Elçinin kitab haqqında fikirləri və "Ədəbi düşüncələri"ndən
Kitab doğmalığı
Mən kitab rəflərimdə düzülmüş kitabların hamısını bir-bir tanıyıram və məndə belə bir təəssürat var ki, o kitabların da hər biri məni tanıyır.
Kitab küskünlüyü
Son zamanlar deyirlər ki, bizdə kitaba maraq azalıb, həvəs itib. Mənə elə gəlir ki, əksinədir. Kitab özü bizdən küsüb.
Kitab və illüziyalar aləmi
Anatol Frans yazırdı ki, “xoşbəxtliyin resepti illüziyasız yaşamaqdır”. Kitab da gərək illüziyalar yaratmasın. İllüziyalar yaradan kitab bədbəxtlik carçısıdır.
Kitab və oxucu
Bəzən kitab oxucunu zorlayır. Bəzən də əksinə olur.
Beş böyük rus romanı
Mənim üçün rus ədəbiyyatının ən böyük romanı “Hərb və sülh”dür. Mən bu cümləni yazdım və fikrimdə beş böyük rus romanı canlandı: “Hərb və sülh”, “Oblomov”, “Sakit Don”, “Ustad və Marqarita”, “Peterburq”. Qəribədir (bəlkə burada qəribə bir şey yoxdur?!), mənim bu siyahımda Dostoyevski yoxdur.
Ən böyük kitab
İlahi kitablardan sonra, bəşərin yaratdığı ən böyük kitab “Don Kixot”dur. Yer kürəsində kimlər yaşayır, necə yaşayır, insan nə olan şeydir, xislət nələrə qadirdir, həyatın mənası nədir, sevinc nədir, kədər nə, məhəbbət nə olan şeydir, bəs riya, fariseylik, sədaqət, qəhrəmanlıq, alicənablıq və sair və ilaxır. Başqa bir sivilizasiyanın bu və minlərlə (!) bu kimi suallarına ən dəqiq cavabı “Don Kixot” verə bilər.
Sabirin dahiliyi
Sabirin dahiliyi yalnız onda deyil ki, köhnə formaya yeni mövzu və məzmun gətirdi (bu, öz yerində!), əsas ondadır ki, mollaxana təhsili görmüş və müəllimliklə bərabər, primitiv şəkildə sabun bişirib satan bu adam üçün “Əcnəbilər seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz” psixologiyası son dərəcə doğma idi, içindən qopub gələn mənəvi ehtiyacın ifadəsi idi, onun istedadının tərkib hissəsini təşkil edirdi.
Dahiyanə sadəlik
Böyük məhəbbət şairləri var, məhəbbət haqqında bu qədər yazılıb, amma naməlum bir müəllifin (xalqın!) dediyini:
“Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın”,
- kim deyib? Hər halda mən belə bir dahiyanə sadəliyə, səmimiliyə yazılı ədəbiyyatda rast gəlməmişəm.
“Ağ gəmi”ni oxuyandan sonra
Çingiz Aytmatovun “Ağ gəmi” povestini oxudum. Çingiz “Cəmilə”ni yazanda Azərbaycanda onun ədəbi nəslindən olan və ondan daha yüksək bədiiliklə, ondan daha dərinliklə yazan yazıçılar var idi.
Ancaq Çingiz əsərdən-əsərə dərinlərə getdi, bizimkilər isə əsərdən-əsərə üzə qalxmağa başladılar.
Mən səbəbini tapa bilmirəm.
