Ziya Bünyadov - 100
O, DAHİLİK ABİDƏSİ İDİ
“Ziya Bünyadovun gördüyü iş, xalqımıza qoyduğu irs, onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”.
Heydər Əliyev
...Ziya Bünyadovun həyatdan getməsi bizim üçün böyük itkidir. Çünki o, xalqımızın XX əsrdə yetirdiyi ən görkəmli alimlərdən, ən görkəmli tarixçilərdən və ən görkəmli insanlardan biri idi. O, öz varlığı ilə elə bir nadir insan idi ki, böyük, şərəfli həyat yolu ilə elə bir yüksək səviyyəli şəxsiyyət adı almışdı ki, onun haqqında nə qədər çox desək də, yenə də tam qiymətini verə bilməyəcəyik. Bir daha deyirəm, o, xalqımızın XX əsrdə dünyaya gətirdiyi, xüsusi fitri istedada malik olan, eyni zamanda öz cəsurluğu, rəşadəti, zəkası, fədakarlığı, zəhmətkeşliyi, işgüzarlığı ilə cəmiyyətdə görkəmli yer tutmuş insandır.
Bir baxın, gənc ikən hərbi qulluğa həvəs göstərib, hərbi məktəbə gedibdir. Bu, onun xasiyyətinin bir cinahıdır, əvvəldən axıra qədər, ömrü boyu bu xüsusiyyət onu müşayiət edibdir. İkinci Dünya müharibəsi, Vətən müharibəsi başlayan kimi orduya gedib, müharibənin əvvəlindən sonuna qədər cəbhədə olub, döyüşüb, qəhrəmanlıq göstəribdir. Ziya Bünyadovun qəhrəmanlığı, cəsurluğu və eyni zamanda Allahın bəxş etdiyi aqibət onu müharibədən qəhrəmanlıqla çıxardı. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək, şərəfli ad aldı.
Ziya Bünyadovun Azərbaycan elmində öz dəst-xətti, öz yolu, müstəqil fikri olmuşdur və özünəməxsus böyük xidmətləri var. O, adi bir alim, adi bir professor deyildi. O, adi bir akademik deyildi. O, alimlərin, akademiklərin, professorların içərisində öz elmi yaradıcılığına, elmi əsərlərinə görə və elmdə tutduğu mövqeyinə, prinsipiallığına görə seçilən, fərqlənən bir alim idi.
Ziya Bünyadovun vəhşicəsinə qətlə yetirilməsi dəhşətli bir hadisədir. Qatil qatildir. Hər bir insanı qətlə yetirən insan qatildir. Ancaq bu cür qatillik hədsiz-hüdudsuz qatillikdir. Kimə qarşı? Ziya Bünyadov kimi şəxsiyyətə qarşı! Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir.
Nəhayət, belə bir cinayət, belə bir terror, belə bir qətl xalqımıza qarşı qətldir. Görünür ki, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı müstəqil bir dövlət kmi yaşatmaq, Azərbaycanda həqiqi demokratik, hüquqi dövlət qurmaq, Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızı öz el-obasına qaytarmaq yolu hələ çətin yoldur, ağır yoldur. Amma biz bu yol ilə gedirik, gedəcəyik, biz mübarizə aparırıq, aparacağıq və heç kəs iradəmizi sındıra bilməyəcəkdir, heç kəs bizi sarsıda bilməyəcəkdir!
Ziya Bünyadov öz yaradıcılığı ilə, öz böyük yolu ilə özünə böyük heykəl yaratmışdır, özünə böyük bir abidə qoymuşdur. Biz Ziya Bünyadovun xidmətlərini heç vaxt unutmayacağıq. Hesab edirəm ki, Ziya Bünyadovun Azərbaycan xalqı qarşısındakı xidmətləri günü-gündən daha geniş, daha parlaq açılacaq, görünəcəkdir. Ziya Bünyadovun gördüyü iş, xalqımıza qoyduğu irs, onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Mən Ziya Bünyadovun müqəddəs cənazəsi qarşısında baş əyirəm və sizi əmin edirəm ki, biz tutduğumuz yoldan dönməyəcəyik. Azərbaycanın milli azadlığı, dövlət müstəqilliyi bizim məqsədimiz, amalımızdır. Bu amal uğrunda Ziya Bünyadov fədakarcasına mübarizə aparıb şəhid oldu. Bu amal uğrunda axıradək mübarizə aparacağıq!
Görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovla vidalaşma mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqindən
23 fevral 1997-ci il
* * * * *
Hə ər xalqın, hər millətin özünü dərk etməsində, tərəqqisində nadir şəxsiyyətlərin həlledici rolu olub. Onların hər biri tarixin səhifələrinə öz möhürünü vurub, imzasını qoyub. Bu şəxsiyyətlər tarixin ayrı-ayrı dövrlərində yaşasalar da, məqsədləri, amalları bir olub - vətəninə, xalqına, millətinə təmənnasız xidmət etmək. Bəlkə də bu yadigar qalacaq insanların hamısını birləşdirən elə vətən eşqi olub. Çünki vətəni sevməyən, onun azadlığı, tərəqqisi üçün əlindən gələni əsirgəyənlərin həmişəlik yaddaşlarda yaşamaqları mümkün deyil.
Akademik Ziya Bünyadov Vətənin yetirdiyi oğullar arasında ən parlaq simalardan biri, bütün həyatı gələcək nəsillərə nümunə göstəriləcək əfsanəvi şəxsiyyət olmuşdur.
İstedadlı alim, görkəmli ictimai xadim, mütəfəkkir, qəhrəman, şəxsiyyət, sadə və gözəl insan... Bütün bunlar bir adama mənsub olsa da, hamısı böyük hərflə yazılmalıdır... Çünki Ziya Bünyadov, sözün əsl mənasında böyük alim, böyük insan, qeyrətli vətəndaş idi.
Ziya Bünyadov dünya miqyaslı alim idi. O, Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada elmin inkişafı üçün var qüvvəsilə çalışmışdır. Bu elm ocağına akademiklərdən Həmid Araslı, Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə və Ziya Bünyadov kimi görkəmli simalar rəhbərlik etmişlər.
Ziya Bünyadov ensiklopedik biliyə malik alimlərimizdən idi. Onu haqlı olaraq “bilik xəzinəsi” adlandırırdılar. O, orta əsrlər və mənbəşünaslıq üzrə elmi məktəbin banisi idi. Heç şübhəsiz ki, Z.Bünyadovun tədqiqatları dünya şərqşünaslıq elminin zənginləşməsinə uzun müddət xidmət edəcəkdir. Ona görə də XX əsrin II yarısında Şərq aləmində Ziya Bünyadov ən yüksək səviyyəli tədqiqatları ilə şərqşünaslıq elmini zənginləşdirən alimlərdən birincisi idi desək, səhv etmərik.
Ziya Bünyadovun xalq qarşısında xidməti həmçinin onun ictimai elmlərə böyük diqqət yetirməsilə bağlıdır. XX əsrdə Azərbaycanda digər elm sahələri kimi, ictimai elmlər də sürətlə inkişaf etmişdir. Bu gün də xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, iqtisadiyyatı ilə bağlı tədqiqatlar Azərbaycanın müstəqil dövlət kimi formalaşması, onun beynəlxalq aləmdə imicinin artması üçün son dərəcə vacibdir. Bu baxımdan akademik Ziya Bünyadovun geniş və məhsuldar fəaliyyəti hamı üçün nümunə ola bilər.
Ziya Bünyadov 50-ci illərin ortalarından ömrünün sonuna qədər ictimai elmlərin inkişafı, onun qorunması sahəsində əsl mübariz kimi çalışmışdır. O, Elmlər Akademiyasının vitse-prezidenti kimi respublikada ictimai və humanitar elmlərin inkişafı, onun inkişafının təkmilləşməsi, bu sahədə formalaşan alimlərin əsl vətənpərvər, ziyalı kimi yetişməsi üçün çox səylər göstərirdi.
O, ilkin orta əsrlər və orta əsrlər tariximizlə, dini dayaqlarımızla bağlı ən möhtəşəm əsərlərin həyat üzü görməsində fəal iştirak etmişdir.
Müqəddəs Qurani-Kərimin ana dilimizə çevrilməsində də Ziya Bünyadovun əvəzsiz xidmətləri olmuşdur. O, bu işi professor Vasim Məmmədəliyevlə başlayanda çox əziyyətlərlə üzləşməli olmuşdu. Bu müqəddəs kitabı yalnız mükəmməl, ensiklopedik biliyə malik olan insanlar tərcümə edə bilərdi. Bu vəzifəni yerinə yetirmək üçün Şərq aləmini, islam tarixini dərindən öyrənmək, ərəb dilini səlis bilmək lazım idi. Bütün bunlar isə Ziya Bünyadovda var idi və islam dünyasının müqəddəs kitabının yüksək səviyyədə çap olunmasına şərait yaratdı.
Təkcə bu fakt, yəni islam dininin müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcümə edilməsinə başçılıq etməsi Ziya Bünyadovun adının Azərbaycan xalqının tarixində əbədiləşdirilməsinə kifayət edərdi.
Ziya Bünyadov vətənpərvər, ana torpağına bağlı bir insan idi. Həm də bu müqəddəs bağlılıq onun dərin elmi tədqiqatları, Azərbaycan xalqının tarixinin düzgün araşdırılması ilə qırılmaz vəhdət təşkil edirdi.
