Məşədixanım Nemət - 100
Tarixin daş yaddaşını danışdıran alim
Yazılar tarixçinin bələdçisidir. Onlar tədqiqatçını tarixin izi ilə gerçəkliyə, dəqiq, bəzən də nadir və orijinal tarixi mənbələrə doğru aparır. Bu yol çətin, insan ayağı dəyməyən yerlərdən keçir.
Xalq şairi Səməd Vurğunun sözləri ilə desək:
Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır...
Üstündə yazı, yaxud təsvir оlan hər bir daş vaxtilə yer üzündə yaşamış canlı bir insanın nişanəsi, daşlaşmış ürəyidir. Bəlkə də bu daşların üzərindəki təsvirlər tarixin zaman vasitəsilə bizə göndərdiyi əmanətlər, mesajlardır...
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.
Yaxın Şərqin ən qədim ölkələrindən biri olan Azərbaycanın ərazisi mədəni abidələrlə zəngindir. Min illər əvvəl zaman bu mənəvi dəyərləri tarixin yaddaşına həkk edib. Həkk edib ki, vaxtın ölçüsü dəyişsə də, onun yazdıqları, yaratdıqları tarixin ayrı-ayrı səhifələrində bizlərə olduğu kimi çatsın. Qədim abidələr xalqın tarixidir, onun mövcudluğunun sübutudur. Ulu əcdadlarımızın bizə miras qoyduğu qədim əlyazmalar, daş kitabələr arasında orta əsrlərin epiqrafik abidələri xüsusi yer tutur. X əsrin əvvəllərindən XX əsrin sonunadək memarlıq və tarixi abidələrdə müxtəlif xarakterli yazılara təsadüf olunur ki, burada orta əsrlər Azərbaycanının sosial-iqtisadi həyatının bir sıra suallarına cavab tapmaq mümkündür. Monumental memarlıq abidələrində saxlanılıb qalmış, bu abidələrin bədii tərtibatını təşkil edən, hətta qəbir daşlarının üzərində olan yazılar xalqımızın məişəti, sənəti, ticarəti, ictimai fikir tarixi və s. haqqında mülahizələr yürütməyə, həqiqəti üzə çıxarmağa imkan verir. Bunlar əsrlərin əks-sədalarıdır, tarixin izləridir, Azərbaycan xalqının öz əli ilə yazılmış tarixinin monumental səhifələridir. Bu səhifələri hərf-hərf, sətir-sətir, vərəq-vərəq oxuyanlardan, respublikamızın bütün ərazisini qarış-qarış gəzib qədim abidələrimizi tədqiq edənlərdən biri də Məşədixanım Nemət olub.
Məşədixanım Nemətоva. AMEAnın müxbir üzvü, tarix elmləri dоktоru. 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuş, indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2001-ci ildə AMEAnın müxbir üzvü seçilmişdir. Məşədixanım ilk azərbaycanlı epiqrafist elmlər doktoru, şərqşünas alim idi. 1968-ci ildə o, “Epiqrafik abidələr və onların XVI-XIX əsr Azərbaycanının sosial iqtisadi və siyasi tarixinin öyrənilməsində əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1969-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində epiqrafika fənnindən dərs demişdir. Məşədixanım hələ tələbəlik illərində elmə, tarixi abidələrdəki ərəb və fars yazılarına böyük həvəs göstərmiş, bu həvəs, bu arzu da onu aspiranturaya gətirib çıxarmışdır.
1954-cü ildən Azərbaycanın bütün epiqrafik abidələrini tədqiq etmək fikrinə düşən gənc alim Dərbənddən Laçına qədər, Sabirabaddan Qutqaşenə (indiki Qəbələ) qədər bütün qədim sarayları, körpüləri, karvansaraları, xanəgahları, pirləri, ovdanları, məscidləri, qalaları, məqbərələri gəzərək, onların üzərindəki kitabələri toplayıb, tədqiq etməyə başlamışdır. O, həmçinin Gürcüstan və Ermənistan ərazisində yerləşən Azərbaycan abidələrini də nəzərdən keçirmişdir. Məşədixanım Nemət bir sıra doktorluq və namizədlik dissertasiyalarında opponent olmuşdur. O, Memarlıq Abidələrinin Bərpası İdarəsinin elmi məsləhətçisi olmuşdur. Respublikanın bir sıra tarix diyarşünaslıq muzeylərində sərgilərin qurulmasında iştirak etmişdir. Tarixi abidələrin qorunması, istifadə olunması qaydaları, epiqrafik abidələrin tarixi mənbə kimi əhəmiyyəti və s. bu kimi məsələlərə dair televiziya və radio kanallarında çıxışlar etmişdir. Məşədixanım Nemət Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya üzrə müdafiə şurasının, institutun elmi şurasının, Tarixi mədəniyyət abidələrinin qorunması cəmiyyətinin rəyasət heyətinin, Azərbaycan MEA ictimai elmlər şöbəsi nəzdindəki Orta Əsr Azərbaycan Tarixi Koordinasiya Şurasının üzvü olmuşdur. Əsərləri Bakı, Moskva, Sankt-Peterburq, Aşqabad, Daşkənd, Mahaçqala və Türkiyədə nəşr olunmuşdur.