Mənim hekayə antologiyam
Bu gün günorta Yazıçılar İttifaqında partiya iclası gedirdi və mən də - tamam başqa bir aləmdə idim. Fikrimdə hər yazıçıdan bir hekayə götürmək şərtilə “Azərbaycan hekayə antologiyası” tərtib edirdim:
Füzuli “Şikayətnamə”
Mirzə Fətələli Axundov “Aldanmış kəvakib”
Cəlil Məmmədquluzadə “Poçt qutusu”
Əbdürrəhim bəy Haqverdiyev “Bomba”
Süleyman Sani Axundov “Qaraca qız”
Abdulla Şaiq “Məktub yetişmədi”
Süleyman Rəhimov “Su ərizəsi”
Mehdi Hüseyn “Rəqiblər”
İlyas Əfəndiyev “Qırçı və qızıl gül”
İsa Hüseynov “Plyajda”
Salam Qədirzadə “Xəzan yarpaqları”
Anar “Keçən ilin son gecəsi”
Yusif Səmədoğlu “Foto “Fantaziya”
Və nəhayət:
Elçin “Parisdə avtomobil
qəzası”
(Dünən gecə, yəni avqustun 17-də gözəl Şüvəlanda bu hekayənin nöqtəsini qoydum).
Əlbəttə, bu hekayələrdən biri nisbətən yüksək səviyyədədir, o birisi nisbətən az, amma elə bilirəm ki, bunlar bir yerdə Azərbaycan hekayəsi barədə təsəvvür yaradır.
Ağabəyim Ağanın beyti
Bu gün 44 yaşım tamam olur və səhər yuxudan oyandığım dəqiqədən Ağabəyim Ağanın məşhur beyti fikrimdə dolaşır:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi?...
Atam deyir ki, Cəlil dayı da (İlyas Əfəndiyevin dayısı, görkəmli teatr xadimi Cəlil bəy Bağdadbəyov) tez-tez bu beyti yadına salırmış... Bu iki misrada cəmi doqquz sözdən istifadə olunub (qalanı təkrardır) və ədəbiyyat dediyimiz sirri-xuda da elə burasındadır: bu doqquz söz səni əfsus və heyhatlarla dolu elə bir qəmli-qüssəli hisslər aləminə çəkib aparır ki, doqquz yüz, hətta doqquz min söz də bunu ifadə etməkdə acizdir. Və bu yerdə ədəbiyyatla zaman qəribə bağlarla (estetik bağlarla!) bir-birinə bağlıdır: on il bundan əvvəl – mənim 34 yaşım tamam olanda yəqin ki, bu hisslər aləmi mənim üçün bir o qədər dərin deyildi, on il bundan sonra da – Allah bu ömrü mənə qismət etsə - olsun ki, bu iki misranın gözəlliyi mənim üçün daha artıq olacaq (bədiiliyi artacaq!?) və o hisslər aləmi də dəyişəcək (dərinləşəcək!?).
Osman Sarıvəllinin iki misrası
On-on beş il bundan qabaq – onda universitetin tələbəsi idim, qarışqaların həyatı barədə nə qədər elmi, elmi-kütləvi ədəbiyyat var idisə, tapıb oxuyurdum və bu qarışqa həyatı mənim üçün dünyanın qəribə möcüzələrindən biri idi, amma bu da bir qəribə əhvalatdır! Mən hər dəfə qarışqa görəndə, yadıma o elmi ədəbiyyat yox, Osman Sarıvəllinin iki misrası düşür:
Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm, aparar məni...
Özü də bu iki misra, əslində, qarışqaya həsr olunmayıb, dünyanın min bir üzünü görən, şaxtasına-boranına düşən insana həsr olunub, amma burada mənim üçün qarışqanın (hambal qarışqanın! Zəhmətkeşin!) gözəl bir obrazı var.
Çexov mənim üçün kimdir?
Çexov mənim üçün ilk növbədə dahi dramaturqdur və yalnız bundan sonra böyük hekayəçi.
Mirzə Fətəli, Mirzə Cəlil və Üzeyir bəy
İndicə M.F.Axundov haqqında essenin son nöqtəsini qoydum.
XIX-XX əsr Azərbaycan mədəniyyəti tarixində mühüm (və bədii estetik baxımdan çox maraqlı) bir cəhət üç böyük sənətkar - M.F.Axundov, C.Məmmədquluzadə və Ü.Hacıbəyov üçün səciyyəvidir (deməli mədəniyyət tariximiz, ədəbiyyatımız üçün səciyyəvi bir hadisədir!).
