Ağalar bəy Əliverdibəyov
Qarabağın görkəmli simaları
Azərbaycan musiqişünası Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdur. Uşaqlığı Şuşa şəhərində keçmişdir. O, Ağdamın dövlətli mülkədarı, xan qızı Xurşidbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Mir Abdulla bəy qızı Vəzirovanın altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdur. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy Nətavanın başçılıq etdiyi “Məclisi-üns”ün yığıncaqlarında fəal iştirak edirdilər. Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdur.
Əliverdibəyov bəstəkarlar - Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov və ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin dayısıdır. Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın atasıdır.
Ağalar bəy Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olub. O, 1901-ci ildə Peterburq Texnoloji İnstitutunu, sonra isə Varşava İnşaat İnstitutunu bitirmişdir. Gənc mütəxxəssis 1913-cü ildə vətənə qayıtmış, Bakı şosse yolları idarəsində mühəndis vəzifəsində işləmişdir. O, həmçinin gözəl muğam bilicisi kimi A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdir.
A.Əliverdibəyov ixtisasca inşaat mühəndisi olsa da, Şuşanın mədəni mühiti onun bir musiqişünas kimi yetişməsində, həqiqətən, konservatoriya rolunu oynamışdır. Bu aydın zəkalı maarif xadiminin yüksək bilik səviyyəsi və cari musiqi həyatına sıx bağlılığı Azərbaycanda müasir musiqişünaslıq təfəkkürünün formalaşmasına öz töhfəsini vermişdir.
Gənc yaşlarından A.Əliverdibəyov müxtəlif xalqların musiqi tarixinə böyük maraq göstərmiş, bu mövzuya aid ədəbiyyatı diqqətlə mütaliə etmiş, Qarabağın və ümumiyyətlə, Azərbaycanın musiqi həyatı sahəsində qiymətli müşahidələr aparmış, müxtəlif dünya xalqlarının mədəniyyətini əhatə edən “Musiqi tarixi” adlı dolğun məzmunlu kitab yazmışdır. Ağalar bəy muğamın sirlərini məşhur xanəndə Hacı Hüsünün ustadı sayılan, dayısı Mir Baba Mir Abdulla oğlu Vəzirovdan öyrənmişdir. Öz növbəsində Ağalar bəy Üzeyir Hacıbəyovun ilk müəllimi olmuş, dahi bəstəkarın qəlbində xalq musiqisinə və muğam sənətinə qarşı böyük məhəbbət hissi oyatmışdır.
Ağalar bəy Qarabağın musiqi salnaməsini yazmaqla yanaşı, başqa muğam məktəblərinin (Şirvan, Bakı) nümayəndələrini də qeyd edir, bundan başqa İrəvan, Lənkəran, Nuxa və Salyanın muğam ifaçıları haqqında dəyərli faktlar göstərir.
A.Əliverdibəyov doğma musiqi folklorunun qayğıkeş toplayıcısı hesab edilməlidir. Ağalar bəy isə el havalarını əvvəlcə özünün qeyri-adi musiqi hafizəsinə köçürmüş, sonra da onların nota yazılmasında bəstəkar Səid Rüstəmova böyük yardım göstərmişdir.
Əliverdibəyovun oxuduğu mahnılar arasında bir çox məşhur nümunələri göstərmək olar: “Söhbət saz ilə”, “Yaxan düymələ”, “Çalpapaq”, “Kəklik”, “Nəzr eyləmişəm”, “Üçtelli durna”, “Xumar oldum”, “Neylərsən”, “Dedim bir busə ver” və s. Eyni zamanda, A.Əliverdibəyovun səsindən nota yazılan bəzi nümunələr hələ indiyə qədər işıq üzü görməmişdir. Onların nəşri və araşdırılması da milli musiqişünaslığımızın mühüm vəzifələrindəndir.