxur. Ölümü heç kimə zəng vurub başa salmırlar, demirlər. Dünyadan kimsə köçəndə geri qayıtmır. Ancaq ölüm son deyil. İnsan ölümün əbədiyyətə körpü olduğunu bilməlidir. Belə olsa, adam ölümdən qorxmaz. Ölümü acılaşdıran bizim əməllərimizdir. İnsanlar arasında yayılan ölüm qorxusu, düzgün deyil. İnsanlar ölümü tanısalar və ona hazır olsalar, ondan qorxmazlar”.
Sanki ürəyinə dammışdı. Ölüm­dən qorxmayan, ölümün əbə­diyyətə bir körpü olduğu­nu deyən Hacı Şahin votsapda son statusunu yazaraq, Ra­miz Rövşənin şeirlərindən bir bənd paylaşaraq ürəkləri sızlatdı.

* * * *
Mən bu ağlamalı, mən bu gülməli
Dünyaya ağlayıb-gülməyə gəldim.
Bir dünya tapılmaz bundan ölməli,
Mən də tamahlanıb ölməyə gəldim.

* * * *

Və bu, onun son statusu oldu..
Biz Hacı Şahinin simasında çox dəyərli, gözəl bir din xadimini, mömin qardaşımızı itirdik. Hacı Şahinin yeri hər zaman görünəcək, xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

“İQTİSADİYYAT”