Mirzə Fətəli altı komediyası ilə keçən əsrin ortalarına qədər Azərbaycan xalqının (qədim və zəngin ədəbiyyata malik bir xalqın) tanımadığı bir janrı – dramaturgiyanı həmin xalqın ədəbiyyatının milli faktoruna çevirdi.
Mirzə Cəlilə qədər Azərbaycan hekayəsi mövcud idi (Füzulinin “Şikayətnamə”si, Mirzə Fətəlinin “Aldanmış Kəvakib”i – hərçənd tənqidimiz bəzən bu əsərlərin janrını başqa cürə müəyyənləşdirir – və s.), amma bir janr kimi formalaşmamışdı və Mirzə Cəlil “Poçt qutusu”yla, “Qurbanəli bəy”lə, “Pirverdinin xoruzuy”la, “Saqqallı uşaq”la nəinki bu janrı formalaşdırdı, onu Azərbaycan ədəbiyyatının, hərgah belə demək mümkünsə, milli janrına çevirdi.
Və bu sənətkarların istedadı sayəsində xalq bu yad (!) janrları dərhal qəbul etdi və nəinki qəbul etdi, Hacı Qara, yaxud Qurbanəli bəy, yaxud Məşədi İbad – Molla Nəsrəddin və ya Bəhlul Danəndə kimi xalqın bədii qəhrəmanlarına çevrildi.
Sənətkar ölmür
Adətən deyirlər: sənətkar ölmür. Təbii ki, bu, məcazi mənada deyilən bir sözdür.
Ancaq kitabla bağlı bu sözdə çox böyük əyanilik var: əgər mən bu gecə olduğu kimi, yenə kitabı götürüb Molla Nəsrəddinin felyetonlarını oxuyuramsa, əslində bu, o deməkdir ki, Mirzə Cəlil bu gecə mənim evimə gəlib və mən onunla söhbət edirəm.
Herodat və bu gün
Heradotu oxuduqca fikirləşirəm ki, təkcə müasir dünyanı yox, ümumiyyətlə, xisləti hiss və dərk etmək üçün, tarixi bilmək lazımdır.
Şekspir haqqında
Şekspir olmasaydı, ingilis ədəbiyyatı buz bağlayardı.
“Mənfi qəhrəman” müsbət işlər görür
Hacı Qara da, Məşədi İbad da, Qurbanəli bəy də “mənfi qəhrəman”lardır.
Amma bir anlıq təsəvvür edək ki, Azərbaycan ədəbiyyatında nə Hacı Qara var, nə Məşədi İbad var, nə də Qurbanəli bəy. Gör o zaman Azərbaycan mənəviyyatı nə qədər kasıblayır.
Kitab cəmiyyətin ifadəsidir
Bu gün cəmiyyət başdan-başa siyasiləşib və o adam ki, on il bundan əvvəl yatsa, yuxusuna gətirməzdi, indi nadan siyasi mülahizələr yürüdür. Və bu gün kitablar da siyasiləşib. Ona görə də onları oxumaq mümkün deyil.
Özümlə söhbət
- Dünya ədəbiyyatında ən böyük pərişanlığı kim keçirib?
- Annanın ölümündən sonra Vronski.
- Axı, Anna öləndən sonra, demək olar ki, roman bitir.
- Nə olsun?
Poeziya haqqında
Poeziyaya qiymət vermək üçün, yalnız dil bilmək (həm də mükəmməl bilmək!) kifayət deyil.
Yalnız sözləri başa düşməklə poeziyaya qiymət vermək olmaz.
Poeziyanı gərək hiss edəsən, onu misralarla birlikdə yaşayasan.
Bunun üçün isə, o dillə doğulmaq lazımdır.
Poeziya ilə insan arasında genetik doğmalıq olmalıdır.
