Neft-kimya sənayesinin fəal qurucularından biri - Qasım Qasımov
İnsan ona əmanət edilən ömrü, həyatı yalnız bir dəfə yaşayır. Bu ömrü necə yaşamaq, hansı şəkildə başa vurmaq isə onun öz əlindədir. Kimi bu əmanəti bərk-bərk tutaraq, özü üçün necə sərf edəcəyini düşünür, kimi isə öz varlığının hüdudlarını aşaraq, ömrünü xalqına və dövlətinə həsr etməyə, onun üçün faydalı olmağa çalışır. Özü üçün heç nə etmədən, ömür müddətini düşünmədən...
Belə insanlardan biri də Azərbaycanın zəngin neft tarixində özünəməxsus yeri və rolu olan, böyük təşkilatçı və öz işini yaxşı bilən mütəxəssis, dərin hörmət və nüfuza malik olan, ölkəmizi dünyada layiqincə təmsil etmiş neftçi-alim Qasım Qasımov olmuşdur. 1930-cu il iyul ayının 25-də Bakıda dünyaya göz açan Qasım müəllimin həyatının uşaqlıq və yeniyetməlik dövrləri heç də asan olmamış, ağır repressiya və müharibə illərinə təsadüf etmişdir. Lakin bütün çətinliklərə baxmayaraq, o, səylə çalışmış, qarşısına qoyduğu məqsədə doğru irəliləmişdir. Bəli, Qasım müəllim lap uşaqlıq vaxtlarından öz həyat yolunu artıq müəyyənləşdirmişdi, məqsədini və məramını dəqiq bilirdi. Qohumları ondan böyüyəndə nə olacağını soruşduqda, “mən “incinar” olacağam” deyirdi və dediyi kimi də oldu. 1948-1953-cü illərdə o, Azərbaycan Sənaye İnstitutunda (indiki ADNA) neftin emal texnologiyası ixtisası üzrə ali təhsil alaraq “incinar” diplomuna və mühəndis ixtisasına yiyələnir. 1953-cü ildə təhsilini başa vurduqdan sonra “Azneftyağ” NEZ-də qurğu rəisi vəzifəsinə təyin olunur. 1957-ci ildə Respublika KP Mərkəzi Komitəsinin qərarı ilə Moskvaya, məzunları əsasən keçmiş müttəfiq respublikaların nümayəndələrindən olan Xarici Ticarət Nazirliyinin Akademiyasına göndərilir. O, 1960-cı ildə bu akademiyanı bitirən ilk azərbaycanlı mütəxəssis olmuşdur.
Qasım Qasımov akademiyanın son kursunda təhsil aldığı illərdə Hindistana ezam olunmuş, bu ölkənin neft sənayesini, neft və neft məhsullarını öyrənən qrupa rəhbərlik etmişdir. Akademiyanı bitirdikdən sonra onun ilk iş yeri Kuba Respublikası olmuşdur. 1960-1968-ci illərdə isə o, Kuba Respublikasında SSRİ Xarici Ticarət Nazirliyinin “Soyuznefteksport” birliyinin səlahiyyətli nümayəndəsi, sonra isə SSRİ Nazirlər Sovetinin Elm və Texnika Komitəsinin elmi-texniki məsələlər üzrə eksperti olmuşdur.
1968-ci ildə vətənə dönən Qasım Qasımov əvvəlcə A.Caparidze adına Bakı Neft-Yağ zavodunun, daha sonra isə Bakı Neft-Qaz zavodunun direktoru vəzifəsində çalışır və hər iki müəssisənin sürətli inkişafında müstəsna xidmətlər göstərir.
1969-cu ildə isə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsi ölkəmizin bütün sahələrində olduğu kimi, neftayırma sənayesində də ciddi irəliləyişlərə və inkişafa səbəb olur. Bu sahənin nüfuzlu mütəxəssislərindən biri kimi Qasım Qasımova göstərilən etimadın nəticəsi olaraq o, Azərbaycan Respublikası Neft Emalı və Neft-Kimya Sənayesi nazirinin birinci müavini vəzifəsinə təyin olunur. Onun adlı-sanlı alimlər və aparıcı mütəxəssislərlə sənayenin bu mühüm sahəsi üçün hazırladığı “yenidənqurma proqramı” yüksək qiymətləndirilmiş, bu proqrama əsasən neft emalı zavodlarında yeni texnoloji qurğuların inşası, mövcud qurğularda yeni avadanlıqların quraşdırılması, rekonstruksiya işləri aparılmışdır.
Respublika rəhbərinin göstərişi ilə 1976-cı ildə Fransaya ezam olunan Qasım Qasımov “Litvin” kompaniyası ilə 25 günlük danışıqlardan sonra YBNZ-də (indiki H.Əliyev adına NEZ) qurulacaq katalitik riforminq qurğusunun Azərbaycana gətirilməsinə nail olmuşdur. 1979-cu ilin sonlarında zavoda direktor təyin olunduqdan sonra o, həmin vaxt zavodda yaranmış çətin vəziyyətin aradan qaldırılması işinə rəhbərlik etmiş, müəssisəni düşdüyü gerilikdən çəkib çıxara bilmişdir.
