Əkbər Ağayev - (1915-1989)
Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Məmməd oğlu Ağayev 21 mart 1915-ci ildə Şuşada anadan olmuşdur.
O, Azərbaycanda daha çox Ağayevlər kimi tanınan Qarabağın qədim və məşhur soylarından biri olan Ağaoğlular soyunun nümayəndəsidir.
Əkbər Ağayev Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır.
Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında işləmişdir. Daha sonra Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır.
Əkbər Ağayev, eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim, kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 1981-ci ildə Azərbaycanın Əməkdar ali məktəb işçisi adına layiq görülmüşdür.
Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. Əkbər Ağayevin "Nizami və dünya ədəbiyyatı" (1964), "Şeirimizin yeni nəsli", "Lirikanın qüdrəti", "Dramaturgiyanın bəzi məsələləri", "Ədəbiyyat tarixi haqqında qeydlər" və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına həsr olunmuş "Anri Barbüs", "Höte Nizami haqqında", "Fransız xalqının böyük oğlu", "Humanist sənətkar", "Xalq nəğməkarı", "Səhər şəfəqləri" kimi əsərlər də vardır. "M.Y.Lermantov və Azərbaycan" (1941), "A.İ.Gertsen"(1962), "Sənətkarlıq məsələləri" (ədəbi-tənqidi məqalələr)(1962), "Nizami və dünya ədəbiyyatı" (1964), "Sənətkara töhfə" (1978), "Əsrin tərənnümü" və s. kitabları işıq üzü görmüşdür.
Tərcümə sənəti ilə də yaxından məşğul olan müəllif dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etmişdir. Bunlar arasında A.S.Puşkin, M.Y.Lermontov, A.A.Çexov, L.N.Tolstoy, Belinski, Dobrolyubov, Qorki, Dikkens, Bualo və b. rus və xarici yazıçıların əsərlərindən tərcümələri vardır.
Əkbər Ağayev 1989-cu ildə Bakıda vəfat etmişdir.