Azərbaycanın amazonkası
Azərbaycanda epiqrafika elmi məhz Məşədixanım müəllimənin vətən sevgisi, inadkarlığı, yorulmazlığı sayəsində bir məktəb formalaşdırmışdır və bu məktəblə indi dünya hesablaşır. Məsələn, qədim Azərbaycan torpağı olan Zəngəzur abidələrini (Urud abidələri) erməni abidələri kimi qələmə vermək istəyən erməni tarixçilərini sovet dövründə ilk susduran Məşədixanım Nemət olmuşdur. Məşədixanım Nemətin aşkar etdiyi çox nadir faktlar “Böyük Ermənistan” xülyaları ilə yaşayan, Urud abidələrindəki kitabələri təhrif edərək, qəbiristanlığı darmadağın edən və Zəngəzurun heç vaxt Azərbaycan torpaqlarına daxil olmadığını sübut etməyə çalışan üzdəniraq erməni tarixçilərinə sanki müharibə elan etmiş, daş kitabələri toplamaqla, oxuyub dəlil-sübutlar tapmaqla onların qarşısına dəqiq faktlar qoymuşdur. Erməni tarixçiləri nəyin bahasına olursa-olsun, Dərbənddən o yana olan abidələrin onların əcdadlarına məxsus olduğunu sübut etməyə çalışsalar da, Məşədixanım Nemət təkzibolunmaz faktlarla atəşpərəst albanların, tarix boyu bu torpaqda yaşamış türklərin, türkdilli xəzərlərin, türkdilli qıpçaqların, köçəri çöllülərin, skiflərin qədim, köklü mədəniyyətlərini üzə çıxarmış və sübut etmişdir ki, bu torpaqlar heç vaxt ermənilərin olmayıb. Bu işdə Məşədixanım Nemətin xidmətləri əvəzsizdir. Məşədixanim Nemət təkcə Abşeronun, Şirvanın, Muğanın, Qarabağın, Milin, Gəncəbasarın deyil, Naxçıvanın, Dərbəndin, erməni işğalı altında olan Qərbi Azərbaycanın, Gürcüstandakı azərbaycanlı abidələrinin daş yazılarını oxumuşdur. Ərəb-fars əlyazması ilə yazılmış, hətta IX əsrə aid olan unudulmuş xətləri də Məşədixanım Nemət oxumuşdur. Azərbaycan memarlığı tarixində Əcəmidən sonra görkəmli yer tutan, XIII əsrdə yaşayıb-yaratmış memar Əli Məcdəddinin adını da kitabələrə əsasən Məşədixanım Nemət aşkar etmiş, dünyaya tanıtmışdır. O, bu barədə şeirlərinin birində deyirdi:
Daş etmişmi ürəkləri daşa dönmüş kitabələr?
Qulaq verin, türk babamın öyüdləri nələr söylər.
Neçə-neçə alim, memar, nəqqaş, xəttat adlarını
Sənət tarixinə vermiş yadigardır kitabələr...
Bu zərif qadını tez-tez təbiətin qoynunda, kol-koslu meşələrdə, ilanlar mələşən qanqallı qəbiristanlıqlarda, sıldırım qayalıqlarda, düzənlərdə at belində görmək olardı. Tarixçilər ona “Azərbaycanın amazonkası” adını vermişdilər. Bu çətinliklərə sinə gərmək hər qadının hünəri deyildi.
Bir maraqlı faktı da qeyd etməmək mümkün deyil. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi ilə əlaqədar Dövlət Komissiyasının iclasında Məşədixanım Nemətin Urud kəşfləri haqqındakı çıxışı Ulu Öndər Heydər Əliyevin böyük marağına səbəb olmuşdu. Ulu Öndər buradakı tarixi çıxışında demişdi: “Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin”.
Alim adını qürurla daşıyan qadın
Məşədixanım müəllimə QADIN adını ləyaqətlə, ANA adını şərəflə, ALİM adını qürurla, AZƏRBAYCANLI adını fəxrlə daşıyan gözəl insan idi. Ömrünün 60 ildən çoxunu bu elm sahəsinə həsr etmiş görkəmli alim apardığı axtarışlar nəticəsində 2500-dən artıq ərəb, fars və türkdilli ərəb qrafikasının ən çətin oxunan, müxtəlif xətlərlə yazılmış kitabələrini toplamış, Azərbaycan tarixi, memarlıq, sənətşünaslıq, toponomika, tibb tarixi, Azərbaycan xalqının təşəkkülü və s. bu kimi problemlərə dair 12 monoqrafiya çap etdirmişdir. O, 200-dən çox elmi tezis və məqalənin, o cümlədən 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nun müəllifidir. 2009-cu il martın 4-də “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Bir şeirində deyir:
Var idim, izim qaldı
Od idim közüm qaldı.
Əsrin daş yaddaşında
Mənim də izim qaldı...
Əsrin daş yaddaşında sözü və izi qalan Məşədixanım müəllimə 2016-cı ilin dekabrında dünyasını dəyişdi. Şərəfli ömür sürən bu gözəl insan onu sevən hər bir kəsin qəlbində özünə kiçik bir abidə ucalda bilmişdir. Bu abidə qeyrət, ləyaqət, vətənpərvərlik abidəsidir...