PORTRET

Dünyamalı Vəliyev (1942-2023)

  • 09.08.2023

Azərbaycan iqtisad elminin görkəmli simaları

 

Görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev 1942-ci il martın 13-də Borçalı mahalının Qasımlı kəndində anadan olmuşdur.
İqtisadiyyat sahəsində dəsti-xətti, xidmətləri ilə seçilən Dünyamalı Vəliyev özünəməxsus yaradıcılıq üslubu ilə xüsusi iz qoymuş nüfuzlu ziyalılarımızdan idi.
Oxumaq arzusu, ali təhsil almaq istəyi onu doğma Qasımlı kəndindən paytaxta gətirmişdi. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) İqtisad fakültəsinin Maliyyə və kredit şöbəsində ali təhsil alıb. Uzun illər Azərbaycanda bank sektorunda, ali təhsil müəssisələrində çalışıb.
İqtisadçı alim olmaq, maarifə xidmət etmək kimi şərəfli bir qismət onun taleyinə əvvəlcədən yazılmışdı. O, təhsilini davam etdirmək, təcrübəli mütəxəssis olmaq məqsədilə 1964-cü ildə universiteti bitirdikdən sonra istehsalatdan ayrılmadan Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda aspiranturaya daxil olaraq, 1971-ci ildə “Müasir Türkiyənin dövlət borcları” adlı dissertasiya işini müdafiə edib, iqtisad elmləri namizədi alimlik dərəcəsi almağa müvəffəq olub. 1979-cu ildə Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda çalışmağa başlayıb. Burada baş elmi işçi, şöbə müdiri və institutun elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərib.
1971-1979-cu illərdə Rostov-Don Dəmir Yolları İnstitutunda dosent vəzifəsində çalışmışdır.
O, 1979-1992-ci illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri və institutun elmi işlər üzrə direktor müavini işləmişdir. Dünyamalı Vəliyev qardaş Türkiyə Respublikasının iqtisadiyyatına böyük maraq göstərmiş, Türkiyə iqtisadiyyatının müxtəlif problemləri üzərində elmi-tədqiqat işləri aparmış, bunu sanballı kitabları ilə sübuta yetirməyə çalışmışdır. Şübhəsiz, həmin əsərlər bu sahəyə maraq göstərən tədqiqatçılar üçün də olduqca dəyərlidir. Bunlardan “Dövlət maliyyəsi və Türkiyənin sosial-iqtisadi inkişafı”, “Türkiyə-Turqut Özal: iqtisadi möcüzələr” adlı kitabaları təqdirəlayiqdir. İqtisadçı alim olmasına baxmayaraq, Dünyamalı müəllim yaradıcılığının bir qismini müxtəlif ictimai-siyasi, hətta ədəbi mövzulara həsr etmişdir. Bunların əsas qayəsini isə vətənpərvərlik, gənclərə vətən sevgisi kimi müqəddəs amallara çağırış motivləri təşkil edir.
Vətənpərvərlik onun həyatının mənası idi. 1989-1992-ci illərdə ölkəmizdə milli-azadlıq hərəkatı baş qaldıranda, o da bu proseslərdə öz qələmi ilə yaxından iştirak etmişdir. 1991-ci ildə türk professoru Utkan Qocatürkün “Atatürk” kitabını Azərbaycan dilinə çevirmiş, insanları azadlığı, müstəqilliyə səsləyən ön söz yazmış, qardaş ölkənin sosial-iqtisadi həyatı ilə maraqlanan geniş oxucu kütləsinə ərməğan etmişdir. Müəllif kitaba yazdığı ön sözdə atatürkçülüyün, kamalizmin mahiyyətini açıqlamış, Azərbaycan və Türkiyə arasında əlaqələrin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi zərurətini önə çəkmiş, insanları azadlığa, müstəqilliyə səsləyən fikirlərə geniş yer vermişdir.
Məlumdur ki, xalqımız uzun illər erməni təcavüzünə məruz qalmış, min bir əzab-əziyyət çəkmişdir. Müəllif bütün bu haqsızlıqlara göz yuma bilmir, ürək ağrısı ilə yaşayır, bütün bu vəhşilikləri dünya birliyinə çatdırmaq üçün özünün növbəti – “Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada hadisələrin və faktların xronikası” adlı kitabını yazır. Böyük zəhmətlə ərsəyə gələn kitabda hadisələr real faktlara söykənərək xronoloji ardıcıllıqla verilib. Kitab ərəb dilinə tərcümə edilərək ərəb ölkələrində də geniş yayılmışdır. “İslam Konfransı Təşkilatı” yeganə beynəlxalq təşkilatdır ki, erməni vəhşiliklərini ilk dəfə olaraq “təcavüz” adlandırmışdır ki, məhz bu məsələdə adıçəkilən kitabın da rolu danılmazdır.
D.Vəliyev 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinbetində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri olmuş və ölkəmizdə beynəlxalq iqtisadi münasibətlər sahəsində normaativ aktların hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.
Mənalı ömrünü maarifin, iqtisadiyyatın inkişafına həsr etmiş alimin iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 1995-ci ildən Azərbaycan Universitetində “İqtisadiyyat” kafedrasının müdiri olmuş Dünyamalı Vəliyev həm də sanballı dərsliklərin müəllifidir: “Beynəlxalq iqtisadiyyat” (1998), “Beynəlxalq maliyyə”(2000), “Vergi hüququ” (2003) kitabları Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.
“İpək yolu” jurnalının redaktoru olmuş, İpək yolu, onun Azərbaycan iqtisadiyyatında rolu, qloballaşma və onun nəticələri haqqında çoxsaylı məqalələr yazmışdır. Doktorluq işi “Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitinə inteqrasiyanın aktual problemləri” mövzusuna həsr edilmişdir. “Karyera: şəxsi müvəfəqiyyətin strategiyası” adlı kitabı gənclər tərəfindən rəğbətlə qarşılanmışdır.
O, Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib.
2010-cu ildə AMEA-nın İqtisadiyyat İnstitutunda "Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə elmlər doktoru dərəcəsi alıb.
20 kitab və 100-dən çox məqalənin müəllifidir, 50 ildən artıq bu sahədə yorulmadan çalışmış, xalqımızın elm xəzinəsinə öz məhsuldar qələmindən töhfələr vermişdir.
Görkəmli iqtisadçı alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev 11 iyun 2023-cü il tarixində dünyasını dəyişib.
Dünyamalı Vəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.