Akademik Ziyad Səmədzadə: Azərbaycan elmini dünya səviyyəsində layiqincə təmsil edən alim
Hər bir cəmiyyətin tərəqqisi, xalqın xoşbəxtliyi millətinə bağlı olan, öz nurunu elinə, dilinə bağlılıqdan alan və bu nuru ilə bütün cəmiyyəti aydın şəfəqlərə qovuşdurmağı bacaran ziyalılar ilə birbaşa bağlıdır. Ziyalısı olmayan cəmiyyət zülmət və qaranlıq əsarətində olar. Necə deyərlər, “başqalarına işıq saçmaq üçün insanın özündə günəş olmalıdır”. Elə Azərbaycanın da bu cür işıqlı ziyalılarından biri kimi XX əsr Azərbaycan ədəbiyyatında öz dərin mütaliəsi ilə seçilən, yaradıcılığı ilə bütöv bir universitet sayılan, Azərbaycan elminin, mədəniyyətinin qüdrətli simalarından olan Mir Cəlal Paşayevin adını qeyd etmək olar. Hər zaman təbiiliyi yüksək dəyərləndirən Mir Cəlal Paşayev öz sadəliyi və alicənablığı ilə fərqlənmişdir. Çox danışmaz, amma dediyi hər sözdə dərin məqamlara toxunar, hər fikri ilə xatirələrdə qalmağı bacarardı.
Çox uzaqgörən idi. Baxışları həm qarşısındakı insanın qəlbinin dərinliklərini görə bilirdi, həm də bir alim kimi araşdırılmasına ehtiyac duyulan ən vacib olanı duymağı bacarırdı. Bu uzaqgörənliyin nəticəsi idi ki, o, dövlətimiz, millətimiz üçün çox xeyirli, soyadının verdiyi məsuliyyəti dərindən duyaraq onu daha da ucaltmağı bacaran övladlar yetişdirə bilmişdi.
Həyatda hər bir sahədə məlumatlı olan, bilgili, dünyagörüşlü, mətləbə tez vaqif olan insana, adətən “arif adam” deyirlər. Eyni zamanda, insan üçün seçilən hər bir adın onun taleyində birbaşa mövqeyi böyükdür. Bu iki amili nəzərə aldıqda “Arif” adının bir insan həyatı üçün daşıdığı əhəmiyyəti görməmək mümkün deyil. Elə bu adın ən özəl nümayəndələrindən biri kimi görkəmli Azərbaycan yazıçısı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açan Arif Paşayevin adını qeyd etmək olar.
Dövlətinə, elinə sədaqətli, ziyalılıq və kamillik nümunəsi Arif Paşayev...
Arif Paşayev 15 fevral 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1951-ci ildə Bakıda 164 nömrəli orta məktəbi, 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə bitirib, 1959-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. 1960-cı ildə SSRİ-nin aparıcı elmi mərkəzlərindən sayılan Dövlət Nadir Metallar İnstitutunun (Qiredmet) aspiranturasına qəbul olub. 1965-ci ildə “Yüksək və ifrayüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi, 1978-ci ildə isə “Yarımkeçiricilərin tədqiqində elektromaqnit üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1991-ci ildə Arif Paşayev “Avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsində kompleks işlərə görə” Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Təbii ki, əldə etdiyi bütün bu uğurlar heç də asan olmadı, qətiyyəti, möhkəm iradəsi, məqsədyönlü addımları ilə qarşısına çıxan çətinlikləri dəf etdi, atası Mir Cəlal Paşayev kimi, o da cəmiyyəti öz nuru ilə işıqlandıran ziyalılardan biri oldu. Çünki ziyalılıq bir toxumdur. Bu toxumun böyüyüb inkişaf etməsini təmin edən isə onu əhatə edən ailədir. Arif Paşayev bu ailədən dürüstlük, vicdanlılıq, ədalətlilik, xeyirxahlıq, məqsədyönlülük, məsuliyətlilik kimi ən ali keyfiyyətləri mənimsəmişdi. Hətta Moskvada təhsil aldığı illərdə Bakıda onu nigaranlıqla gözləyən, gələcəyinə böyük ümidlər bəsləyən ailəsinin, doğmalarının qarşısında məsuliyyət hissini unutmadan gecə-gündüz oxuyur, ciddi elmi tədqiqatlar aparır, elm sahəsindəki nailiyyətləri diqqətlə izləyirdi...
Bütün bunların nəticəsidir ki, akademik 2 elmi kəşfin, 25 müəlliflik şəhadətnaməsinin, 59 patentin, 800-dən çox elmi əsərin, 105 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Onun fizikanın müxtəlif sahələrinə həsr olunmuş 300-ə yaxın elmi əsəri xarici nüfuzlu jurnallarda çap olunub.
Arif Paşayevin elmi fəaliyyəti ulu öndər Heydər Əliyevin də daim diqqətində olmuş, məhz ulu öndərin qayğısı sayəsində ölkəmizdə 70-ci illərdə Arif Paşayevin öz tədqiqatları ilə yaratdığı yeni nəzəri-təcrübi istiqamət mühüm əhəmiyyət daşımışdır. Hətta 1972-ci ilin sentyabrında Azərbaycanda rəsmi səfərdə olan, SSRİ Elmlər Akademiyasının Prezidenti, dünya şöhrətli alim Mıstislav Keldış Arif Paşayevin rəhbərlik etdiyi Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına təşrif buyurmuşdu.
