Fatma xanım Kəminə (1841-1898)
Qarabağın görkəmli simaları
Adı Aşıq Pəri, Xurşidbanu Natəvandan sonra Qarabağın üçüncü qadın şairi kimi ehtiramla yad edilən, XIX yüzil Azərbaycan ədəbiyyatında özünəxas yeri olan, klassik irsimizin görkəmli nümayəndəsi Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində, öz dövrünün sayğılı şəxslərindən biri olan Mirzə Bəybaba Əliyarbəyzadə oğlu Tahirzadənin ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından ağıl və dərrakəsi ilə yaşıdlarından seçilən, gəncliyində zərifliyi, gözəlliyi ilə diqqəti cəlb edən Fatma xanım yaşından irəli dünyagörüşü, ağlı, müdrikliyi ilə onu tanıyanların hörmətini qazanıb.
Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. O, fars dilini də mükəmməl bilib, farsca yazılmış, bu dilə çevrilmiş elmi əsərləri oxuyub-öyrənmək imkanına malik olub və bu dildə də şeirlər yazıb. Fatma xanım təhsilini Şuşada alıb, savadına görə ona “Mirzə Fatma xanım” deyirdilər. Onun İstanbulda 5 il təhsil aldığını göstərən Xalq yazıçısı, filologiya elmləri doktoru Əzizə xanım Cəfərzadə bir vaxtlar şairənin nəticələri ilə görüşüb, onların söhbətlərinə əsasən Fatma xanımın mehriban, əliaçıq, qayğıkeş insan olduğunu yazıb. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və “Fəna” təxəllüsü ilə şeirlər yazıb.
XIX əsr təzkirələri arasında da onun şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3-5 şairəsindən biri olub.
Fatma xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrində az da olsa, məlumat vardır. Məsələn, Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində Fatma xanım haqqında məlumat verərkən, bildirmişdir ki, o, dörd yüzə yaxın şeir yazmış, Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan”da yaxından iştirak etmişdir. Kəminə şairə Natəvanın başçılıq etdiyi “Məclisi-üns” ədəbi məclisinin üzvləri ilə yaxın olmuş, onlarla şeirləşmişdir. Qaynaqlardan bəllidir ki, Fatma xanım Kəminə çağdaşı Xurşidbanu Natəvanla çox yaxın rəfiqə olmuş, bu dostluğun təməlinin qoyulmasında onların sıx ədəbi ünsiyyəti, “Məclisi-üns”də bir araya gəlmələri də önəmli rol oynamışdır.
Şairə onunla eyni dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır.
Fatma xanım Kəminənin şeirlərinin sayı Firidun bəy Köçərlinin tədqiqatında 500 olaraq göstərilir. Firudin bəy Köçərli Fatma xanım Kəminəni “nadireyi zəmanə” saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir.
Fatma xanım Kəminə 1898-ci ilin sentyabrında Şuşada vəfat etmişdir.
Mənbə:
Qənirə Paşayeva “Tarixə adını yazan
Azərbaycan qadınları” I cild, Bakı, 2023