PORTRET

O, adını həm tarixdə, həm də ürəklərimizdə əbədi yazdı

  • 07.03.2024

“Milli tariximizdə kifayət qədər qadınlarımız var ki, onların həyat və fəaliyyətinin araşdırılmasına, kitablaşdırılmasına ehtiyac duyulur. Düşünürəm ki, yeni müəlliflər bu işi davam və inkişaf etdirəcəkdir. Əgər mənim kitabım yeni nəşrlər üçün bir mənbə, model olarsa, bundan ancaq şad olardım”.

Qənirə Paşayeva


 

Qarşımda bir kitab var: mərhum Qənirə Paşayevanın “Tarixə adını yazan Azərbaycan qadınları” adlı kitabının 1-ci cildi. Düz bir il əvvəl çap olunub, yüksək səviyyədə təqdimatı keçirilib. Kitab müstəqil Azərbaycan respublikasında dövlət qadın siyasətinin əsasını qoymuş ümummilli lider Heydər Əliyevin və onun vəfalı ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə nəşr olunub. Bu kitabı ilk dəfə gördüyüm zaman məni böyük maraq bürümüşdü, görəsən, bu kitabda kimlərin adları var? Tariximizə adını yazdırmağı bacaran Azərbaycan qadınları daha kimlərdir?
Bu topluda yer almış Azərbaycan qadınlarının əksəriyyətini tanısam da, bə­zilərinin çətin həyatı, mübarizəsi haq­qın­da olduqca az məlumatım var idi. Onlar Azərbaycanın tarixində, ictimai-­siyasi həyatında, mədəniyyət və incə­sənətinin inkişafında xüsusi xidmətləri olmuş görkəmli qadınlardır. Qənirə xanımın özünəməxsus üslub və peşəkarlıqla qələmə aldığı bu kitabda sayılıb- seçilən Azərbaycan qadınlarının hər biri haqqında arxivlərin sirli səhifələrindən “tapılmış”, çoxlarının eşitmədiyi, bilmədiyi həqiqətlər öz əks olunub. Qənirə xanımın qəhrəmanları fərqli dövrlərdə, müxtəlif ictimai-siyasi mühitlərdə yaşayıb-yaratsalar da, Azərbaycan qadını adını qürurla və ləyaqətlə daşımış, layiq olduqları ən uca zirvələri fəth edə bilmişlər, adlarını tarixin səhifələrinə şərəflə yazmışlar. Bu topluda ictimai-­si­yasi xadimdən tutmuş maarifçi, şair, müəllim, musiqiçi, jurnalist qadınların həyat hekayələri verilib. Hər biri öz sahəsində dövrünün amansız, sərt qaydalarına baxmayaraq, tutduğu amal uğrunda ləyaqətlə mücadilə etmiş, keşməkeşli, iztirablı, bəzən də məhrumiyyətlə dolu mübarizə yolu keçmişdir.
Kitabda yer almış qadın şəxsiyyətlərin həyat hekayələri ilə tanış olduqca müəllifin hər bir qəhrəmanına xüsusi həssaslıqla yanaşmasının, hər birinin siyasət, elm, ədəbiyyat, poeziya, mədəniyyət, xal­qının tərəqqisi, maariflənməsi üçün gös­tərdiyi xidmətlərini yüksək dəyərləndi­rərək, oxu­culara çatdırmasının şahidi olursan. Bu isə onları bizdən ayıran zaman məsa­fəsinin uzunluğuna baxmayaraq, vətən­pərvər, mübariz, saf əqidəli, böyük güc sahibi olan qadınların hər birini bizə yaxınlaşdırır, doğmamıza çevirir. Kitabda diqqətimi çəkən məqamlardan biri də məhz bu oldu ki, müəllif hər bir qəhrəmanı haqqında söz açarkən onun yaşayıb-yaratdığı mühitn, həmin dövrün dəqiq mənzərəsini çəkərək, oxucunu tarixi hadisələrlə də mə­lumatlandırır. Bu isə tariximizdə nələrin baş verdiyini bilmək və onları obyektiv qiymətləndirmək baxımından olduqca əhəmiyyətlidir.
Kitabı vərəqlədikcə düşünürdüm, Qənirə xanımın gerçəkləşdirdiyi bu ideya nəinki qadınlar, qızlar üçün, hər bir insan üçün həyat məktəbinin çətin imtahanlarından qürurla, fədakarcasına çıxmağın, cəsarətli olmağın yollarını öyrədir. Onun hələ bir neçə il əvvəl “Tarixə adını yazan qadınlar”... üçcildliyi işıq üzü görmüş və çoxsaylı oxucular tərəfindən böyük rəğbət və maraqla qarşılanmışdı.
Azərbaycan qadınları haqqında isə son dərəcə maraqlı, çoxlarına məlum olmayan faktları araşdırıb toplamaq və böyük fəxrlə oxuculara təqdim etmək müəllifin xalqının övladlarına olan böyük ehtiram və məhəbbətinin təcəssümüdür.
Əslində hələ ötən il, onun vaxtsız ölümünü heç ağlımıza belə gətirmədiyimiz bir vaxtda mündəricatda bu qadınların sırasında nə vaxtsa müəllifin adının da olacağına şübhə etmirdim.
Bəli, məhz Qənirə xanım tarixə adını yazan Azərbaycan qadınlarını bu günümüzə, gələcəyimizə tanıtmağı öhdəsinə götürdü. Çünki onları o, daha yaxından görə, duya bildi, sevdi və sevdirməyə çalışdı, onlar barədə böyük hörmət və qürurla yazdı. Çünki o, sevməyi, duymağı bacaran, heç kimsəyə mərhəmətini əsirgəməyən həssas bir ürək sahibi idi. Millətinin yanında olan millət vəkili idi, xəstələrin yanında şəfa qaynağı, döyüşən əsgərlərimizə mənəvi dayaq, şəhid analarımızın təsəlli və ümid çırağı idi, həm də kövrək qəlbli bir xanım idi.
Qənirə Paşayeva fərqli, həm də aktual mövzularda yazılmış onlarca bədii və publisistik kitabın müəllifidir. Özünə­məxsus ədəbi tərzdə qələmə aldığı bu kitab haqqında özünün də qeyd etdiyi kimi: “Bu kitabı yazmaqda əsas məqsədim tarixə adlarını yazan, “ilk”lər yaradan qadınlarımızın həyatını, fəaliyyətini gənc qızlarımıza örnək kimi göstərmək olub. Bu kitab ən azı yüz qıza ünvanlanıb. Bu qadınların hekayətləri, çətinliklə əldə etdiyi uğurlar qızlarımızın hədəfə çatmaları üçün yardımçı olacaq”. Əlbəttə ki, olacaq və təkcə onların yox. Elə məhz Qənirə xanımın öz həyat yolu da qızlarımız üçün bir örnəkdir. Çünki bir Azərbaycan qadını kimi o, nəinki tarixə, həm də yüz minlərlə insanın ürəyinə öz adını yaza bildi.
P.S. Bu günlərdə - mərhum Qənirə xanımın doğum günü ərəfəsində onu bir daha xatırlamaq, qoymuş olduğu mənəvi irsin bir nümunəsi haqqında fikirlərimi oxucularla bölüşmək istədim. Düşünürəm ki, Qənirə xanımın başladığı bu savab işi onunla birgə çalışanlar davam etdirsələr, onun da ruhu şad olar. Axı, xalqımızın adı tarixdə əbədi qalacaq hələ neçə-neçə övladları var. Nur içində yatsın!

Aytən Səmədzadə