“Avtonom hidroakustika informasiya sistemi”nin yaradılması sahəsindəki kompleks işlərinə görə 1991-ci ildə Arif Paşayev Azərbaycanın dövlət mükafatına, həmçinin ölçmə sistemləri, qurğu və cihazları müxtəlif sərgilərdə birinci dərəcəli diplom, medal və mükafatlara layiq görülüb. O, hələ sovet dövründə bu sahədəki ixtiralarına görə “SSRİ-nin ixtiraçısı” fəxri adını almış, ilk dəfə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının “Qızıl medalı”nı Azərbaycana gətirmişdir. Arif Paşayev elm sahəsində qazandığı yüksək nailiyyətlərə görə “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə də təltif edilib.
Arif Paşayev 28 ildir ki, "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının rektorudur. Məhz onun rəhbərliyi ilə Milli Aviasiya Akademiyası intensiv inkişaf dövrünə qədəm qoymuşdur. Bu gün bu akademiyanın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Texniki peşə məktəbi səviyyəsindən regionun ən mötəbər ali təhsil müəssisəsi səviyyəsinə yüksələn Akademiyanın müasir inkişaf səviyyəsini, maddi-texniki bazasını, dünyanın ali məktəbləri arasındakı nüfuzunu, hazırladığı ixtisaslı kadrların peşəkarlığını nəzərə alaraq, bu ali təhsil qurumunun adı indi çox yüksək səslənir.
Akademik Arif Paşayevin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasında tədris prosesi, elmi-metodiki işlər yüksək səviyyədə təşkil edilib, bir sıra kafedralar açılıb, yeni ixtisasların tədrisinə başlanılıb. Akademiyada dünya standartları səviyyəsində salınan şəhərcikdə yeni tədris korpusu, müasir idman kompleksi, tələbə yataqxanası və digər binalar tikilərək istifadəyə verilib.
Akademiyanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri hazırkı dövr üçün xüsusi aktuallıq kəsb edən pilotsuz uçuş aparatlarının, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzarət sistemlərinin yaradılmasıdır. Akademiyanın müasir, Avropa tipli universitet səviyyəsinə yüksəldilməsi məhz Arif Paşayevin adı ilə bağlıdır. O, öz zəhməti, yüksək təşkilatçılıq qabiliyyəti, vətənpərvərliyi və dünyagörüşü ilə Akademiyanın fəaliyyətini düzgün istiqamətləndirdi və ölkəmizin xaricdə böyük vəsaitlər hesabına mütəxəssislər hazırlamaq və ya başqa ölkələrdən xarici mütəxəssislər dəvət etmək ehtiyacını aradan qaldırmış oldu.
Akademik Arif Paşayevin rəhbərliyi ilə ölkəmiz üçün mütərəqqi əhəmiyyət daşıyan daha bir müəssisənin - Azərbaycan Mühəndislik Akademiyasının (AMA) isə əsası 2005-ci ildə qoyulub. Əsas məqsədi ölkənin alim və mühəndislərinin yaradıcılıq imkanlarının təmin edilməsi, mühəndislik fəaliyyəti sahəsində intellektual potensialın artırılması və səmərəli istifadə olunması, çox mühüm və perspektivli tədqiqat və innovasiya proqramlarının işlənib hazırlanması olan Akademiya Azərbaycanda alim və mühəndisləri bir araya gətirərək, elmi-texniki tərəqqinin və mühəndislik fəaliyyətinin inkişafına əsaslı dəstək olmuşdur. Bütün bunlar isə təbii ki, akademik Arif Paşayevin gərgin səylərinin, alim kimi zəhmətinin bəhrələridir.
“Ot kökü üstə bitər”. Necə ki, Arif Paşayev Mir Cəlal Paşayevin ocağında dünyaya göz açıb, bu mötəbər ailənin ən ümdə cizgilərini öz şəxsiyyətində əks etdirmişdisə, akademik Arif Paşayev də mərhum həyat yoldaşı, Azərbaycanın görkəmli alimi, professor Aida xanım İmanquliyeva ilə birlikdə ən gözəl və zəngin ailə dəyərlərini, vətəninə, elinə sadiq, sədaqətli ziyalı olmağı övladları - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevaya ötürə bilmişdir.
Mehriban xanım hər zaman öz yüksək ziyalılığı, intellektuallığı, insanpərvərliyi, xeyirxahlığı, dövlətçilik dəyərlərinə sıx bağlılığı ilə seçilib, fərqlənib, tanınıb. Onun milli dövlətçiliyimizə verdiyi zəngin töhfələr, Azərbaycanın müasir inkişaf tarixində oynadığı rol, uğurla reallaşdırdığı beynəlxalq humanitar layihələr, dünyada sülhün, tolerantlığın və mədəniyyətlərarası dialoqun bərqərar olmasında çəkdiyi zəhmət, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı sahəsində həyata keçirdiyi təşəbbüslər məhz Paşayevlər ocağının işığıdır.
Akademik Arif Paşayevin bu günlərdə 90 yaşı tamam olur. Özümü çox xoşbəxt hesab edirəm ki, Paşayevlər ailəsini, Aqil və Arif qardaşlarını çox yaxından tanımışıq. Qardaşlarım Məzahir və Şamilin də Arif müəllim, həmçinin həyatdan vaxtsız köçmüş Aqil Paşayevlə çox mehriban münasibətləri vardı. Buzovnadakı bağda çox gözəl günlərimiz olub…
Mən bu gün həyatının 90 illik zirvəsini fəth edən Arif müəllimi ürəkdən təbrik edirəm, ona möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram. 90 yaş uzunömürlülük yaşı sayılır. Arif müəllimə arzu edirəm ki, ömrü daha da uzun olsun, öz zəngin həyat təcrübəsi, fəaliyyəti və ziyalı nuru ilə elmimizi, millətimizi, bütövlükdə cəmiyyətimizi daha da işıqlandırsın.
Akademik Ziyad SƏMƏDZADƏ