Qocaman iqtisadçı pedaqoqun həyat yolu
Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” əsərində yazır ki, Makedoniyalı İsgəndərdən soruşurlar ki, “atanı çox sevirsən, yoxsa müəllimin Aristoteli?” İsgəndər cavab verir ki, müəllimimi. Səbəbini belə izah edir ki, atam məni fani dünyaya gətirib, amma müəllimim isə mənə əbədiyyət bəxş edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu” kafedrasının dosenti, iqtisad elmləri namizədi, qocaman pedaqoq Əli Adışirin oğlu Sadıqovun adı Azərbaycan iqtisad-maliyyə sferasında çalışan ziyalılara yaxşı tanışdır. Uzun illərdən bəri Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu fənnini tədris edən Əli müəllimin bir neçə nəsil iqtisadçı-mühasibin yetişməsində böyük zəhməti olub. Həyatın sərt üzünü görmüş, çətin və keşməkeşli ömür yaşamış bir şəxs kimi Əli müəllimin həyatı və fəaliyyəti hər bir gəncə örnək ola bilər.
Sadıqov Əli Adışirin oğlu 19 avqust 1938-ci ildə Azərbaycan Respublikasının İmişli rayonunun Qızılkənd kəndində anadan olub. Repressiya illərində dünyaya gələn, uşaqlığı ailəsinin sürgün olunduğu Qazağıstanda keçən Əli Sadıqov 1946-cı ildə ailəsi ilə Vətənə qayıdaraq, doğulduğu İmişli rayonunda orta təhsil alır.
1957-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olur, 1959-1963-cü illərdə hərbi xidmətə yollanır.
1969-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirərək, doğma rayonunda işləyir, həmçinin həmin il Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun əyani aspiranturasını bitirir.
Baş mühasibin köməkçisi vəzifəsindən başlayaraq, addım-addım irəliləyən Əli müəllim 1966-cı ildən həyatını elmə həsr etməyi qərara alır və 1972-ci ildən 2018-ci ilədək ADİU-də çalışır. Taleyini bu ali təhsil ocağı ilə bağlayan Əli Sadıqov burada əsl məktəb keçir, bacarıqlı pedaqoq, zəhmətkeş alim kimi tanınır. Elmi-pedoqoji fəaliyyəti dövründə Əli müəllim 85-dən çox elmi məqalənin, 10-dan artıq dərslik və dərs vəsaitinin müəllifi olur. Fəaliyyətini elmi tədqiqat və metodiki işlə əlaqələndirən Əli Sadıqovun dərin nəzəri təhlilə, zəngin statistik, konkret materiallara əsaslanan müəllif əsərlərində, elmi tədqiqatlarında ölkədə mühasibat uçotunun problemləri, inkişaf yolları tədqiq edilib. Ömrünün böyük bir hissəsini iqtisadiyyat elminin nəzəri və praktiki problemlərinin tədqiqinə, ölkəmiz və iqtisadiyyatımız üçün zəruri olan mühasibat uçotunun təkmilləşdirilməsi məsələlərinə həsr edən pedaqoqun mühasibat uçotunun sosial-iqtisadi inkişafında roluna aid tədqiqat işlərinin nəticələri olan məqalələri elmi ictimaiyyətdə dərin maraq doğurub.
Mühasibat uçotunun ölkəmizdə inkişafına böyük töhfələr verən Əli müəllimin mənim həyatımda da əvəzsiz rolu olub. Uşaqlıq dövrlərimi xatırladıqca anlayıram, o, ilk olaraq məni qorxduğum hər şeydən qoruyan bir qəhraman – ata, daha sonra həyatda doğru ilə yanlışın nə olduğunu öyrədən bir həyat müəllimi idi. İlk atamdan öyrəndim mən güclü olmağı, öyrənməyi və öyrətməyi bu qədər sevməyi. Mən atamla sevdim müəllimlik peşəsini... Bu gün onun yolu ilə getməyin qürurunu daşıyıram ürəyimdə.
