Elçin nəsrinin şeiriyyəti
Elçin Əfəndiyev təkcə ədəbi-tarixi prosesdə yox, ümumiyyətlə, milli-ictimai fikirdə özünəməxsus yeri olan yazıçı, ictimai xadim, təəssübkeş vətəndaş, böyük ziyalı və nəcib insandır. Elçin Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının zəngin bir təmayülünü təşkil edir. Təsadüfi deyil ki, ümumilli lider Heydər Əliyev yazıçı haqqında: “Elçin yaradıcılığının çoxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindəndir. O, ictimai fəaliyyəti ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın mənəvi birlik və həmrəyliyi işinə yüksək dərəcədə xidmət etmişdir”, - deyərək ona yüksək qiymət vermişdir.
Elçin Əfəndiyevin əsərlərində milli kökə bağlılıq, milli heysiyyət, mənəvi təmizlik və saflıq geniş yer tutur. O, Azərbaycan xalqının tarixi-mənəvi varlığını, bədii sözünü ədəbiyyat aləmində inamla qoruyan, əks etdirən yazıçı və tənqidçilərdən biri, çağdaş Azərbaycan ədəbiyyatının canlı klassikidir. Elçin nədən yazırsa yazsın, ona oxucularının arzu və düşüncələri prizmasından baxmağı bacarmışdır. Yazıçı tənqidi fəaliyyətə də yazıçı kimi başlamışdır. Lakin tənqidi əsərləri öz canlılığı, kəsəri, aktuallığı ilə həmişə ümumi maraq oyatmışdır.
Elçin Əfəndiyevin adı 60-cı illərin ideoloji qəliblərinə sığmayan üslubda yazıb-yaratmış və ədəbiyyatımızın yeni mərhələsini formalaşdırmış nasirlər arasında daim hörmətlə çəkilməkdədir. Elçin təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınan, sevilən yazıçılardandır. Yazıçı ailəsində dünyaya göz açan, ömrü-günü kitablar arasında keçən Elçin Əfəndiyev daim oxumuş, öyrənmiş, dünyanın ən böyük yazıçılarının əsərləri onun üçün ədəbi meyara çevrilmişdir. Azərbaycan nəsrini, müasir ədəbi tənqid zirvəsini araşdıran Elçin Əfəndiyev öz yaradıcılığına da çox ciddi yanaşmış, dərindən öyrəndiyi, müşahidə etdiyi personajların həyatını yüksək sənətkarlıqla əks etdirməyi bacarmışdır.
Elçin Əfəndiyev çağdaş dövrün psixoloji hekayə ustalarından biridır. Bu psixoloji hekayələrin ən dərin qatlarında müəllifin humanist fikirləri dayanır. İlk baxışda yazıçı qəhrəmanlarının heç birinə öz rəğbətini bildirmir, onları ancaq təsvir edir. Lakin hadisələrin məntiqi inkişafı yazıçının sadə adamların tərəfində dayandığını, onları ürəkdən sevdiyini göstərir.
Elçinin maraqla oxunan əsərlərindən biri də «Bülbülün nağılı» hekayəsidir. Hekayəni fəlsəfi-psixoloji əsər kimi səciyyələndirmək mümkündür. Burada müəllif həyat, «gəlimli-gedimli, son ucu ölümlü dünya» haqqında düşüncələrini ifadə etmiş və insanın azadlığı məsələsini ön plana çəkmişdir. Əsəri oxuduqda hasil olan qənaət belədir: azadlıq dünyada ən böyük sərvətdir. Yazıçı bu ideyanı ölüm ayağında olan qoca tacirin yaddaşında azadlıq aşiqi bülbüllə bağlı canlandırdığı təsirli lövhələrdə açır.
Həyatını var-dövlət toplamağa həsr edən qoca tacir bu həqiqəti ölüm ayağında dərk edir. İbrətamiz sonluqla bitən hekayədən belə nəticə çıxır: insan var-dövlət əsiri olmamalıdır. Həyatda ona verilən ömrü ləyaqətlə və azad yaşamalıdır.
Elçinin dramaturji yaradıcılığından danışarkən onun pyeslərinin bədii dilinin özünəməxsusluğundan söhbət açmamaq düzgün olmazdı. Bu baxımdan "Ağ dəvə" tədqiqatçılar üçün daha zəngin material verir. Romanda ötən əsrin 30-40-cı illərində Bakı məhəllələrinin birində yaşanan hadisələr canlandırılır. Bu məhəllədə müxtəlif xarakterli, müxtəlif dünyagörüşlü insanlar yaşayır. Bu insanların bir-birindən əlavə, dünyayla, həyatla, taleləriylə və daxili aləmiylə münasibəti, daha dəqiq desək, mübarizəsi əks olunub. Əsərdə Həsənağa əmi, Əzizağa əmi, Səfurə xala, Firuzə xala, Məşədi xanım, Ələkbər, Balakərim, Şövkət, İbadulla və başqalarının dilindəki yerli koloritin özünü əks etdirməsinə daha tez-tez rast gəlirik. Personajların dilinə belə münasibət həm də xalqın psixoloji və eyni zamanda fərdi xüsusiyyətlərini oxucu qarşısında nümayiş etdirmək, onu yaddaşa həkk etmək imkanı verir. “Ağ dəvə" əsərində folklorizm və tarixilik bütün konkret janr və üslub kanonlarının formal tərəflərinə hopur. Elçinin realist üslubunda müəyyən yer tutmuş fantastika, nağılçılıq yazıçının obyektiv real həyatın məna və xarakterini, mahiyyətini əsərində əks etdirməyə canatmanı sübut edir. Ümumiyyətlə, Elçinin əsərlərində istifadə etdiyi özünəməxsus folklor konstruksiyaları, tarixi fakt və hadisələr məzmun və forma cəhətdən də son dərəcə maraqla izlənilir.
