Azərbaycanın zəhmətlə yüksələn ilk xanım auditoru
«Tərəqqi» medalçısı, Аzərbaycan Respublikası Auditorlar Palatasının “Fəxri üzvü”, ömrünün təxminən 55 ilini ölkəmizin iqtisadi sahələrindəki işlərə həsr etmiş və 1996-cı ilin aprelindən - ölkəmizdə Auditorlar Palatasının fəaliyyətə başladığı ilk gündən işləyərək böyük nüfuz qazanmış, zəhmətlə yüksələn Azərbaycanın ilk xanım auditoru, bacarıqlı təşkilatçı, qayğıkeş həmkar və mehriban insan olan Nigar Məmməd qızı Rəhimovanın 80 yaşı tamam olur.
N.Rəhimova 1940-cı ilin 31 iyul tarixində Gəncə şəhərində anadan olmuş, ziyalı ailəsində boya-başa çatmış və hər bir soydaşımıza örnək olası şərəfli ömür yaşamaqdadır. Atası Rəhimov Məmməd Məmmədrəhim oğlu uzun müddət Gəncə şəhər maliyyə idarəsinin rəisi vəzifəsində çalışmış, anası Şahzərifə xanım isə evdar qadın olmuşdur. Ona valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi həyat yollarında düzgün müəyyənləşmiş istiqamət olmuş, erkən yaşlarında qəlbində elmə, biliyə sonsuz həvəs oyatmışdır. Nigar Rəhimova peşə seçimində atasının yolunu tutmuş, mənalı ömrünün təxminən 55 ilini rəqəmlər dünyasında keçirmişdir. Orta məktəbi bitirdikdən sonra bir müddət, 1957-59-cu illərdə Gəncə şəhərində məhkəmədə əmək fəaliyyətinə başlamış, lakin sonradan peşəkar maliyyəçi olan atası Məmməd Rəhimovun təsiri ilə 1959-65-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin «Xalq təsərrüfatının planlaşdırılması» ixtisası üzrə ali təhsil almışdır. Oxuduğu illərdə Bakı şəhəri, Stalin rayonunun Xalq Məhkəməsində və Nazirlər Sovetinin nəqliyyat şöbəsində əmək fəaliyyətini davam etdirmişdir. Öz bilik və bacarığı ilə seçilən gənc mütəxəssis 1967-72-ci illərdə Bakı Şəhər Planlaşdırma İdarəsində sektor müdiri, 1972-93-cü illərdə «Azərittifaq»da mühasib, baş mühasibin müavini və baş mühasib kimi məsul vəzifələrdə çalışmışdır.
Yubilyarın şərəfli əmək fəaliyyətinin sonrakı illəri isə ölkədə audit sisteminin təşəkkülü və inkişafı ilə birbaşa bağlı olmuşdur. N.Rəhimova Azərbaycanın ilk qadın auditoru kimi, 1993-96-cı illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzində baş müfəttiş-ekspert, auditor vəzifələrində, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Auditor xidməti departamentində auditor vəzifəsində və 2001-11-ci illərdə sərbəst auditor qismində çalışmışdır.