Ziya Bünyadov bütövlükdə keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda da erməni millətçilərinin, erməni daşnaklarının haqsız iddialarına qarşı prinsipial mübarizə aparırdı. Böyük alim konkret, zəngin tarixi faktlar gətirməklə Azərbaycan xalqının ədalətli mövqeyi barədə beynəlxalq məclislərdə alovlu və əsaslı çıxışlar edirdi.
Ziya Bünyadov erməni millətçiləri üçün çox təhlükəli şəxsiyyət idi. Onun əsərlərində, hətta erməni mənbələrinə əsaslanaraq apardığı tədqiqatlarda ermənilərin yeritdikləri çirkin siyasətin mahiyyəti aşkar olunurdu. Tarixi saxtalaşdırmaqda, özlərini başqa millətlərdən üstün tutmaqda ad çıxarmış erməni tarixçiləri "Ziya Bünyadov həddi"ni aşa bilmir, yarı yolda ifşa olunurdular.
Bir hadisəni yada salmaq istəyirəm. 1966-cı ildə Elmlər Akademiyasının partiya konfransının iclası keçirilirdi. O vaxtlar mən EA İqtisadiyyat İnstitutunda işləyirdim, eyni zamanda EA Komsomol Komitəsinin katibi idim. Partiya konfransında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov da iştirak edirdi. Yaxşı yadımdadır, akt zalına qalxarkən pilləkənlərin üstündə Vəli Axundovla Ziya Bünyadovun səmimi və ciddi söhbətinin şahidi oldum. Ziya Bünyadov Vəli Axundova deyirdi ki, ermənilər məni rahat buraxmır, məni təhqir edir, mənə hücumlar edirlər, ancaq mən özümü başımla da, silahla da qorumağa hazıram... V.Axundov ona diqqətlə qulaq asdıqdan sonra yanındakı yoldaşlara nə isə tapşırdı...
Həmin il Ziya Bünyadovun böyük marağa səbəb olan “Азербайджан в VI-VII веках" monoqrafiyası çapdan çıxmışdı. Kitabda gətirilən faktlar, çıxarılan elmi nəticələr erməni millətçilərinin Azərbaycana qarşı bir sıra fitnəkar fikirlərini alt-üst edirdi. Ona görə də erməni millətçiləri Ziya Bünyadova qarşı hər cür fitnəkarlığa əl atırdılar. Amma Ziya Bünyadova bata bilmirdilər.
Bu gün Qarabağ probleminin kəskinləşdiyi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin ciddi problem kimi mövcud olduğu şəraitdə onun yeri necə də görünür. Çünki Ziya Bünyadovun sözünün kəsəri və qiyməti var idi. O, böyük alim, böyük ziyalı, böyük şəxsiyyət kimi insanları milli mənafe, milli birlik ətrafında birləşdirmək istedadına malik idi.
Ziya Bünyadovun nəhəngliyi respublikamız müstəqillik əldə etdikdən sonra özünü daha qabarıq büruzə verirdi. Həmin dövrdə respublikada ictimai-siyasi hadisələr çox gərgin inkişaf edirdi. Belə bir vəziyyətdə çoxları özünü itirir, tez-tez fikirlərini, mövqelərini dəyişir, necə deyərlər, külək əsən yerə səmt götürürdülər. Amma Ziya Bünyadov ömrünün son dəqiqələrinə qədər fikrindən dönmədi, heç kimin qarşısında əyilmədi. O, başa düşürdü ki, Azərbaycanın müstəqilliyini qorumaq üçün xalqın taleyilə oynamaq olmaz. O, meydana çıxan "siyasətbazlar"a kəskin sözü ilə müraciət edir və onları millətin tərəqqisinə zidd olan əməllərdən çəkinməyə çağırırdı.
90-cı illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının dağılmaq təhlükəsi var idi. Ziya Bünyadov bu müqəddəs elm məbədinin dağılmasını irəli sürən üzdəniraq, elmdən xəbəri olmayan adamlara, elmə təsadüfən gələn, antimilli, antivətən mövqeyində duran bu “ziyalı”lara tutarlı cavablar verirdi. Onu da unutmayaq ki, o illər çox çətin illər idi.
Ziya Bünyadov Azərbaycanı ən mötəbər, yüksək səviyyəli məclislərdə təmsil edirdi. O, Milli Məclisin deputatı kimi də böyük işlər görürdü. Ziya Bünyadovun tariximizin "ağ ləkələri" olan işləri açmaqda xidməti əvəzsizdir. O, Dövlət Təhlükəsizlik Komitəsinin arxivini araşdıraraq, onun materiallarından istifadə etməklə, repressiya qurbanları haqqında respublika mətbuatında silsilə məqalələr dərc etdirmişdir.