Elçin Əfəndiyevin Azərbaycan şifahi xalq ədəbiyyatını, milli-mənəvi irsimizi özündə əks etdirən ən gözəl əsərlərindən biri də “Əsli və Kərəm” dastanının motivləri əsasında qələmə aldığı “Mahmud və Məryəm” romanıdır. Burada hadisələrin mərkəzində Mahmudla Məryəmin bir-birinə qovuşmasına mane olan, hadisələrin faciəvi sonluqla bitməsinə gətirib çıxaran din ayrılığıdır. Əsərdə iki gəncin sevgisinə mane olan mürtəce fikirli Qara Keşişdir. O, Məhəmməd ümməti Mahmudun qızıyla arasında olan məhəbbətinə qarşı çıxaraq, gecəylə ailəsini götürüb eldən qaçır və sonrakı hadisələr onların başına gələn faciələrdən bəhs edir. Əsərdə el ədəbiyyatından gələn motivlər güclü olsa da, burada sənətkar dəsti-xətti, onun özünəməxsus bədii qələmi diqqəti cəlb edir. Yalnız dastanın süjetindən bəhrələnməklə və bu süjetdən yararlanmaqla onu yeni məzmun, yeni ideyalarla zənginləşdirmiş, dastanda qoyulan problemləri, mövzuları genişləndirmiş, bəşəri ideyaları, milli-mənəvi əxlaqi görüşləri özündə əks etdirən yeni mövzuda bir əsər yaratmışdır.
Əsərdə dastanlarımızla səsləşən lələ obrazı diqqəti cəlb edir. O da qəhrəmanın uğursuz məhəbbətinin canlı şahididir. Yazıçının yaratdığı lələ obrazı xalq dastanlarında yaşayan motivlər üzərində köklənmişdir. Sofi də belə lələ surətlərindəndir. O da Mahmudla Məryəmin arxasınca diyarbadiyar gəzir. Onun çəkdiyi əzablar Sofi lələnin ürəyini göynədir. Xəstələnəndə ana kimi qayğısını çəkir. Kərəmə qarşı insafsızlıq edəndə xalq ədəbiyyatından gəlmə motivlər üstündə yenidən bu obrazı kökləyən yazıçı dastanlarda lələlərə məxsus sədaqət, vəfa kimi yüksək keyfiyyətləri bu obrazda cəmləyir. O da dastandakı lələ kimi öləndən sonra Mahmudla Məryəmin qəbrinin yanında mücavir olur.
"Mahmud və Məryəm" əsərində müxtəlif xalqlarda tanınan əfsanəvi, mifik obrazların adı çəkilir və onlarla bağlı xalq ədəbiyyatında yaşayan əfsanə və rəvayətlər xatırlanır. Onlar bu realist povestin bədiiliyini artırır. Bu obrazlar dünya ədəbiyyatında şöhrət qazanmış, insan zəkasının yaratdığı dərin məzmunlu, yüksək sənətkarlıq nümunəsi olan xalq yaradıcılığına rövnəq verən obrazlardır. Əsərdə dünya xalqları arasında tanınan əfsanəvi obrazlar çoxdur və onlar xalq yaradıcılığının əsas mövzularının qəhrəmanlarıdır. Elçinin qəhrəmanı tez-tez bu qəhrəmanları, onların başına gələn hadisələri xatırlayır. Elçin Əfəndiyev isə belə elə bir reallığı, yaratdığı əsərlər üçün mövcud olan qanunauyğunluqları gözləmir, qəhrəmanlarının daxili əhval-ruhiyəsinə uyğun olaraq hadisələri təsvir edir və bu hadisələrdə həm real, həm də həqiqətdə inana bilməyəcəyimiz mövzular öz əksini tapırsa da, bu əsərin mənəvi dəyərinə xələl gətirmir, əksinə onun bədii təsir gücünü artırır, qüdrət və qüvvət sahiblərinə inamımızı artırmaqla yanaşı, onları real yaşayışımıza, həyatımıza daxil edir və oxucu gördüyü haqsızlıqların, törədilən cinayətlərin haqq-ədalət naminə yerdə qalmayacağına inamını itirmir.
