Firudin Şuşinski (1925-1997)
Qarabağın görkəmli simaları
Azərbaycan və sovet musiqişünası və tədqiqatçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Firudin Mahmud oğlu Həsənov 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Şuşinskinin atası Firudin bəy Köçərlinin dostu idi və oğluna onun adını qoymuşdu. F.Şuşinski ilk təhsilini Şuşada almışdır. Oğlunda musiqiyə hədsiz sevgi görən Məhəmməd kişi 1931-ci ildə Firudini Şuşa musiqi məktəbində təhsil almağa qoyur.
Şuşa pedaqoji məktəbini bitirdikdən sonra dörd ay boyunca dərs dediyi Malıbəyli kəndindəki məktəbə müəllim göndərilmişdir. 1942-ci ildə könüllü olaraq İkinci Dünya müharibəsinə yollanmışdır. General Pavel Batovun komandanlığı altında Kursk döyüşündə iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
Müharibədən qayıtdıqdan sonra bir müddət Ağdam şəhərində məktəbdə ədəbiyyat müəllimi işləmişdir. 1946-cı ildə ali təhsil almaq üçün Bakıya gəlir. Şuşinski Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olur və oranı müvəffəqiyyətlə bitirir. Məzun olduqdan sonra Bakıdakı 45 və 61 nömrəli məktəblərdə tarix müəllimi kimi çalışmışdır. Şuşinski musiqi tariximizdə qiymətli əsərlərin müəllifidir.
Doğma Qarabağının tarixini ciddi şəkildə öyrənmək məqsədi ilə Firudin Şuşinski arxivlərdə çox vaxt keçirirdi. 1948-ci ildə Səməd Vurğun Şuşinskiyə "Vaqif və Qarabağ" mövzusunda material hazırlamağı tapşırdı. Bu məqalə Şuşinskinin ilk nəşr olunmuş əsəri idi.
Şuşinski o illərdə kəskin tənqid olunmasına baxmayaraq, Nəriman Nərimanovun tərcümeyi-halı ilə də maraqlanırdı. Tələbəlik illərindən Firudin bəy öz fenomen yaddaşını ictimai elmlərin dərindən mənimsənilməsinə sərf edirdi. O, hələ I kursdan tarix, fəlsəfə, ədəbiyyat, xüsusilə klassik və aşıq ədəbiyyatını öyrənməklə yanaşı, H. Heynenin təbirincə desək, "incəsənətin son sözü" olan muğamların yaranması, ifaçıları haqqında maraqlı məlumatlar toplayırdı. O, ölkəmizin şəhərlərini, obalarını qarış-qarış gəzib unudulmuş muğam ifaçıları haqqında qələmə alacağı yazılarına yeni-yeni materiallar yığırdı.
1968-ci ildə Firudin Şuşinskinin doğulduğu Şuşanın tarixinə və məşhur şəxsiyyətlərinə həsr olunmuş "Şuşa" kitabı nəşr olundu. Əsər çox böyük səs-küyə səbəb olmuş, Şuşinski ermənilər tərəfindən millətçilikdə ittiham edilmişdir. Çünki müəllif şəhər haqqında erməni müəllifləri tərəfindən uydurulmayan, həqiqi tarixi açıb göstərmişdir. Ancaq daha maraqlısı "Şuşa" kitabının Azərbaycanda da birmənalı qarşılanmamasıdır. Moskvanın təkidi ilə bu sual Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunda qaldırıldı. Altı saatdan çox davam edən Büro iclasında çıxış edənlər tərəddüd etmədən gənc tədqiqatçını "burjua millətçisi", "xalqlar dostluğunun düşməni" və s. ilə ittiham etmişdilər.
70-ci illərdə Şuşinski Azərbaycan xalq musiqiçilərinin tərcümeyi-hallarının öyrənilməsi ilə məşğul olurdu. Bir-birinin ardınca onun Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski haqqında kitabları nəşr olundu. 1979-cu ildə onun "Azərbaycanın xalq müğənniləri və musiqiçiləri" kitabı Moskvada işıq üzü gördü. 2007-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşəbbüsü ilə Şuşinskinin topladığı materiallar əsasında tarzən Mirzə Sadıxın həyat və yaradıcılığına həsr olunmuş "Sadıxcan" kitabı nəşr olunmuşdur.
Firudin Şuşinski 1997-ci il oktyabrın 25-də vəfat etmişdir. Öz vəsiyyətinə uyğun olaraq Bərdə şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.