PORTRET

“Əgər yeni uşaq verilişlərini açmaq mümkün deyilsə, olanları yaxşılaşdırmaq lazımdır”

  • 06.07.2023

“Uşaq psixologiyasını bilən aparıcılar, müəlliflər, ssena­ristlər, rejissorlar, prodüser­lər lazımdır”. Bu fikirləri pro­fessor Qulu Məhərrəmli “Yeni Müsavat”ın əməkdaşı Xalidə Gəraya müsahibəsində qeyd edib.
Məlum olduğu kimi, məktəblilər artıq yay tətilinə buraxılıblar. Onlardan bəziləri rayon və kəndlərə dincəlməyə getsə də, bir qismi bu cür şansdan məhrumdur. Çünki ya valideynləri çalışır, ya rayon və kəndlərdə qohumları yoxdur, ya da ki, valideynlərinin istirahət imkanları yoxdur. Nəticədə həmin uşaqlar günlərini həyətdə oynamaqla, ya da televiziya qarşısında keçirirlər. Lakin televiziya qarşısında vaxt keçirən uşaqların da sayı azlıq təşkil edir. Bəziləri bunu müasir texnologiyaların inkişafı ilə əlaqələndirsə də, təbii ki, əsas səbəblərdən biri yerli televiziyalarda uşaq verilişlərinin sayının çox az olmasıdır.
Ekran qarşısında olanlar da daha çox Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanallarını seyr etməyə üstünlük verir. Çünki yerli uşaq verilişlərinin səviyyəsi o qədər də qənaətbəxş və yaxud cəlbedici deyil. Əlbəttə ki, bu da uşaqların dünyagörüşünün, danışıq tərzinin formalaşmasına, düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb.
Qeyd edək ki, əksər dünya ölkələrində uşaq verilişlərinə xüsusi diqqət ayrılır. Məsələn, 1971-ci ildən Almaniyada 4-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan, ən müxtəlif mövzulardan bəhs edən “Telesiçan” verilişi “millətin məktəbi” adlandırılır. 1969-cu ildə yaradılan, 3-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan Amerika istehsalı “Sezam küçəsi” dünyada ən populyar uşaq verilişlərindəndir. Burada uşaqlar yazıb-oxumağı, dünyanın dərki yollarını, ünsiyyət qurmağı, konfliktin sülh yolu ilə həllini öyrənirlər. Balacaları həyata hazırlayan verilişin Avropadan tutmuş Latın Amerikasınadək hər yerdə yerli versiyası hazırlanır. Veriliş ilk illərdə kasıb ailələlərin uşaqlarının təhsilinə kömək məqsədilə yaradılıb.
Ölkəmizə gəldikdə isə xatırladaq ki, köhnə sovet dövründə Azərbaycan televiziyasında “Biləyən”, “Piri babanın nağılları”, müstəqillik illərində isə “Sehirli güzgü”, “Hər birimiz bir çiçək” adlı verilişlər populyarlıq qazanmışdı. 2015-ci ildən isə ölkədə “ARB Günəş” televiziyası yayımlanmağa başladı. Qeyd edək ki, “ARB Günəş” Azərbaycanda fəaliyyətə başlayan ilk uşaq televiziya kanalıdır. Burada uşaqlar üçün müxtəlif əyləncəli verilişlər, əsasən əcnəbi cizgi filmləri yayımlanır. “Xəzər” kanalında isə rəq­qasə-aktrisa Oksana Rəsulovanın təq­dimatında həftədə bir dəfə “Xoşbəxt sabahlar” verilişi yayım­lanır. Proqram həm validey­nlər, həm uşaqlar üçün nəzərdə tutulub. Lakin proqramın böyük hissəsi daha çox böyüklərə məsləhətdən ibarətdir.
ATV kanalında “Bir balaca oyun” adlı əyləncəli maarifçi proqram yayımlanır. Bu proqram da nisbətən yuxarı yaş qrupu üçün nəzərdə tutulub. Dinamik, əyləncəli proqramda böyüklər uşaqlar tərəfindən sınağa çəkilir və onlara suallar ünvanlanır. Qonaqlar əsasən televiziya, incəsənət sahəsində tanınan şəxslər olur.
“Mədəniyyət” kanalında isə Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Səriyyə Mansurovanın aparıcılığı ilə həftəiçi hər gün “Nağıl vaxtı” verilişi yayımlanır. Bu proqramı format etibarilə klassik verilişlərdən biri hesab etmək olar. Verilişdə uşaqlara nağıl oxunur, sonra isə cizgi filmi göstərilir.
İctimai Televiziyada uşaqlar üçün iki - “7 şüşə” və “Biləndər” verilişləri yayımlanır. “7 şüşə” hərəkətli, uşaqların fiziki imkanlarını, çevikliyini ortaya çıxaran yarışmadır. Geniş yayılmış bu komanda oyunu uşaqlarda rəqabət hissini, mübarizliyi gücləndirir. Fərid Rzayevin aparıcılığı ilə yayımlanan “Biləndər” verilişində isə uşaqlara həyat, fəlsəfə, məişət haqqında suallar verilir.
Digər televiziya kanallarında isə uşaq verilişlərinə rast gəlmək mümkün deyil. Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Hesab edirəm ki, Azərbaycanda tədris, mədəniyyət və xüsusən də uşaq verilişlərinə hər zaman ehtiyac var. Əgər yenisini açmaq mümkün deyilsə, olanları yaxşılaşdırmaq lazımdır.
Məsələn, diqqət edək, bizdə hansı populyar uşaq verilişi var ki, valideynlər və uşaqlar ona maraqla baxırlar və yaxud uşaqlar ondan nəsə öyrənirlər? Fikrimcə, indiki halda xüsusi olaraq uşaq kanalının açılmasına ehtiyac yoxdur, lakin müəyyən, xüsusən də büdcədən maliyyələşən televiziyalar ekranlarında uşaq saatı ayırsınlar. Məsələn, bir və ya saat yarımlıq uşaq verilişi edə bilərlər.
Lakin qeyd edim ki, uşaq verilişlərini hazırlamaq elə də asan deyil, burada çox sayda təşkilati işlər, xüsusi heyət tələb olunur. Yəni, uşaq psixologiyasını bilən aparıcılar, müəlliflər, ssenaristlər, rejissor­lar, prodüserlər lazımdır.
AzTV-nin və yaxud bir sıra bağlanmış kanalların, o cümlədən ANS TV-nin xeyli maraqlı uşaq verilişləri olub. Həmçinin vaxtilə uşaqlara bilik verən, əyləndirən radio verilişləri olub, uşaqlar da məmnuniyyətlə onları izləyib. “7-dən 77-yə” kimi maraqlı müsabiqələr olub. Hesab edirəm ki, ən yaxşı yenilik unudulmuş köhnəliyi bərpa etməkdir.
Əgər televiziyalar bunu edə bilmirsə, istehsal studiyaları var, hansı ki biz onlara prodakşnlar deyirik, həmin prodakşnlarla müqavilə bağlayıb, uşaq verilişlərini hazırlayıb, televiziyaya sata bilərlər. Yəni məsələnin yolunu tapmaq, olan büdcədən səmərəli istifadə edib, maraqlı uşaq verilişləri hazırlamaq mümkündür".