PORTRET

Hüseynov Heydər Nəcəf oğlu (1908-1950)

  • 16.07.2020

Hüseynov Heydər Nəcəf oğlu  (1908-1950)

 

Görkəmli Azərbaycan filosofu Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda anadan olmuşdur.
H.Hüseynov Bakının 18 saylı məktəbinin şagirdi olmuş, erkən gənclik yaşlarından əmək fəaliyyətinə başlamış, 1924-cü ildə Pedaqoji Texnikuma daxil olmuş və texnikumun kitabxanasında işə başlamışdır. H.Hüseynov 1927-1931-ci illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Universitetdə oxuduğu illərdə isə Maştağa kəndində 17 saylı və Bakı şəhərində 59 saylı orta məktəblərdə müəllimlik etmişdir.
H.Hüseynov Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun fəlsəfə şöbəsinə aspiranturada oxumağa göndərilmiş və aspiranturanı bitirdikdən sonra pedaqoji fəaliyyətə başlamış, 1932-ci ildən 1936-cı ilə qədər M.Əzizbəyov adına Qırmızı Bayraqlı Sənaye İnstitutunda və Sovet Ticarəti İnstitutunda fəlsəfədən dərs demişdir.
Onun Əhmədağa Kazımovla birlikdə yazdığı və 1935-ci ildə nəşr olunan “Dialektik materializm” adlı ilk fəlsəfi əsəri gələcək filosofun elmdə atdığı ilk uğurlu addım idi.
1936-cı ildən elmi fəaliyyətini Azərbaycan Sovet Ensiklopediyası Komitəsində davam etdirən H.Hüseynov komitənin əvvəlcə elmi işçisi, bir qədər sonra katibi olmuş, 1939-cu ildən SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutunda direktor vəzifəsində çalışmışdır.
H.Hüseynov 1939-cu ildə Tiflis şəhərində “M.F.Axundovun fəlsəfi görüşləri” adlı dissertasiya müdafiə etmişdir.
Müharibə illərində M.Arif və H.Hüseynovun redaktorluğu altında “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”nin ikicildliyinin nəşr edilməsi də humanitar elmin böyük uğuru oldu. Azərbaycanın fəlsəfi və ictimai-siyasi fikir tarixinə dair tədqiqat əsərlərinə görə ona fəlsəfə elmləri doktoru elmi dərəcəsi və professor adı verilmişdir. Azərbaycan tərcümə məktəbinin əsasını qoyan, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından olan H.Hüseynov 100-dən çox elmi məqalə yazmaqla yanaşı, Bəhmənyar, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işləri aparmışdır.
H.Hüseynovun baş redaktoru olduğu dördcildlik “Rusca-azərbaycanca lüğət” (1940-1946) dövrün elmi mühitində nəzərə çarpan hadisələrdən idi. O, bu lüğətin ərsəyə gəlməsində rolu olan Azərbaycan SSR EA-nın Dillər İnstitutunun direktoru Y.Mirbabayev və həmin institutun lüğətlər şöbəsinin müdiri Ə.Orucovla birlikdə 1947-ci il üçün elm sahəsində Dövlət Mükafatına – ikinci dərəcəli Stalin Mükafatına layiq görülmüşdür.
1945-ci il yanvarın 23-də SSRİ Xalq Komissarları Soveti Filialın Azərbaycan Elmlər Akademiyasına çevrilməsi haqqında qərar qəbul etdi. Yeni yaradılan Azərbaycan Elmlər Akademiyasına seçilən 15 həqiqi üzv arasında H.Hüseynov da vardı. Həmin il martın 31-də Akademiyanın ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident, Heydər Hüseynov isə prezidentin müavini seçildi. O, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda, Akademiyanın İctimai Elmlər Bölməsinin sədri olmuşdur. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiri, 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olmuşdur.
Universitetin tarix fakültəsinin nəzdində “Fəlsəfə” şöbəsinin, filologiya fakültəsində “Məntiq və psixologiya” şöbəsinin açılması, Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsi tərkibində Fəlsəfə və Hüquq İnstitutunun yaradılması H.Hüseynovun adı ilə bağlıdır.
H.Hüseynovun yaradıcılığında mühüm yer tutan “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabı rus dilində yazılmış, əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilmişdir. Bu fundamental əsərə görə o, 1950-ci ildə Stalin Mükafatına layiq görülmüşdür.
H.Hüseynov 17 avqust 1950-ci ildə vəfat etmişdir.