Valeh Bərşadlı (1927-1999)
Qarabağ uğrunda döyüşən qəhrəmanları unutmayaq!
Azərbaycanın müdafiə naziri, general Bərşadlı Valeh Əyyub oğlu 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. O, Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. O, 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.
Azərbaycan Silahlı Qüvvələrinin zirehli tank texnikası xidmətinin yaradıcılarından olan, ehtiyatda olan polkovnik Ramiz Məmmədov general-leytenant Valeh Bərşadlının Azərbaycan ordusunun yaradılmasında iştirakı ilə bağlı xatirələrində yazmışdır: “Yadımdadır ki, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından öncə yaradılan dövlət komissiyasının sədri, mərhum general-mayor Məhəmməd Əsədovun tapşırığı ilə komissiyanın üzvü olan Valeh Bərşadlı bölgələrdə erməni təcavüzkarlarına qarşı özünümüdafiə taborlarının yaranması ilə əlaqədər ön xətdə mobilliyi və silahlanmanı, onların döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsini diqqət mərkəzində saxlayırdı. Bununla yanaşı, Valeh Bərşadlı Ali Sovetin deputatı olduğu üçün plenar iclaslarda çıxış edir, özünümüdafiə taborlarını silah və texnikalarla təchiz etmək üçün dövlətin köməyini istəyirdi.
1991-ci ildə Nazirlər Şurasının müvafiq qərarı və general-leytenant Valeh Bərşadlının rəhbərliyi ilə özünümüdafiə taborlarının silah və texnikalarla təchiz olunması istiqamətləri müəyyən edilərək, vaxtı ilə orta məktəblərdən yığılan və Daxili İşlər Nazirliyinin anbarlarında saxlanılan, kiçik çaplı təlim silahlarının müvafiq maşınqayırma zavodunda döyüş vəziyyətinə gətirilməsi üzrə işlər aparıldı.
General-leytenant Valeh Bərşadlının rəhbərliyi ilə özünümüdafıə taborlarının gənc əsgərləri, ilk növbədə C.Naxçıvanski adına hərbi internat məktəbində hazırlanmış əsgərlər taqım komandiri, polkovnik Sadiq Paşayevin rəhbərliyi ilə Qubadlı rayonuna - Milli Qəhrəman Əliyar Əliyevin taboruna göndərilmişdi. Mərhələli plan əsasında Laçın özünümüdafiə taborlarının gənc əsgərləri hazırlanırdı.
1991-ci il sentyabr ayının 5-də V.Bərşadlı Müdafiə Naziri təyin olunduqdan sonra Müdafiə Nazirliyinin təşkilatlanması və komplektləşdirilməsi təşkil olundu.
Onun əmri əsasında, 1991-ci il sentyabr ayının 15-də tankçı ixtisası üzrə vətənpərvər vətəndaşların könüllü olaraq Milli Orduda xidmət keçməyə cəlb edilməsi barədə Respublika Hərbi Komissarlığına göstərişlər verildi.
Müdafiə naziri, general-leytenant Valeh Bərşadlının əmri əsasında Əlahiddə Tank Taboru 18111 nömrəsi ilə təsis olunmuşdu.
Azərbaycan Respublikasının Milli Özünümüdafiə Qüvvələrinin əsasnaməsi və Azərbaycan Respublikasının Əmək Məcələsinə əsaslanaraq, özünümüdafiə qüvvələrində xidmətkeçməni tənzimləyən ikitərəfli müqavilə hazırlanmışdı.
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna əsasən, müdafiə naziri Valeh Bərşadlının 6 oktyabr 1991-ci il tarixində imzaladığı əmrə əsasən, Azərbaycan SSR-in Hərbi Komissarlığı tərəfindən avqust ayında hazırlanmış siyahılar üzrə səfərbərliyə başlandı. Yeni yaranmış tank taboru 1991-ci il oktyabr ayının 20-dən ilkin hərbi geyim və ləvazimatlar, əmlaklarla tədricən komplektləşdirildi.
General Valeh Bərşadlının əmri əsasında Əlahiddə Tank Taborunun şəxsi heyəti nəzəri biliklərinin möhkəmləndirilməsi məqsədi ilə rotasiya qaydasında döyüş bölgələrində iki həftəlik təcrübə keçmək üçün Goranboy və Ağdama ezam olunurdu.
Müdafiə Nazirinin növbəti əmri əsasında, 1991-ci il 15 noyabr tarixindən Keşlə qəsəbəsinin ərazisində yerləşən, SSR Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin ərazisi qəbul edilərək, həmin ərazidə komplektləşmə davam etmişdi.
Əfsus ki, 1991-ci ildə respublikamızda yaranmış gərgin siyasi vəziyyətdən Müdafiə Nazirliyi də zərbələr aldı. 1991-ci ilin noyabr ayında güclənən mitinq dalğası ictimai həyatın bütün sahələrini əhatə edirdi. O cümlədən, ilk qədəmlərini atan Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına da yerli-yersiz tənqidi fikirlər söylənir, siyasi məqsədli qarayaxma cəhdləri göstərilirdi. Nəhayət, bir neçə mitinqdən sonra Azərbaycan Xalq Cəbhəsinin liderləri Müdafiə Nazirliyinin fəaliyyətinə qarşı öz etiraz səslərini daha da ucaldaraq, müdafiə nazirinin istefa tələbini irəli sürdülər. Son nəticədə general-leytenant Valeh Bərşadlı istefa verdi.
1992-ci il mart ayının 17-də müdafiə naziri təyin edilmiş, lakin Şuşa işğal edildikdən sonra çıxılmaz vəziyyətdə qalan Rəhim Qazıyevin əmri əsasında general-leytenant Valeh Bərşadlı Baş Qərargah rəisi vəzifəsinə gətirildi. Bundan sonra Bərşadlının planlaşdırdığı müəyyən istiqamətlərdə döyüş əməliyyatlarının müsbət nəticələri oldu.
Lakin orduda baş verən hərc-mərcliyi görən general Bərşadlı ordu quruculuğundakı nöqsan və çatışmazlıqlarla barışmayaraq, 1992-ci ilin iyul ayında istefa verdi. Azərbaycan Silahlı Qüvvələri general-leytenant Valeh Bərşadlının timsalında bir savadlı, bacarıqlı kadrını itirmiş oldu.
General-leytenant Valeh Bərşadlı 1999-cu il mayın 15-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.