PORTRET

BАCARIQLI TƏŞKİLATÇI, QAYĞIKEŞ VƏ MEHRİBAN İNSAN

  • 05.05.2023

Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru, əmək fəaliyyətinin iyirmi doqquz ili bütünlüklə auditor xidməti ilə bağlı olan, zəhmətlə yüksələn insan, tələbkar rəhbər, bacarıqlı təşkilatçı, qayğıkeş və mehriban insan İlqar Əflatun oğlu Vəliyevin 50 yaşı tamam olur.
O, 1973-cü il mayın 11-də Bakı şəhərində anadan olmuşdur.
1990-cı ildə orta məktəbini, 1993-cü ildə Beynəlxalq təşkilatın Beynəlxalq Biznes Məktəbi İnkişaf Assosiasiyasını fərqlənmə ilə bitirmişdir. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadiyyat üzrə magistr dərəcəsini alaraq fərqlənmə ilə bitirmişdir.
İlqar Vəliyev əmək fəaliyyətinə 1994-cü ildə “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialına iqtisadiyyat fakültəsinin məzunu kimi qoşulmuş və vəzifə dərəcələri üzrə sabit irəliləyərək, həmkarlarının və rəhbərliyin hörmətini qazanmış, 2007-ci ildə peşəkar xidmətlər və mühasibat uçotu istiqamətində fəaliyyət göstərən bütün iri beynəlxalq firmalar arasında partnyor vəzifəsinə təyin edilmiş ilk Azərbaycan vətəndaşı olmuşdur.
1996-1998-ci illərdə “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialında audit üzrə baş mütəxəssisi və 1998-2001-ci illərdə isə audit üzrə menecer vəzifələrində işləmişdir. 2001-2003-cü illərdə “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin London ofisinə ezamiyyə edilmişdir. 2003-2006-cı illərdə “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialında audit üzrə baş menecer vəzifəsində işləmiş, 2007-ci ildən isə “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru vəzifəsində işləyir.
Şərəfli və məhsuldar əmək fəaliyyəti bütövlükdə ölkədə audit sisteminin təşəkkülü və inkişafı ilə birbaşa bağlı olmuş, 29 il ərzində bütün bilik və bacarığını auditor xidmətinin genişləndirilməsi işinə həsr etmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının keçirdiyi tədbirlərdə öz fəal mövqeyi ilə daim fərqlənmiş, həmkarları arasında yüksək nüfuz sahibi kimi dərin hörmət qazanmışdır.
İlqar Vəliyev həmçinin, Dünya Bankı, Avropa İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən maliyyələşdirmiş şirkətlərin auditi üzrə mühüm iş təcrübəsinə malikdir. Eyni zamanda, “Ernst & Young” şirkətinin Gürcüstanda və Türkmənistanda ofislərinin açılması və inkişafında aktiv iştirak etmişdir.
İlqar Vəliyev 2010-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü kimi fəaliyyət göstərir, bütün bilik və bacarığını işə vicdanlı və məsuliyyətli münasibətilə milli audit sisteminin inkişafı işinə sərf edərək, fəaliyyəti zamanı “Auditor xidməti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarının, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, Beynəlxalq Audit Standartlarının, peşə etikası və əxlaq normalarına dair digər normativ hüquqi aktların tələblərinə riayət edərək, apardığı auditlər zamanı peşə borcunu daim yüksək səviyyədə yerinə yetirməklə səmərəli fəaliyyət göstərir, Palatanın əməkdaşları və üzvləri arasında hörmət və nüfuzunu durmadan yüksəldir.
İdarəedici partnyoru olduğu dünya audit arenasında lider mövqeyə malik olan “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialı 29 il bundan əvvəl Azərbaycanda da öz ofisini açaraq, respublikada və regionda peşəkar xidmətlər göstərən ilk beynəlxalq şirkət olmuşdur. Bu gün şirkət Azərbaycanda milli və beynəlxalq şirkətlərə, eləcə də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı müxtəlif peşəkar xidmətlər göstərir. Təsadüfi deyil ki, şirkət hər il Auditorlar Palatasına təqdim etdiyi hesabat göstəricisinə əsasən reytinq cədvəlində I yerə layiq görülür. Azərbaycan Respublikasının Auditorlar Palatası ilə “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında çox sıx işgüzar münasibətlər mövcuddur. İlqar Vəliyev Auditorlar Palatası Şurasının üzvü kimi gündəliyə çıxarılan məsələlərin müzakirəsində fəal iştirakı ilə daim diqqət mərkəzində olmuşdur. Auditorlar Palatasının 01 yanvar 2010-cu ildən ölkəmizdə Beynəlxalq Audit Standartlarının tətbiqinə başlamasında “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının böyük rolu olmuşdur. Eyni zamanda, şirkətin əməkdaşlarının Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2021-2030-cu illər), “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin hazırlanmasında, eləcə də Auditorlar Palatasının ictimai həyatında (komitələrdə, iclaslarda, tədbirlərdə və s.) iştirakı danılmazdır. Xüsusən qeyd etməliyik ki, Auditorlar Palatasının keçirdiyi beynəlxalq tədbirlərə “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialı daim sponsorluq etməklə yanaşı, həmin tədbirlərdə İlqar Vəliyevin fəal iştirakı və orada yüksək səviyyəli çıxışları həmişə rəğbətlə qarşılanmışdır.
İlqar Vəliyevin ötən dövr ərzində audit qanunvericiliyinin təkmilləşdirilməsi, normativ aktların, metodik vəsaitlərin, proqramların və digər sənədlərin hazırlanması və tətbiqində əməyini yüksək qiymətləndirilərək, dəfələrlə təşəkkür elan edilmiş, Fəxri Fərmanlara və 2013-cü ildə Auditorlar Palatasının “Fəxri auditor” adına layiq görülmüş, nəhayət Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illiyi münasibətilə auditor fəaliyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 04 aprel tarixli 1934 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ömrünün 50 yaşını tamamlayan Azərbaycan auditorları ailəsinin sevimli üzvlərindən birini, hörmətli həmkarımızı, nümunəvi ailə başçısı, təcrübəli və bacarıqlı iş yoldaşı olan İlqar Vəliyevi yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, əmək fəaliyyətində yeni uğurlar, ictimaiyyət arasında malik olduğu hörmət və nüfuzu daim qoruyub saxlamağı arzulayırıq. Qoy ömrünün sonrakı hər bir günü ona və ailəsinə yalnız həyat sevincləri bəxş etsin.
Dərin hörmətlə,

Ziyad SƏMƏDZADƏ
Azərbaycan İqtisadçılar
İttifaqının sədri,
Milli Məclisi deputatı, akademik

Vahid NOVRUZOV,
Azərbaycan Respublikasının
Auditorlar Palatasının sədri,
iqtisad elmləri doktoru, professor