Ziya Bünyadovun alovlu çıxışları, çox təsirli məqalələri sovet dövrü tariximizin müəyyən bir mərhələsinə işıq saçmışdır.
Bu böyük insan hərdən də olsa, istirahət etməyi xoşlayardı. Ancaq onun istirahəti də ənənəvi istirahət normalarından uzaq idi. Ziya Bünyadovun çox gərgin, məhsuldar, bəzən də əsəblə keçən iş günlərinin əzab-əziyyəti ömür yoldaşı Tahirə xanımın diqqəti, qayğısı sayəsində bir qədər unudulurdu.
Ziya Bünyadovla Xəzərin sahilində gəzdiyim günləri xatırlayıram. Dənizin qoynunda xəyala dalmaq onun çox sevimli adəti idi. Saatlarla söhbət edərdik. Azərbaycanın ictimai, sosial-iqtisadi problemlərinə dair məsələlərdən yorulmadan danışardıq. Mən Mərkəzi Komitədə, Dövlət Plan Komitəsində, Ali Sovetdə çalışdığım zamanlar da onunla tez-tez təmasda olur, məsləhətlər alırdım.
O, bizim Buzovnadakı evimizdə, necə deyərlər, ata yurdumuzda da çox olub. O, gələndə bütün məhəllə bilirdi ki, Ziya Bünyadov bizim qonağımızdır və onu görmək üçün hamı evimizin ətrafına yığışardı. Hər gəlişi böyük sevinclə qarşılanardı. Ailəmiz onu çox sevirdi. Uşaqla uşaq, böyüklə böyük idi Ziya Bünyadov. Sadəliyi böyüklüyündən irəli gəlirdi.
İlk baxışdan sadə görünən bu insan hərdən çox zəhmli olurdu. Bəzən olduqca sərt, hətta bir qədər kobud sözləri çoxlarına, onu yaxşı tanımayanlara qəribə görünürdü. Amma çoxları bilmirdi ki, bu böyük insanın geniş ürəyi, incə qəlbi var. Hərdən uşaq kimi ərköyün, hərdən də ağsaqqal kimi çox ciddi olurdu. Belə idi Ziya Bünyadov. Ömrü boyu mübarizə aparmaq üçün doğulmuşdu elə bil. Heç nəyə biganə qala bilmirdi. Sərt çıxışları ilə Azərbaycan xalqının taleyilə oynayanları, xalqın sərvətini talayanları, müstəqilliyinə biganə olanları həmişə qamçılayırdı. Bəlkə də elə bütün bunlar - onun mübarizliyi, liberal olmaması, Azərbaycanın gələcəyinə qəti inamı, bu istiqamətdə yorulmaz fəaliyyəti Azərbaycan xalqının düşmənlərini narahat edirdi. Laqeydlik ondan uzaq idi. Axı, vətəninə, xalqına, millətinin gələcəyinə necə laqeyd olaydı?!
Ziya Bünyadovdan bəhs edərkən onun əsl qəhrəmanlığından danışmamaq ən azı günah olardı. Bəli, Ziya Bünyadov hər şeydən əvvəl qəhrəman idi. Təkcə ona görə yox ki, Böyük Vətən müharibəsindən qalib kimi qayıtmışdı. Həm də ona görə ki, sonralar da həmişə vətəninin keşiyində durub, onun azadlığı uğrunda mübarizə aparıb, son nəfəsinə qədər tutduğu mövqedən dönməyib...
Bütün Avropanı diz çökdürmüş faşist Almaniyasının apardığı müharibədən Ziya Bünyadov qələbə ilə qayıtmışdı. İnanmaq çətin olsa da, Ziya Bünyadov öz vətənində qətlə yetirildi. Namərd gülləsinə tuş gəldi. Vəhşicəsinə susduruldu.
Ziya Bünyadova dəyən güllə bütün Azərbaycana dəyən güllə idi. Bunu adi terror aktı kimi qiymətləndirmək ən azı mənəviyyatsızlıqdır.
Ölümü də ölümsüzlüyündən xəbər verir.
Akademik Ziya Bünyadov itkisi Azərbaycan xalqı üçün, Azərbaycan elmi üçün ən ağır itki oldu. Ziya Bünyadovun yoxluğu həmişə hiss ediləcək. Vətənin layiqli oğlu olan Ziya Bünyadovun adını xalqımız həmişə minnətdarlıqla yaşadacaqdır. Onun adı həmişə kamillik, ədalət, cəsarət rəmzi kimi nəsillərə nümunə olacaqdır.
Akademik Ziyad SƏMƏDZADƏ