Atam həm də ölkəmizdə həyata keçirilən sosial-iqtisadi proseslərə əsl ziyalı məsuliyyəti ilə münasibət bildirərək, həmin proseslərin tədqiq olunmasına sanballı töhfə verib. Bu, onun oxuduğu mühazirələrdə, elmi məqalələrində öz əksini tapıb. Universitetdə pedaqoq kimi çalışdığı illər ərzində topladığı zəngin təcrübəsi, başlıca prinsipləri yüksək məsuliyyət, tələbkarlıq və çalışqanlıq olan elmi keyfiyyətləri onu insan kimi xarakterizə edir.
Öz elmi axtarışlarını pedoqoji sahədəki uğurlu fəaliyyəti ilə paralel şəkildə aparan bu gözəl insan təcrübəli pedaqoq, çoxcəhətli və çoxsahəli fəaliyyət göstərən əsl ziyalı idi. O, həmkarlarına və tələbələrinə qarşı səmimi, qayğıkeş münasibəti ilə onların rəğbətini qazanmış, fəaliyyəti, peşəkarlığı universitet rəhbərliyi tərəfindən dəfələrlə təşəkkürlərlə qiymətləndirilmişdi.
Atam son dərəcə ailəcanlı bir insan olmaqla, öz ailəsini, uşaqlarını çox sevirdi. Nəvələrinin tərbiyəsi, təhsili və qayğısı daim onun diqqət mərkəzində idi. İstər pedaqoq, istərsə də elm adamı kimi işinin çox olmasına baxmayaraq, o, həmişə uşaqlarının, nəvələrinin yüksək insani hisslərlə böyüməsinə, müasir dövrün tələblərinə uyğun təhsil almalarına və nəhayət, millət üçün yararlı insan kimi yetişmələrinə xüsusi fikir verirdi. Onun 6 övladı - 2 oğlu, 4 qızı, 10 nəvəsi və 7 nəticəsi var. Təsadüfi deyil ki, məndən başqa, qardaşım Tahir də məhz onun yolunu davam etdirir.
50-100 il sonra gələn nəsillər, universiteti bitirmiş məzunlar bu alimin böyüklüyünü, insanpərvərliyini, bəlkə də daha yaxşı dərk edəcəklər və onun tələbəsi olmuş şəxslərə qibtə edəcəklər. Qeyd edim ki, onun tələbələrinin bir çoxu onunla eyni və digər universitetlərdə pedaqoji fəaliyyət göstərirlər.
Uçot-iqtisad fakültəsini, mühasibat uçotu və audit ixtisasını bitirən bir məzun tapılmaz ki, onun peşəkar mühasib kimi formlaşmasında atamın rolu olmasın. Çünki o, elə bir alim və ata kimi formalaşmışdı ki, onun elmindən, savadından, intellektual qabiliyyətindən və müəllimliyindən hər kəsə pay düşüb. 100 il keçsə də, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu olacaq hər bir şəxs onun kitabları ilə tanış olduqdan sonra da bu sözləri qürurla və fəxrlə deyəcək. Onu müəllim və mənəvi ata adlandıranlar yanılmırlar, o, doğrudan da, əsl alim idi. Atam fikrini heç kimə zorla qəbul etdirməzdi, hər şeyi məntiqlə sübut edərdi.
19 avqust 2023-cü il tarixində atamın 85 yaşı tamam olacaqdı. O, bu günü səbirsizliklə gözləyirdi, yubileyləri öz dostları, həmkarları, qohumları, övladları, nəvələri və nəticələri ilə keçirməyi çox sevərdi. Çox heyif ki, amansız xəstəlik 23 may 2023-cü il tarixində onu bizdən aldı, bu xoş günü birlikdə yaşamaq bizə nəsib olmadı.
Allah sənə rəhmət eləsin, ATA. Məkanın cənnət olsun!
Azərbaycan Kooperasiya Unversitetinin
Mühasibat uçotu və audit kafedrasının
dosenti, i.e.n. Cəfərova Şəhla Əli qızı