PORTRET

Rauf Cəbiyev

  • 15.02.2024

Azərbaycan iqtisad elminə ağır itki üz vermişdir. Görkəmli iqtisadçı alim, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm və texnika xadimi, RAE-nin müxbir üzvü, iqtisad elmləri doktoru, professor Rauf Cəbiyev ömrünün 89-cu ilində həyata gözlərini əbədi yummuşdur.
Rauf Cəbiyev 1935-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. O, 1954-cü ildə Bakı Maliyyə-Kredit Texnikumunu Dövlət gəlirləri ixtisası üzrə bitirmiş, ali təhsilini K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənaye iqtisadiyyatı fakültəsində və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində almışdır. Eyni zamanda, universitetdə oxuduğu müddətdə (1959-69-cu illərdə) R.Cəbiyev Orconikidze rayon maliyyə şöbəsində müfəttiş, baş müfəttiş, böyük iqtisadçı, dövlət gəlirləri müfəttişliyi üzrə rəis işləmiş, 1969-72-ci illərdə Azərbaycan Nazirlər Kabinetinin Qiymət Komitəsində baş müfəttiş-nəzarətçi və şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.
Rauf müəllim 1972-ci ildən 1976-cı ilədək Azərbaycan Nazirlər Soveti yanında Quşosdor Avtomobil Yolları İdarəsində Planlaşdırma və maliyyə şöbəsinin müdiri, 1977-ci ildən 1982-ci ilədək Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda sektor müdiri vəzifələrində çalışmışdır. 1982-85-ci illərdə Dövlət Plan Komitəsində Yeni planlaşdırma metodlarının tətbiqi və iqtisadi təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Prof. R.Cəbiyev 1985-90-cı illərdə Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki ETİİ-də sektor müdiri, sonralar isə 1997-ci ilə qədər Azərbaycan Dövlət İqtisad İnstitutunun Sənaye iqtisadiyyatı kafedrasının dosenti, kafedra müdiri vəzifələrində çalışmışdır. 1997-ci ildən 2007-ci ilədək İqtisadiyyat Nazirliyinin nəzdində olan İqtisadi İslahatlar Mərkəzində şöbə müdiri işləmiş və 2007-ci ildən ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışmışdır.
O, 1971-ci ildə maliyyə, pul dövriyyəsi və kredit ixtisası üzrə "Yeni iqtisadi şəraitdə mənfəət və onun stimullaşdırıcı rolu" mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Bu illərdə o, bir sıra məqalə və monoqrafiyalarını - “İqtisadi mexanizm və onun təkmilləşdirilməsi problemləri” (Bakı), “Respublika sənayesində yenidənqurma” (Moskva), “İqtisadi mexanizmin yekun nəticələri - yaxşılaşdırma” (Bakı) dərc etdirmişdir.
R.Cəbiyev 1991-ci ildə Donetsk şəhərində, Ukrayna EA Sənaye İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-cü ildə ona professor elmi adı verilmişdir.
Xatırladaq ki, SSRİ-nin dağılmasından əvvəl Rauf Cəbiyevin əsərləri İttifaq və beynəlxalq jurnalların səhifələrində dərc edilirdi. 1991-2019-cu illərdə «Вопросы экономики», «Экономика и жизнь» və digər beynəlxalq jurnallarda məqalələri dərc edilmişdir.
Beləliklə, professor R.Cəbiyev həm ölkədə, həm də xaricdə nəşr olunan 17 monoqrafiya və kitab daxil olmaqla 400-dən çox elmi əsər çap etdirmişdir. R.Cəbiyevin «Государственная политика Азербайджана в инновационной сфере» adlı sonuncu monoqrafiyası 2013-cü ildə Berlində nəşr edilmişdir.
Professor Rauf Cəbiyev iqtisadi mexanizm və onun təkmilləşdirilməsi, bazar infrastrukturunun formalaşması və inkişafı, investisiyalar, dövlət mülkiyyətinin özəlləşdirilməsi və sahibkarlığın inkişafı, innovasiyalar və s. haqqında yaxın və uzaq xarici ölkələrin xüsusi buraxılışlarında və jurnallarında dərc olunmuş fundamental əsərləri ilə tanınır. Professor R.Cəbiyev uzun müddət Azərbaycanın Rusiya, Belarus, Qazaxıstan və Ukrayna ilə xarici iqtisadi əlaqələrinin problemləri üzərində işləmişdir.
Prof. Rauf Cəbiyev fəaliyyəti dövründə bir sıra mükafatlara, Fəxri fərmanlara layiq görülmüşdür. 2018-ci ildə beynəlxalq jurnallarda standartlaşdırma, sertifikatlaşdırma, keyfiyyət və yenilik problemlərinə dair çoxsaylı məqalələrin dərc olunması ilə əlaqədar olaraq prof. R.Cəbiyev "Avropa keyfiyyəti" qızıl medalı ilə təltif edilmişdir.
Professor Rauf Cəbiyev həm ölkədə, həm də xaricdə müxtəlif illərdə keçirilən 27 beynəlxalq elmi və praktik konfransda iştirak və çıxış etmişdir.
Hamı Rauf müəllimi yorulmaz tədqiqatçı, fədakar alim, həyat eşqi ilə yaşayan bir insan kimi tanıyırdı. Lakin amansız xəstəlik onu bu günlərdə həyata vida deməyə məcbur etdi. Yaşasaydı hələ neçə-neçə elmi əsərin, böyük elmi layihələrin reallaşmasına nail olacaqdı. Rauf Cəbiyev tanınmış iqtisadçı, görkəmli alim, mehriban ata və sevimli baba kimi onu sevənlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Ziyad Səmədzadə, Eldar İbrahimov, Qorxmaz İmanov, Eldar Quliyev, Vahid Novruzov,
Məhiş Əhmədov, Rüfət Quliyev, Rəsul Balayev, Aytən Səmədzadə, Gülşən Yüzbaşıyeva,
Arzu Hüseynova, Akif Vəliyev, Elşad Səmədzadə, Mansur Barxudarov, Allahyar Muradov