PORTRET

Mənalı ömrün 60-cı baharı

  • 07.03.2024

İnsanlar həyata doğumla başlayırlar. İkinci ən böyük addım isə məktəbdən başlayır. Valideynlərdən sonra uşağın ilk qarşılaşdığı və güvəndiyi şəxs müəllim olur. Müəllimlər sabahın memarlarıdır. Onlar bilik və dəyərləri aşılayan, gələcəyi quran qəhrəmanlardır. Onlar təkcə kitablarda yazılanları deyil, həm də həyatı, düzgün yaşamağı öyrədirlər.
Yüksək əqidə, məslək sahibi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində əvəzsiz xidmətləri olan dəyərli müəllimələrimizdən biri də mənalı ömrünün 60-cı baharına qədəm qoyan Mahniyar Məmməd qızı Tarverdiyevadır. O, 1 mart 1964-cü il tarixində Qərbi Azərbaycanın Mehri rayonunun Nüvədi kəndində dünyaya göz açıb. 40 ilə yaxın zəngin pedoqoji təcübəyə malik müəllimə hazırda Bakı şəhəri, Nərimanov rayonu İltifat Hacıyev adına “Tərəqqi” liseyinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi, həmçinin metodbirləşmə sədridir.
Mahniyar müəllimə layiqincə təmsil etdiyi peşənin bütün pillələrindən şərəflə keçib – gənc sıravi müəllimlikdən tutmuş, qocaman pedaqoqadək... Şagirdləri, tərəqqisinə ömrünün ən məhsuldar illərini həsr etdiyi “Tərəqqi” liseyinin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar. Onun pedaqoji fəaliyyəti dövründə yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında rolu danılmazdır. Təkcə bilikləri vasitəsi ilə deyil, xarakterindəki bütövlük, zənginlik, sözü və əməlindəki vəhdətlə də şagirdlərinə çox şey öyrədib. Azərbaycan dilinin və ədəbiyyatının mahir bilicisi olan Mahniyar müəllimə bir sıra elmi-publisistik məqalələrin müəllifidir. Müxtəlif qiymətləndirmə imtahanlarından yüksək nəticələr qazanıb, müxtəlif müsabiqələrdə çalışdığı təhsil müəssisəsini uğurla təmsil edib. Zəngin pedaqoji təcrübəyə malik olan müəllimə metodik ustalıqla Azərbaycan dili, əsrlərlə yaşı olan qədim, eyni zamanda müasir ədəbiyyatı barədə şagirdləri məlumatlandırmağı özünün əsas missiyası, layiqli vətəndaşların yetişdirilməsinə töhfələr verməyi isə vəzifəsi hesab edir.
Ömrünün ən dəyərli illərini təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr edən ləyaqətli ana, sevimli nənə, mehriban dost, ziyalı insan, hörmətli və əzizimiz Mahniyar müəllimə!
60 illik ziyalı ömrünüz günəş kimi parlayaraq sizdən örnək götürən hər bir kəsin yollarına şəfəq saçır. Nümunəvi davranışınız, insani keyfiyyətiniz əsl müəllim obrazının simvoludur. Simanızdakı nuranilik, çöhrənizdəki təbəssüm heç vaxt əksik olmasın! Ulu Tanrıdan sizə möhkəm cansağlığı, bahar tək ətirli ömrünüzün uzun olmasını arzulayır, yubileyinizi ürəkdən təbrik edirik!