1981-ci ildən taleyini AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə bağlayan Qasım müəllim burada uzun illər çalışmış və zəngin tədqiqatlar aparmışdır.
1986-cı ildə Ümumittifaq “Olefinlər” elmi tədqiqat institutunda namizədlik dissertasiyasını uğurla müdafiə edən Qasım Qasımova SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “Texnika elmləri namizədi” elmi dərəcəsi verilmişdir.
Bacarıqlı və təşəbbüskar alim çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Onun ixtira və səmərələşdirici təkliflərinin tətbiqi ilə sənaye müəssisələri külli miqdarda gəlir əldə etmişlər.
O, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdirinin müavini, şöbə müdiri, baş mühəndis əvəzi, “Neft və neft emalı məhsullarının standartlaşdırılması və metrologiya” laboratoriyasının rəhbəri olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi ilə NEZ-in texnoloji qurğularında maye qazların çənə doldurulması, saxlanması, boşaldılması zamanı mövcud itkilərin təyini üzrə hesablamaların aparılması, lazımi normativ sənədlərin hazırlanması həyata keçirilmişdir. Q.Qasımov NEZ-də uzun müddət istifadə olunmayan neft məhsullarının, reagentlərin, katalizatorların NKPİ-nin laboratoriyalarında sınaqdan keçirilməsini təşkil etmiş, səmərəli istifadəsi üçün tövsiyələr hazırlamışdır.
Qasım müəllim həm ölkəmizdə, həm də ölkəmizin sərhədlərindən kənarda işlədiyi dövrlərdə qurub-yaradan, savadlı və bacarıqlı bir mütəxəssis olmuş, yaradıcı bir şəxsiyyət kimi həyata keçirdiyi işlərdə bütün qüvvə və bacarığını səfərbər etmişdir. Elmi-təşkilati işlərlə bərabər, gənc kadrların ixtisaslı mütəxəssis kimi hazırlanmasında mühüm rol oynayan Qasım Qasımovun bir pedaqoq kimi fəaliyyəti də diqqətəlayiqdir. O, neft emalı və neft kimyası sənayesinin inkişafı ilə əlaqədar beynəlxalq əlaqələndirici şuraların, bir çox konqres və konfransların iştirakçısı olmuş, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və bir sıra medallarla təltif edilmiş, “Əla neft emalı mütəxəssisi”, “Fəxri səmərələşdirici” adlarına layiq görülmüşdür.
Ömür dastanının zəngin səhifələrini vərəqlədiyimiz Qasım Qasımov həyatda olsaydı, bu il 90 yaşına qədəm qoyacaqdı. Lakin 8 ildir ki, bu dünyadan köçən Qasım müəllimi, həyatını elmin inkişafına həsr etmiş bu görkəmli alimi bu gün də dostları, əzizləri, sevənləri çox böyük rəğbətlə yad edir, onun çox xoşxasiyyət və səmimi insan, sözlərinin dəqiq və mənalı olduğunu, hər zaman haqqı deyib, haqqın yanında durduğunu bildirirlər. İşgüzar, bildiyini ətrafdakılara ötürməyə çalışan, hər nə olursa-olsun ədalət hissini itirməyən bu istedadlı alim məhz bu zəngin mənəvi davranışları ilə hər zaman özünü sevdirməyi bacarmışdır. Böyük təşkilatçı və təvazökar mütəxəssis kimi, dərin hörmət və nüfuza malik olsa da, öz elmi potensialını daim təkmilləşdirməyə çalışmış, yeni nəsil üçün örnək ola biləcək mənalı həyat yaşamışdır. Başı üzərində əsən sərt küləklərə məhəl qoymadan öz mülayimliyini qorumağı bacaran bu istedadlı alim həm də fərqli düşünən, həyatını ləyaqətlə yaşayıb, beləcə də başa vurmağa çalışan, əməksevər, məsuliyyətli, öz peşəsinin yiyəsi biri olmuşdur.
İstehsalatda və elmdə qazandığı nailiyyətlərlə yanaşı, o, həm də çox gözəl ailə başçısı olmuş, qayğıkeş ata və sevimli baba kimi əzizlərinin sevimlisinə çevrilmişdir.
Son olaraq Qasım Qasımovun bütün həyatına nəzər saldıqda onun ümummilli lider Heydər Əliyevin dediyi, “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”, müdrik kəlamına sidqi-ürəklə sadiq qalaraq, bu sözlərin həyata keçirilməsində öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyini demək mümkündür. Biz də Qasım müəllimin 90-cı yubiley ilində xatirəsini yad edənlərə qoşulur, Allahdan ona rəhmət diləyirik...
Hazırladı:
Mətanət Hüseynova