1993-cü ildən auditor kimi fəaliyyət göstərən Nigar xanım həm də ölkədə auditin fəal təşkilatçılarından biri olmuşdur. Auditlə bağlı fəaliyyətinin ilk illərini Nigar xanım belə xatırlayır: «Ölkəmiz dövlət müstəqilliyinə təzəcə qovuşmuş, cəmiyyət həyatının digər sahələri kimi iqtisadiyyatda da yeni tipli münasibətlər tədricən formalaşmağa başlamışdı. Nazirlər Kabinetinin o vaxt 157 nömrəli bir qərarı vardı; həmin qərara əsasən bütün kiçik müəssisələr auditor yoxlamasından keçməli idi. Mən onda Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Binəqədi rayon şöbəsində auditor idim. Hökumət qərarına baxmayaraq, müəssisələrin çoxu auditor yoxlamasını yaxına buraxmırdı və bunun da sadə bir səbəbi vardı: auditi sovet dövrünün ənənəvi təftişi ilə eyniləşdirir, özlərinin maliyyə-təsərrüfat fəaliyyətinin düzgün qurulmasında müstəqil (kənar) nəzarətin necə müsbət rol oynaya biləcəyini, sadəcə olaraq, təsəvvür edə bilmirdilər. Ona görə də hər hansı bir müəssisə ilə müqavilə bağlamaq üçün saatlarla izahat verməli olurduq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1996-cı ilin sentyabr ayında «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununu imzaladıqdan və «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə» təsdiqləndikdən sonra ölkədə milli audit sisteminin bərqərar olması və Auditorlar Palatasının formalaşdırılması üzrə işlər başlandı, məni də müvafiq hökumət komissiyasının tərkibinə daxil etdilər; elə o vaxtdan əmək fəaliyyətim bütünlüklə Auditorlar Palatası ilə bağlanmış oldu... ». Elə o vaxtdan da təxminən 20 ilə yaxın N.Rəhimova ölkəmizin audit sistemində ən nümunəvi auditorlardan biri kimi fəaliyyət göstərdi. O, ölkəmizdə audit və konsaltinq xidmətləri bazarında önəmli nailiyyətlər əldə edərək, sərbəst auditorlar arasında öz nüfuzunu möhkəmləndirdi, Auditorlar Palatasının üzvü kimi bütün bilik və bacarığını, işə vicdanlı və məsuliyyətli münasibətini milli audit sisteminin formalaşması və inkişafı işinə sərf edərək, auditor xidmətinin keyfiyyəti və xidmət bazarında sivil rəqabət mühitinin formalaşması uğrunda mübarizədə peşə borcunu daim yüksək səviyyədə yerinə yetirməklə səmərəli fəaliyyət göstərdi, Palatanın əməkdaşları və üzvləri arasında böyük hörmət və rəğbət qazandı. Palatanın ictimai həyatında xüsusilə fərqlənən iş yoldaşlarımızdan oldu. Zəngin həyat təcrübəsi, təşkilatçılıq bacarığı və nəcib insani keyfiyyətləri ölkənin auditorları arasında mehriban münasibətlərin bərqərar olmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərməklə, Azərbaycan auditorları ailəsində daim mehriban münasibətlərin, sağlam işgüzarlıq mühitinin hökm sürməsinə şəxsi töhfəsini verdi. O, həmçinin auditorların və mühasiblərin beynəlxalq və regional qurumlarının keçirdiyi müxtəlif tədbirlərin dəfələrlə iştirakçısı olaraq, hər yerdə ölkəmizi ləyaqətlə təmsil etmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəməmişdir. Peşəsinə ürəkdən bağlılığı, rahatlıq bilmədən çalışmaq ehtirası onun vaxtaşırı olaraq ali və orta ixtisas məktəblərində müəllimliklə məşğul olmasını, Avropa İttifaqının TACİS proqramı çərçivəsində «Mühasibat uçotunun beynəlxalq prinsipləri və auditin texnikası», «Müflisləşmənin sağlamlaşması – sanasiya» mövzularında tədris proqramlarını mənimsəyib müvafiq sertifikatlar əldə etməsini, ABŞ Daxili Auditorlar İnstitutunun üzvü və həmin institutun ölkəmizdə yaradılmış «Audit- Azərbaycan» bölməsi idarə heyətinin üzvü seçilməsini, habelə Hindistanda 45-ci Beynəlxalq Təlim Proqramının iştirakçısı olmasını və orada beynəlxalq sertifikat almasını şərtləndirən başlıca amillərdir. Bütün bunlar Nigar xanımın yüksək intellektual səviyyəsinə dəlalət etməklə bərabər, onun beynəlxalq təcrübədən bəhrələnməklə auditor xidmətini tam müasir səviyyədə reallaşdırmaq istəyinə əsaslı dərəcədə kömək edir.
N.Rəhimova 2012-ci ildən layiqli istirahətə, təqaüdə çıxmışdır. Nümunəvi iş fəaliyyətinə görə Nigar xanımın əmək bioqrafiyasını bəzəyən təşəkkürnamə və tərifnamələr, müxtəlif fəxri fərmanlar və diplomlar, nəhayət, layiq görüldüyü «Əmək veteranı» medalı və “Əmək veteranı” fəxri adı sübut edir ki, o, peşəsinə könül verən, əməyə yaradıcı münasibət bəsləyən və gördüyü işdən həzz almağı bacaran peşəkarlardandır.