Yazıq Koroğlu, bədbəxt Qaçaq Nəbi
Elə yazıçılar var ki, xalqın məişətini, etnoqrafik detalları kitablardan öyrəniblər və onların yazılarını oxuyanda məndə elə bir təəssürat yaranır ki, elə bil, Koroğlu boynuna qalstuk taxıb,yaxud Qaçaq Nəbi başına şlyapa qoyub...
Özümlə söhbət
Uzun-uzadı əsrlərdən bəri Azərbaycan ədəbiyyatında sənin üçün ən faciəvi qəhrəman kimdir?
- Sabirin lirik qəhrəmanı.
Ədəbi yaddaş haqqında
Ədəbi yaddaş çox etibarsız bir şeydir. Rinq Lardner mənim üçün XX əsr Amerika ədəbiyyatında Kolduelldən sonra ən böyük novellaçıdır.
Ancaq bu gün Lardneri ancaq “ədəbiyyat xəstələri” xatırlayır.
Lardnerin novellaları sərbəst, azad, başdan-başa gözəl bir iddiasızlıq nümunəsidir. Ancaq iddiasız olmaq o demək deyil ki, unudulasan...
Mənim İdilliyam
Mənim bir xəyal dünyam var. Gecələr yerimə girib yuxum qaçanda, yaxud gündüzlər hansısa mənasız bir iclasda olanda (!) mən “Haydı!” deyib o dünyama yollanıram. O dünyada tərtəmiz bir dağ çayı şırhaşır axır. O dünyada payız təzəcə gəlib, sarısı hələ adda-buddadı, hələ xəzəl də seyrəkdi və üzü qışa gedən o ağaclar istisini də hələ itirməmiş günün altında qəribə (XX əsrdən çox uzaq və mənim gündəlik həyatımın telefon, maşın, televizor, diktafon, iclas, çıxış... kimi atributlarına tərs mütənasib) bir hiss-həyəcanla dolu kölgəlik salıb.
Və mən kölgəlikdə oturub qələmlə (makinada, ya diktafonda yox!) “Anna Karenina”nı Azərbaycan dilinə tərcümə edirəm...
Ali üçlük
Yazıçı, məlum məsələdir ki, özünü ifadə edir. Əgər söhbət istedadlı yazıçıdan gedirsə, o, özü ilə bərabər, xalqını ifadə edir.
Böyük yazıçılar bəşəri ifadə edir.
Bu mənada mənim üçün ən böyük bəşəri yazıçılar:
Qoca Tolstoy.
Şekspir.
Servantes.
Tanışlıq
Məndə elə bir hissiyyat var ki, kitabxanamdakı bəzi kitablar məni tanıyır.
İki dünya
Fikirləşirəm ki, bizim bu dünyamızda əslində iki dünya var:
Ölü dünya və canlı dünya.
Və iki tip də yazıçı var: ölü dünyadan yazan yazıçılar və canlıdünyadan yazan yazıçılar.
“İnsanlıq komediyası”
“Min bir gecə”dirmi?
Balzak yazırdı ki, - “Mənim romanlarım Qərbin “Min bir gecə”sidir”.
Güman edirəm ki, Balzak yanılırdı.
“Min bir gecə”nin bünövrəsində bir sevinc, həyatdan ləzzət almaq şövqü gizlənib.
Balzak yaradıcılığının bünövrəsində isə mənim üçün aşkar bir kədər var.
Ədəbi məmulat haqqında
Bəzi kitablar əxlaqsız qadınlar kimidir, əldən-ələ keçir.
Roman haqqında
Elə romanlar var ki, elə bil, anadan ölü doğulur.
Oxumaq xoşbəxtliyi
Sovet İttifaqının tar-mar olması mənim üçün bir də ona görə əlamətdardır ki, istədiyim kitabı açıq şəkildə axtarıb tapa və oxuya bilirəm.
Çirkli assosiasiya
Kitab var ki, gözəl bir qadına bənzəyir. Ancaq bir-iki səhifədən sonra görürsən ki, onun alt paltarı çirklidir...
Bəybala Ələsgərov,
tarix elmləri doktoru