Susan səsin üçün hələ çox darıxacağıq
1980-ci illərin sonunda el şənliklərində, bir qədər sonra isə professional səhnədə bir yeniyetmə qız öz nadir səsi, fərqli geyimi və gözəl ifa tərzi ilə insanları valeh etmişdi. Bu qız sonradan bütün xalqın sevimlisinə çevrilən Aygün Hümmətova (sonradan “Bəylər” təxəllüsünü götürmüşdü) idi...
Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakının Suraxanı qəsəbəsində çoxuşaqlı ailədə anadan olub.
İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə almışdı.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə filarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.
Onu da qeyd etmək lazımdır ki, Aygünün el şənliklərində ifa etməsi ailəsində birmənalı qarşılanmayıb, xüsusilə atası buna qarşı çıxıb. Aygün Hümmətova isə atasının ciddi etirazlarına baxmayaraq, müğənni olmaq istəyindən əl çəkməyib və sənət aləmində irəliləməyə nail olub.
1995-ci ildə Aygün Hümmətova Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq, geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət tədbirləri, həmçinin ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Hümmətovanın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar - Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə “Əməkdar artist” fəxri adına layiq görülür.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygun Hümmətova Azərbaycan muğam məktəbini uğurla təmsil edir və birinci yerə layiq görülərək, festivalın qalibi olur.
Bu dövrdən başlayaraq, 2005-2010-cu illərdə Aygün Hümmətova dünyanın bir çox ölkələrində: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və digər ölkələrdə keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edir və Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil edir.
2012-ci ildə Aygün Azərbaycan dövlət musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olur. 2013-cü ildən etibarən Azad Azərbaycan telekanalı ilə müştərək olaraq, “Yenə o bağ olaydı” adlı müəllif proqramı ilə efirə çıxır. Bu proqramda Aygünün amalı özünün bugünkü musiqi ilə bağlı düşüncələrini, duyumunu, bu sənətin böyük dühalarının yaratdığı sənət nümunələrinə söykənərək, yeni bir dünyagörüşünü təqdim etmək idi.
Əməkdar artist “Tut ağacım”, “Sən ruhumun qida yerisən”, “Küsmə gəl”, “Qəlbimin səsi”, “Özün günahkarsan” mahnıları ilə məşhurluq qazanıb. Ancaq ona ən böyük uğuru “Tut ağacım” mahnısı gətirib.
Aygün Bəylər son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Əməkdar artistin səhhəti ilə əlaqədar məsələ ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi.
Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş verdi və müğənninin həyatını xilas etmək mümkün olmadı.
Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində Ankarada gözlərini dünyaya əbədi yumdu...
Müsahibələrinin birində demişdi: “Təkcə sənət vəfalı çıxdı. Yəqin, mən də vəfalı olmuşam, o qarşılıq verib. Ayağım büdrəsə də, yıxılsam da, qalxdım”.
Amma bu dəfə qalxa bilmədi.
Mərhum sənətkarla vida mərasimində Xalq artistləri Mənsum İbrahimov, Aygün Səmədzadə, Həmidə Ömərova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Əməkdar artist Rəşad İlyasov, bəstəkar-pianoçu Pikə Axundova və başqaları çıxış edərək, Aygün Bəylərin Azərbaycan musiqisinə sonsuz sevgisindən, milli musiqi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün gördüyü böyük işlərdən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
* * * *
“Aygün Bəylərin vaxtsız vəfatı Azərbaycan mədəniyyəti üçün çox ağır itkidir. Gözəl, unikal səsi, özünəməxsus ifası ilə başqa ifaçılardan seçilirdi. Xatirimdədir, “Tut ağacım” mahnısının klipi bizim bağda çəkilirdi. Çəkilişdən sonra çay süfrəsi arxasında oturduq, xeyli söhbət etdik. Onun Azərbaycan musiqisindən məlumatlılığı, muğamı əla bilməsi, musiqi duyumu, musiqi savadı məni heyran etmişdi.
Amansız ölüm onu bizdən tez ayırdı. Aygün Bəylərin əziz xatirəsi hər birimizin qəlbində yaşayacaq. Böyük səhnələrdə, efirlərdə onun yeri hələ çox görünəcək...”
Milli Məclisin deputatı,
akademik Ziyad Səmədzadə
* * * *
“Mərhum sənətkar Aygün Bəylərin vaxtsız dünyadan köçməsi mədəniyyətimiz üçün çox ağır itkidir. Bizim onunla çox yaxşı münasibətimiz olub. Mənim bir neçə mahnımı ifa edib. Məni bəzən tanımayanlara “Tut ağacım”ın bəstəkarıyam” deyirəm.
Aygün bizi heç vaxt darda qoymazdı. Onu konservatoriyadan tanıyıram. Tələbə idi, mən də o vaxtlar konservatoriyada dərs deyirdim. İstər mahnı yaradıcılığından məlumatlılığı, istərsə də fortepianoda ifası baxımından çox savadlı musiqiçi idi. Bunu hər çıxışı ilə təsdiq edirdi.
Mən çox xoşbəxtəm ki, bizim işbirliyimizin nəticələri çox gözəl olub. Son dəfə konsertindən əvvəl “Tut ağacım” mahnısı ilə bağlı danışmışdıq. Bu mahnını yəhudi musiqiçiləri yəhudi dilinə çevirmişdilər və biz düşünürdük ki, Aygünlə onların bərabər ifalarını reallaşdıraq. Ancaq xəstəliyi buna imkan vermədi...
Azərbaycan musiqisi itirdi. Azərbaycan mahnısı itirdi. Azərbaycan bəstəkarları itirdi. Aygün Bəyləri itirdi...
Mən bütün Aygün Bəyləri sevənlərə - Azərbaycan musiqisini sevənlərə başsağlığı verirəm. Aygün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir. Onun yerini heç kəs tutmayacaq”.
Xalq artisti, bəstəkar
Aygün Səmədzadə
* * * *
Bu yazını Aygün Bəylərin sevə-sevə oxuduğu “Bağışlaram səni” mahnısının (musiqisi Kamalın, sözləri Baba Vəziroğlunundur) sözləri ilə bitirmək istərdik:
“Sən olmasan, sənli xatirələr qalır
Bu dünya sevdirir, ayrılıq salır.
Haçan dönsən onu bil, bağışlaram səni...”.
Bağışla bizi, Aygün! Bağışla ki, ola bilər, amansız xəstəliklə mübarizə aparanda yanında olmamışıq, ola bilər, son konsertindən zövq alanda ağrıkəsicilərin köməyi ilə oxuduğunu duymamışıq, lazımi qədər alqışlamamışıq. Çünki heç ağlımıza da gəlməzdi ki, bu gözəl səs bir gün susacaq.
Özü də əbədi...