Onun göstərdiyi xidmətlər daim Palata rəhbərliyinin diqqətində olmuş, dəfələrlə «Fəxri fərman»lara layiq görülmüş və «Fəxri Auditor» döş nişanı ilə təltif olunmuşdur. Audit sistemində göstərdiyi xidmətlərin dəyəri bununla kifayətlənməmiş, Auditorlar Palatası Şurasının qərarı ilə ona «Fəxri üzv» statusu verilmişdir.
Ən əsası isə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 ilik yubileyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanda auditor xidmətinin inkişafındakı xidmətlərinə görə bir qrup Palata əməkdaşlarının və üzvlərinin «Tərəqqi» medalı ilə təltif edilməsi ilə əlaqədar 2016-cı il 4 aprel tarixli Sərəncamında Nigar xanımın da xidmətləri dövlətimizin başçısı tərəfindən layiqincə dəyərləndirilmiş və həmin Sərəncamda onun adının olması öz yaxınlarını sevindirdiyi kimi, Palatanın kollektivinin də böyük sevincinə səbəb olmuşdur.
Əqidəsi möhkəm, mənəviyyatı saf, davranışı sadə, təvazökar və təmənnasız olan Rəhimova öz prinsipiallığı, vətəndaş mövqeyi, milli qeyrəti yüksək olan xanımdır. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi dövlətinə, millətinə, xalqına və torpağına sadiq olmaqla, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə rəhbərlik etdiyi dövrdə iqtisadi sahədə çalışdığı əmək fəaliyyətindən daim fərəhlə danışır və bu gün həmin siyasətin uğurlu davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin yüksələn dinamika ilə artan iqtisadi reallıqlarına, uğurlarına daim sevinir. Nigar xanım əsl vətənpərvər insan kimi istər ictimaiyyət arasında, istərsə də çalışdığı kollektivdə daim dövlətimizin, xalqımızın güclü olması ilə fəxr edir və böyük inamla vurğulayır ki, yaxın zamanlarda biz hamımız öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın doğma ocaqlarına qayıdacaqlarının şahidi olacağıq.
N.Rəhimova, eyni zamanda, gözəl ailə başçısıdır, 1 oğul və 2 nəvəsi vardır. O, keçdiyi böyük və şərəfli ömür yolunda ailədə daim xoş münasibət və diqqət görmüşdür.
Eyni zamanda, onun belə cavan qalmasında və sağlam həyat yolu keçməsində əməyi, zəhməti olmuş ailə üzvlərindən fəxrlə danışır. Biz hesab edirik ki, ailəyə olan sevgi və məhəbbət gələcək nəsillər üçün nümunə olmalı və onlar bundan daim bəhrələnməlidirlər.
Ömrünün əsl müdriklik çağına qədəm qoyan, auditor xidməti ilə bağlı fəaliyyətinin indiyə kimi çalışdığı vəzifələrdən daha məsul olduğunu vurğulayan hörmətli Nigar xanımı - böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran və heç kimdən köməyini əsirgəməyən qayğıkeş insan, əməksevər və intizamlı həmkar, nümunəvi ailə başçısı, mehriban ana və nurani nənə olan Fəxri üzvümüzü əlamətdar yubiley – anadan olmağının 80 illiyi münasibətilə Auditorlar Palatasının kollektivi və üzvləri adından ürəkdən təbrik edir, ona uzun ömür, həyatda ən şirin nemət olan möhkəm cansağlığı və daim gümrah qalmağı arzulayırıq.
Qoy, ömrünün qarşıdakı hər günü Azərbaycanın ilk qadın auditoru Nigar xanımın həyatına yeni-yeni sevinclər bəxş etsin.
Yubiley ad gününüz mübarək!
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının
sədri, iqtisad elmləri
doktoru, professor
Səbuhi GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının
İcraçı direktoru, Həmkarlar İttifaqı Komitəsinin sədri