“ƏDƏBİ DÜŞÜNCƏLƏR” HAQQINDA DÜŞÜNCƏLƏR
İllər keçir, ötən günləri xatırlamaq üçün köhnəlmiş qəzetləri vərəqləməli olursan. Qələmindən çıxan bəzi yazıları nəzərdən keçirdikcə, düşünürsən ki, sanki bu gün, bu saat yazılıb. Elə bu yazı kimi... 2004-cü ildə (17 fevral) yazılmış bu yazı hələ də əhəmiyyətini itirməyib. Məqaləni olduğu kimi diqqətinizə çatdırırıq.
Nəriman Həsənzadəni oxuculara təqdim etməyə ehtiyac yoxdur. Nəriman şairdir, Nəriman dramaturqdur. Nəriman nasirdir və nəhayət, Nəriman alimdir. Bütün bu nəcibliklər ancaq yaxşı insanda, yəni Allahın sevdiyi insanda ola bilər. Nəriman başdan-ayağa yaxşılıqdan yoğrulmuş insandır.
Allah-Təala Nərimanı həyata gətirib ki, yaxşılığın ən böyük istedad olduğunu sübut etsin. Biz Nəriman Həsənzadəni nə vaxtdan tanıdığımızın tarixini də bilmirik. Ancaq onu bilmişik ki, Azərbaycanda belə işıqlı, nurlu sifəti, mehriban gözləri olan bir insan var. Oğuz dədənin sevgisi işıqdan yarandığı kimi, Nərimanın da hər əsəri bir nur çələngidir.
Belə əsərlərdən biri “Mir Cəlalın “şah əsəri” və “baş qəhrəmanı” adlanan ədəbi düşüncələrdir. Əsər sənədli povest təsiri bağışlayır və yüksək bədii-publisist bir dillə yazılmışdır. Bədii publisistikadan dərs deyən müəllim, bədii publisistikanın nə olduğunu bilmək istəyənlər bu ədəbi düşüncələri oxumalıdırlar.
Bəzən “böyük məhəbbət” istilahını işlədirlər, bu, düz deyil. Məhəbbətin böyüyü, kiçiyi, ortababı olmur, əsl məhəbbət olur. Nəriman Həsənzadənin “Mir Cəlalın “şah əsəri” və “baş qəhrəmanı” əsəri də böyük məhəbbətin əks-sədasıdır. Bu məhəbbət nəhəng Mir Cəlaldan başlayır, onun “şah əsəri” və “baş qəhrəmanı” olan akademik Arif Paşayevlə nəğmələnir.
Sadə dildə desək, Arif Paşayevin yetmiş yaşı tamam olur və Nərimanı da ədəbi düşüncələr dünyasında üzdürən bu görkəmli şəxsiyyətə olan dərin məhəbbətdir.
Arif Paşayev ilk növbədə Mir Cəlalın oğludur. Ədəbi düşüncədəki “şah əsər” və “baş qəhrəman” Mir Cəlaldan əziz yadigardır.
Ədəbi düşüncələrdə yazıçı Mir Cəlala məxsusi yer verilmişdir. Mir Cəlal Paşayev nəinki Azərbaycan nəslində, nəinki pedaqogika sahəsində, Azərbaycan mənəviyyatı sahəsində də tanınmış, ən yüksək hörmət zirvəsinə ucalmış bir ziyalı olub. Elə bir ziyalı ki, onun hər bir sözü Quran ayəsi kimi müqəddəs tutulub.
El içində “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”, - deyilir. Nəriman Həsənzadə universitet müəllimi Mir Cəlalı bütün böyüklüyü ilə təsvir edir. Müəllif doğma hisslə yazır ki, o dövrdə müəllim ləyaqəti çox yüksək tutulub. Mir Cəlal, Məmməd Cəfər Cəfərov, Hadi Mirzəzadə kimi müəllimlər müqəddəs şəxsiyyətlər sayılıblar. Jurnalistika kafedrasında Həsən Şahgəldiyev və Nəsir İmanquliyev kimi alim ziyalılar olublar. O vaxt universitet diplomu almış nəsil bu gün müstəqil Azərbaycanın ağsaqqal alimləri, qabaqcıl peşə sahibləri sayılır, öz müəllimlərinin yolunu ləyaqətlə davam etdirirlər.
Buna baxmayaraq, Mir Cəlal kimi müqtədir ziyalıların yeri görünməkdədir. “Mir Cəlalın “şah əsəri” və “baş qəhrəmanı” ədəbi düşüncələr kitabında Nəriman Həsənzadə Paşayevlər ailəsi haqqında böyük hörmət-izzətlə, ehtiramla söhbət açmışdır. Kitabda hətta bu məhşur ailənin nəsil şəcərəsi də verilmişdir. Türk əxlaqında deyilir ki, yaxşı övlad yeddi arxadan dönənini tanımalıdır. Mir Cəlalın nəsil şəcərəsində isə səkkiz arxadan dönəninin adları yazılmışdır. Mir Cəlal hesabla altıncı nəsildəndir. Onun üç oğlu (Arif, Hafiz, Aqil), iki qızı (Elmira, Ədibə), on nəvəsi, hələlik on üç nəticəsi vardır. Nəriman Həsənzadə haqlı olaraq övladları obrazlı şəkildə böyük Mir Cəlalın “şah əsəri” adlandırmışdır. Həmin “şah əsər”dən biri bu günlərdə 70 yaşı tamam olan akademik Arif Mir Cəlal oğlu Paşayevdir.
