PORTRET

İsa Alıyev

  • 14.03.2024

Tanınmış iqtisadçı alim, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor İsa Hüseyn oğlu Alıyev martın 9-da vəfat etmişdir. İsa Alıyev 1953-cü il oktyabrın 8-də Dərələyəz mahalının Qalaser kəndində anadan olub. Orta məktəbi 1970-ci ildə bitirmiş, həmin ildə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Siyasi iqtisad ixtisasına qəbul olmuş və 1975-ci ildə orada təhsilini uğurla başa vurmuşdur. O, 1975-1976-cı illərdə Moldovada sovet ordusu sıralarında qulluq etmişdir. 1982-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda “Aqrar sənaye birliklərində iqtisadi mənafelərin əlaqələndirilməsi” mövzusunda Siyasi iqtisad ixtisası üzrə namizədlik, 2005-ci ildə “Azərbaycanda aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdi­rilməsi” adlı doktorluq dis­sertasiyasını müdafiə etmişdir. 2010-cı ildə İqtisadiyyat nəzəriyyəsi ixtisası üzrə professor elmi adını almışdır.
İ.Alıyev 2008-2014-cü illərdə İqtisadiyyat İnstitutunun direktoru, 2014-2017-ci illərdə AMEA Azad Həmkarlar Təşkilatının sədri vəzifələrində işləmişdir.
O, aqrar sahə üzrə ölkənin tanınmış iqtisadçı alimlərindəndir. Uzun illər İqtisadiyyat İnstitutunun aqrar elminin inkişafı problemləri ilə məşğul olan şöbəyə rəhbərlik etmişdir. 40-dan çox beynəlxalq və 100-dən çox respublika miqyaslı elmi tədbirlərin iştirakçısı olmuşdur. Ümumilikdə, 400-ə yaxın məqalə, tezis, qəzet yazılarının, o cümlədən xaricdə nəşr olunmuş 45 elmi əsərin, 9 fərdi, 15 kollektiv monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Bilavasitə onun rəhbərliyi və konsultantlığı ilə 5 elmlər doktoru və 46 fəlsəfə doktoru hazırlanmış, 40-a yaxın elmlər doktoru və fəlsəfə doktoruna rəsmi opponentlik etmişdir.
Professor İ.Alıyevin bir sıra elmi əsərləri - Azərbaycan Respublikasında aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi, Milli iqtisаdiyyаt və аqrаr sənаyеnin inkişаf prоblеmləri, Qloballaşma şəraitində aqrar sahənin dayanıqlı inkişafının təmin olunmasının sosial-iqtisadi problemləri, Aqrar sahənin inkişafına dair ümumiləşdirilmiş təklif və tövsiyələr (makroiqtisadi səviyyədə), Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən mühüm əhəmiyyətli işlər kimi dəyərləndirilmişdir.
İ.Alıyev AMEA-nın İqtisa­diyyat İnstitutunun “Elmi Əsərlər” toplusunun, “Mo­der­nləşmə xətti”, “Elm və in­novasiya texnologiya” jurnal­larının Baş redakto­ru, AMEA-nın RH-nin “İq­tisa­diyyat Xəbərləri”, Koope­rasiya Universiteti­nin “Kooperasiya” və Ba­kı Biznes Universitetinin “Audit” jurnallarının reda­ksiya heyətinin üzvü olmuşdur. Həmçinin, bilavasitə onun redaktəsi ilə 150-yə yaxın elmi monoqrafiya, dərslik və kitablar nəşr olunmuşdur.
2011-ci ildə Avropa Biznes Assambleyasının (ABA) Ekspertlər Şurası tərəfindən “İlin ən yaxşı top-meneceri” (Böyük Britaniyanın Oksford şəhərində), Avropa Təbiətşümaslıq Aka­demiyasının xüsusi mü­kafatına layiq görülmüş, 2012-ci ildə “ELMDƏ AD” fəxri tituluna və müvafiq diploma, həmçinin “Dünya elminə nailiyyətlər üçün” nişanı ilə təltif olunmuş (İrlandiyanın Dublin şəhərində), 2013-cü ildə isə Avropa Biznes Assambleyası tərəfindən Beynəlxalq Sokrat mükafatına layiq görülmüşdür.
Alim Avrasiya Beynəlxalq İqtisadçılar İttifaqının yaradıcılarından biri, Avropa Təbiət Elmləri Akademiyasının üzvü idi.
İ.Aliyev 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tə­rəqqi” medalı ilə təltif edilmişdir.
ETN İqtisadiyyat İnstitutunun kollektivi professor İsa Alıyevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyir.

Allah rəhmət eləsin!