Əlif Hacıyev
Qarabağın görkəmli simaları
Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur.
1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-1984-cü illərdə Belarusiya DİN-in və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-in Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirmişdir. DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər. Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib, öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir. 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdir. O, 1989-cu ilin fevral ayının 20-də əfv olunaraq azadlığa çıxmışdır.
Əlif Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək, erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.
Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər hava limanını zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanının binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr verir ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.
1992-ci il fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat 5-ə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib, ona demişdir: “Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan”.
Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi. Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən erməni gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.
Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı. Onun Nazim adlı işçisi Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü. Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: “Əgər bilsələr, bu, Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də o, Hacıyevin cəsədini maşında digər meyidlərin altında gizlədib gətirmişdi.
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, “Qızıl Ulduz” medalı ilə (ölümündən sonra) təltif edilmişdir.
Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır. Haqqında “Əlif. Xocalı” adlı sənədli film çəkilib.