Yaradıcılığı boyu müxtəlif mövzulara müraciət edən Elçin müxtəlif biçimli hekayələrində, povest və romanlarında olduğu kimi, “Ölüm hökmü” romanında da toxunduğu problemlərin bədii həllinə müvəffəq olmuş, ideya yükü ilə seçilən dəyərli sənət əsəri yaratmışdır. Əsərdə üç mürəkkəb, ziddiyyətli dövrün ayrı-ayrılıqda təsvirini yaradan yazıçı müxtəlif zaman kəsiyində baş verən hadisələri çox böyük ustalıqla bir-birilə əlaqələndirir.
"Ölüm hökmü” romanında əsas hadisələr Tülki Gəldi Qəbristanlığında cərəyan edir. Tülkü Gəldi Qəbristanlığı əsərdə şərti məkandır və Sovetlər İttifaqının anoloqu kimi çıxış edir. Bu ərazidə baş verən hadisələr hakimi-mütləq olan ictimai-iqtisadi formasiyanın çatışmazlıqlarını, bütün mahiyyətini özündə əks etdirir. Romanda əsas hədəf Tülkü Gəldi Qəbristanlığının müdiri Əbdül Qafarzadədir. O, zamanın nəbzini tutan, pul yığmaqdan gözü doymayan, tülkü qədər hiyləgər bir tipdir.
"Ölüm hökmü” romanının sonunda çox insanlara qan udduran, haram yollarla var-dövlət, hörmət sahibi olan Əbdül Qafarzadənin tale yolunun belə bir sonluqla bitməsi təbiidir, məntiqlidir. "Ədalət topaldır: ağır-ağır yeriyər, amma gedəcəyi yerə gec-tez çatar”. Zamanın haqsızlıqlarına dözməyən Gicbəsərin intiharı oxucunu pessimist ovqata kökləsə də, Əbdül Qafarzadənin "qızıl teştə qan qusmağı” yaranmış ümidsizliyi, inamsızlığı aradan qaldırır, əsər boyu tarıma çəkilmiş sinirləri gərginlikdən azad edərək ədalətin gec də olsa qələbə çalacağına bir daha ümidli edir.
Elçin təkcə nəsr və dramaturgiyada yox, ədəbi tənqiddə də yeniliklər yaratmış, dəyərli imzaya malik müəllifdir. Elçin Əfəndiyevi oxumaq Azərbaycan xalqını yaxından tanımaq, Azərbaycanın uzun illər boyu milli-mənəvi dəyərlər və istiqlal uğrunda apardığı müqəddəs mücadiləni öyrənməkdir. Müasirlik, həyat həqiqətərinə həssas və iti nəzər, xəlqilik çağdaş bir sənətkar kimi Elçin Əfəndiyevin yaradıcılığında öz əksini tapan məziyyətlərdir. Elçin zamanla, dövrlə ayaqlaşan, xalqı sevən ədibdir.
Onu da qeyd etməliyik ki, Elçin Əfəndiyev uzun illər boyu Azərbaycan ədəbiyyatının müxtəlif məsələləri barədə həm respublika, həm də beynəlxalq mətbuatda çıxışlar etmiş və bu yazıları ilə milli ədəbiyyatın uğur və problemlərini işıqlandırmağa nail olmuşdur. Onun həm bədii, həm də elmi-tənqidi yazılarında əsas özül sabitlikdir. Ədəbiyyat elminin bu və ya digər sahəsi ilə, milli mədəniyyət və mənəviyyatın ayrı-ayrı problemləri ilə bağlı fikir və qənaətlərin sabitliyi, daha artıq dərəcədə qəlbən və ağlın gücü və işığı ilə inandığı, onları hər şeydən qabaq milli mənəviyyatla bağlamaq, araşdırıb öyrənmək adəti Elçin yaradıcılığının tərkib hissəsidir. Yazıçının bir çox tənqidi məqalələri dünya ədəbiyyatı və mədəniyyətini əhatə edir. Bu tipli yazıları diqqətlə nəzərdən keçirdikdən sonra dərk edirsən ki, əsas məqsəd yenə də məhz milli ədəbiyyatın indiyə kimi gün işığı görməyən, kölgədə qalan cəhətlərini öyrənməkdir. Elçin təsvir etdiyi obrazların daxili aləmini bütün çalarları ilə görməyi bacarır, bu görüntülərdə ən dəqiq, ən səciyyəvi olan cizgiləri seçə bilir. Yazıçı nə elmi, nə də bədii yaradıcılığında rəng adiliyi, həyata münasibətin birtərəfliliyi ilə barışmır. Əsərlərində varlığın şeiriyyətini açır, ehtiyac duyanda onun sərt və acı həqiqətlərini göstərir. Dinamiklik, hadisələri daxildən açıb mənalandırmaq, surəti təbii və həyati ifadə etmək onun hekayələri ilə povestləri arasında rabitə yaradır.
Elçin Əfəndiyev fasiləsiz yaradıcılıq axtarışındadır, onun bədii şəkillərin hamısından eyni dərəcədə istifadə edə bilmək imkanı vardır. Ona görə də oxucu Elçin Əfəndiyevin istedadına, onun daha tutumlu, daha mənalı əsərlər yazacağına inanır.
Bəybala Ələsgərov,
tarix elmləri doktoru
Elnarə Mehbalıyeva,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin dosenti,
fəlsəfə doktoru