Nəriman Həsənzadə hazırda Milli Aviasiya Akademiyasının prezidenti olan Arif Paşayevlə bağlı maraqlı və ibrətamiz əhvalatlar yazmışdır. Məsələn, Nəriman müəllimin kitabında belə bir cümlə var: “Mən hazırda Arif Paşayevin evində yaşayıram”. Bizimlə söhbətində müəllif bir daha bu sözləri təsdiq etdi:
- Mən qırx ildən çoxdur ki, bu sözləri sonsuz minnətdarlıq hissi ilə deyirəm. Altmış üçüncü ildə təzə yazıçılar evi paylananda ev-eşiksiz gənc yazıçılarla bərabər, ailəsi böyük olan yaşlı yazıçılara da ev verirdilər. Belə oldu ki, mənim adım ev siyahısından düşdü. Əlacım kəsilib, dərdimi xətrini bir ata qədər istədiyim elmi rəhbərim Mir Cəlal müəllimə dedim. Mir Cəlal müəllim məni qolumdan tutub birbaşa ittifaq sədri Mehdi Hüseynin kabinetinə apardı və ərklə ev siyahısını istədi. Mehdi müəllim sakitcə stolun üstündəki siyahını Mir Cəlal müəllimə verdi. Mir Cəlal müəllim qələmlə kiminsə adını cızıqlayıb əvəzinə mənim adımı yazdı. Sonradan bildim ki, o özünə düşən evi mənim adıma yazmışdır.
Kitabda Mir Cəlal və Arif Paşazadə haqqında belə ibrətamiz faktlar çoxdur.
Nəriman Həsənzadənin kitabından öyrənirik ki, Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu bitirib, radiofizik ixtisasına yiyələnmişdir. Hazırda fizika-riyaziyyat elmləri doktorudur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
Akademik Arif Paşayevlə şair Nəriman Həsənzadə arasında yaranmış uzunömürlü dostluq ədəbi düşüncələrdə öz məhəbbət dolu əksini tapmışdır.
Məsələn, dostumuz Nəriman yazır:
“Mən Sizə böyük alim, böyük fizik deyəndə də Sizdən eşitdiklərimə, gördüklərimə əsaslanıram. İnsanların tale yaxınlığı bu mərhələdən keçir. Sizin rəhbərlik etdiyiniz Milli Aviasiya Akademiyası bu mənada təkcə ərazi deyil, talelərin qovuşduğu kainatın qucağıdır, çünki Mir Cəlal müəllimin ruhu Sizi burada hifz edir”. Milli Aviasiya Akademiyası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Arif Paşayev bu əziz töhfəni göz bəbəyi kimi qorumuş, nəcib arzular səviyyəsinə ucaltmışdır.
Kitabda akademik Arif Paşayevin bütün tələbələrə doğmalıqla, bir ata qayğısı ilə yanaşdığı faktlarla göstərilmişdir.
Məhz akademik Arif Paşayevin elmi və insani dühasının sayəsindədir ki, Azərbaycanın hava məkanında ən müasir “Boinq”lər məharətlə idarə olunur.
Nəriman Həsənzadə yüksək obrazlılıqla yazır ki, ailəsini “şah əsər” adlandıran Mir Cəlal kimi, həmin şah əsərin baş qəhrəmanı olan akademik Arif Paşayev də son dərəcə ailəcanlıdır. Arif də, Hafiz də, Aqil də, Elmira da, Ədibə də böyük Mir Cəlalı “şah ata” sayıblar. Kiçik Mir Cəlal isə Aqilin ailəsində boy atmaqdadır. Yəqin ki, o da gələcəkdə şah atalardan birinə çevriləcəkdir.
Əsərdə Arif Paşayevin həyat yoldaşı, həyatdan erkən köçmüş, görkəmli alim Aida haqqında da ehtiramla söz açılır. Aida xanımın ərəb dilindən etdiyi tərcümə nümunələrinin və elmi məqalələrinin bir çoxunu Nəriman Həsənzadə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru olarkən dərc etmişdir. Arif evin, ailənin qalası olubsa, Aida İmanquliyeva ailənin ürəyi, nəfəsi, şəfəqi, gözəlliyi və zərifliyi olub. Nəriman yazır ki, Arifin anası Püstə xanım həmişə ah çəkib deyərdi ki, Arif tək qaldı. Bəli, Paşayevlər ailəsinin Aida xiffəti çox ağır olub. Bu xiffəti Nərgiz və Mehribanın xoşbəxt taleləri unutdurub. Nərgizin ilk qızının adı Aidadır. Mehribanın xanım-ana olduğu ailədə isə Leyla və Arzu kimi gözəllərdən sonra ümummilli liderimizin adını yaşadan kiçik Heydər dünyaya gəlmişdir.
Bir sözlə, Paşayevlər şəcərəsində nəciblik estafeti davam edir. Bu müqəddəs şəcərə bu gün müstəqil Azərbaycanın Prezidenti olan İlham Heydər oğlu Əliyevin şəxsində bir ləyaqətli oğul da qazanmışdır. Mehriban Arif qızı isə ölkəmizin birinci xanımına çevrilmişdir.
Nəriman Həsənzadə böyük Mir Cəlalı “yerdə Tanrı sədası” adlandırır. Adətən, sədanın əks-sədası gəlir. Amma bu gün Mir Cəlal yadigarlarının hər biri Tanrı sədasıdır, bütün tanıyıb-eşidənlərin ürəyində ləyaqət, nəcabət və ilahilik hissləri oyadan müqəddəs səda!
akademik Ziyad Səmədzadə,
Ə.Əfqan, Əməkdar incəsənət xadimi