PORTRET

Kamil Şahbazov – 75

  • 22.02.2024

Ömrün müdriklik zirvəsində

Azərbaycan iqtisad elminin görkəmli nümayəndələrindən biri – iqtisad elmləri doktoru, professor Kamil Şahbazovun 75 yaşı tamam olur.

Adətən, insan bu yaşa çatanda, deyirlər ki, ömrünün müdriklik çağını yaşayır. Müdriklik insanın ən ali xüsisiyyətlərindən biridir. Ölkənin elmi ictimaiyyəti arasında tanınan və sayılıb-seçilən Kamil Şahbazovu hər kəs müdrik bir insan kimi sevir, ona ehtiram, hörmət bəsləyir. Kamil müəllimin Azərbaycanın qədim ali təhsil ocaqlarından birində - Azərbaycan Dövlət İqtisad Universitetində tədrisin inkişafında böyük xidmətləri var. Kamil müəllim Azərbaycanın iqtisad elmində öz sözü, imzası, dəst-xətti olan alimlərdəndir.
İqtisad elmləri doktoru, professor Kamil Ağazaman oğlu Şahbazov 14 fevral 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur.
O, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Əməyin iqtisadiyyatı ixtisası üzrə təhsil almış, 1971-ci ildə həmin universitetin məzunu olmuşdur.
1977-ci ildə iqtisad elmləri namizədi, 1994-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi, 1984-cü ildə dosent, 2007-ci ildə professor elmi adı almışdır. 90-dan yuxarı elmi məqalənin, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.
Ümumiyyətlə, K.A.Şahbazov respublikamızda gənc iqtisad­çı kadrların hazırlanmasında yaxından iştirak edir. O, 20 nəfərdən yuxarı aspiranta rəhbərlik edib. Kamil müəllim böyük həvəs, tələbkarlıq və ciddilik nümayiş etdirərək çalışır ki, hər bir tələbəsi bilikli və savadlı olsun, doğma Vətənə layiq iqtisadçı kimi yetişsin. Bu cəhətdən Kamil müəllim böyük bir vətəndaşlıq hünəri, insansevərlik, vətənpərvərlik nümunəsidir.
1964-1967-ci illərdə istehsalat yönümlü müəssisələrdə çalışıb. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayaraq, laborant, müəllim, baş müəl­lim, dosent vəzifələrində işləyib. 1988-ci ildən “İqtisadiyyatın idarə edilməsi”, 1994-cü ildən “Menecment və sahibkarlığın fəaliyyəti”, 2004-cü ildən 2022-ci ilin sentyabrına kimi “Menecment” kafedrasının müdiri vəzifəsində çalışıb.
K.Şahbazov dəfələrlə Moskvanın ixtisasartırma institutlarında stajkeçmə yolu ilə öz ixtisasını artırmışdır və Menecment ixtisası üzrə Biznes Məktəbini bitirmişdir. Dəfələrlə müasir problemlərə həsr olunmuş beynəlxalq elmi konfranslarda və simpoziumlarda iştirak etmiş və maraqlı məruzələrlə çıxış etmişdir.
Ali məktəbdə fəaliyyəti dövründə K.Şahbazov kamil məruzəçi, bacarıqlı müəllim kimi seçilməklə yanaşı, elmi ictimaiyyət tərəfindən müasir problemlərə həsr olunmuş elmi forumlarda orijinal çıxışları ilə fərqlənən prinsipial iqtisadçı-alim kimi tanınır.
K.A.Şahbazov pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirmişdir. İşlədiyi illər ərzində onun “Управление адаптацией пер­сонала в условиях фор­ми­рования рынка тру­да”, “Müasir menecment” (I və II hissələr), “Antiböhranlı idaəetmə”, «Управление про­изводственно-профессио­нальной адаптацией кад­ров» və s. monoqrafiya, dərs vəsaitləri, elmi məqalələri çap olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən Kamil Şahbazova təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Kamil müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir.
Onun yüksək insani keyfiyyətləri - səmimiliyi, prinsipiallığı, dürüstlüyü onu digərlərindən fərqləndirir. Kamil müəllim son dərəcə sadə, humanist təbiətli bir alimdir. Gənc iqtisad­çılara qarşı çox mehriban və qayğıkeşdir.
Bizi Kamil müəllimlə səmimi dostluq münasibətləri bağlayır. O, dostluqda etibarlı və sadiqdir. Bu uzun illərin dostluğudur. Əziz dostumuzu, 75 illik yubileyini qeyd edən Kamil Şahbazovu bu münasibətlə təbrik edir, uzun və sağlam ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

akademik Ziyad Səmədzadə,
professor Məhiş Əhmədov