PORTRET

Unutsaq.., unudularıq

  • 20.01.2021

Yaşamaq gözəldir, ömür vəfasız. Artıq ölümündən də 10 il ötdü. Yaşasaydı, bu gün­lərdə 85 illik yubileyini qeyd edəcəkdik. Elə 80 illiyini də onsuz qeyd etdik... Xati­rə­lərimizi elə bu qəzetin səhifələrində bölüşmüşdük sizinlə. Heç nə dəyişməyib. Nə Şamil müəllim unudulub, nə onu tanıyanlar, nə xatirəsini yad edənlər. Dəyişən bircə zamandır... Görkəmli alim, səmimi dost, gözəl insan – Şamil Səmədzadə haqqında ürək sözlərimizi sizinlə bir daha bölüşmək istərdik.


 

Bu gün haqqında söhbət açacağımız görkəmli ziyalı, xeyirxah və qayğıkeş alim, rəngarəng yaradıcılığı, insani keyfiyyətləri, həyata baxışı ilə hər kəsin hörmət və istəyini qazanan, qəlblərə yol tapan, xatirələrdə əbədiləşən, əsl vətənpərvər və sözün həqiqi mənasında unudulmaz böyük insan - iqtisad elmləri doktoru, professor Şamil Əliabbas oğlu Səmədzadədir!
Şamil Əliabbas oğlu Səmədzadə 1936-cı il yanvar ayının 27-də Bakının Buzovna qəsəbəsində anadan olmuş, burada orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) maşınqayırma fakültəsinə daxil olmuşdur. 1959-cu ildə institutu “mühəndis-elektrik” diplomu ilə bitirən Ş.Səmədzadə bir il Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda mühəndis və kiçik elmi işçi vəzifələrində çalışmış, 1960-1963-cü illərdə isə Moskvada SSRİ Elmlər Akademiyası Avtomatika və Telemexanika İnstitutunun (sonralar bu elmi tədqiqat müəssisəsi “Texniki kibernetika və İdarəetmə problemləri” İnstitutu adlandırılmışdır) aspiranturasında təhsil almışdır. 1964-cü ildə həmin institutda texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdikdən sonra Bakıya - Azərbaycan SSR EA Energetika İnstitutuna qayıtmış, burada kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutu təşkil edildikdə Şamil Səmədzadə respublikada ilk dəfə yaradılmış “İqtisadi-riyazi metodlar və elektron hesablama texnikasının planlaşdırmada tətbiqi” şöbəsinə rəhbərlik etmək üçün həmin instituta dəvət olunmuş və 1973-cü ilə qədər burada şöbə müdiri vəzifəsində işləmiş, 1980-ci ilə qədər isə planlaşdırma praktikasında iqtisadi-riyazi metodların və elektron hesablama maşınlarının tətbiqi əsasında respublikanın xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi və Azərbaycan SSR Dövlət Plan Komitəsində avtomatlaşdırılmış plan hesablamaları sisteminin yaradılması üzrə baş təşkilat olan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutu Hesablama mərkəzinin müdiri işləmişdir. Bu institutda işlədiyi müddətdə Şamil Səmədzadənin elmi fəaliyyətinin əsas istiqaməti xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsi problemlərinin elmi və texniki nailiyyətlərinin, əsasən, iqtisadi-riyazi metodlar və EHM-in tətbiqi əsasında kompleks tədqiqi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması olmuşdur. Onun rəhbərlik etdiyi elmi kollektiv uzun illər bu sahədə ciddi tədqiqatlar aparmış, sanballı nəticələr əldə etmişdir. Ş.Səmədzadə 1973-cü ildə “Azərbaycan SSR xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1978-ci ildə isə ona professor elmi adı verilmişdir. 1965-1980-ci illərdə Ş.Ə.Səmədzadənin elmi fəaliyyəti Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutu ilə bağlı olmuş, institutun baş mühəndisi, direktor müavini, hesablama mərkəzinin müdiri kimi bu institutun xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin avtomatlaşdırılması sahəsində aparıcı elmi mərkəzə çevrilməsində mühüm rol oynamışdır. Professor Ş.Səmədzadə sənaye tətbiqli avtomatlaşdırılmış planlaşdırma və idarəetmə sistemlərinin yaradılmasında hesablama və rabitə texnikasından geniş istifadə edilməsi ideyasının pionerlərindəndir. Xalq təsərrüfatı sahələrinin və regionların optimal planlaşdırılması və onların praktiki tətbiqi sahəsində onun elmi rəhbərliyi ilə aparılan işlər respublikaya böyük səmərə vermişdir. Professor Ş.Səmədzadənin elmi fəaliyyətində iqtisadiyyatda idarəetmə və informasiya texnologiyasının nəzəri və tətbiqi problemləri mühüm yer tutur. İqtisadiyyatın idarə edilməsi və onun avtomatlaşdırılması sahəsində elmi-tədqiqatların nəticələri alimin “Azərbaycan SSR xalq təsərrüfatının planlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinin metodoloji və metodiki məsələləri” (Bakı, 1972), “Avtomatlaşdırılmış idarəetmə sistemləri” (Bakı, 1977), “Sahələrarası komplekslərin idarə edilməsi” (Bakı, 1986), “Cəmiyyət və kompüterləşdirmə” (Bakı, 1992), “İstehsal menecmenti” (Bakı, 1998), “Sahibkarlığın əsasları” (Bakı, 2000), “İnvestisiya layihələşdirilməsi” (Bakı, 2003), “İstehsal menecmenti” (Bakı, 2006), “İqtisadi subyektlərin iqtisadi təhlükəsizliyi” (Bakı, 2009) monoqrafiyalarında, 100-dən çox elmi məqaləsində ümumiləşdirilmişdir. Professor Ş.Səmədzadə 1965-ci ildən 1980-ci ilə qədər ali məktəblərdə yeni elm sahələri - “İqtisadi kibernetika”, “İqtisadi-riyazi modelləşdirmə və metodlar”, “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “İstehsal menecmenti” dərsliklərini və dərs vəsaitlərini hazırlamışdır.
Ş.Səmədzadənin elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 40 nəfər elmlər namizədi və elmlər doktoru hazırlanmışdır. O, 12 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir. İqtisadi-riyazi modellər və hesablama texnikası vasitələrinin yaradılması, onların xalq təsərrüfatında planlaşdırma və idarəetmə məsələlərinin həllində geniş tətbiqi üzrə işlərinə görə professor Ş.Səmədzadə 1984-cü ildə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.
Ş.Səmədzadə 1980-ci ildən ömrünün sonuna kimi Azərbaycan Texniki Universitetində (keçmiş Politexnik İnstitutunda) sənaye iqtisadiyyatı və menecment kafedrasının müdiri vəzifəsində çalışmışdır. Professor Ş.Səmədzadə kafedra müdiri seçilənədək kafedra əməkdaşlarından cəmi üç nəfərinin elmi dərəcəsi var idi. Professor Ş.Səmədzadə özünün elmi və təşkilatçılıq potensialı ilə qısa müddətdə kafedraya sağlam qüvvələr cəlb etmiş, əməkdaşlar arasında işgüzar, yaradıcı mühit yaratmış, kadr bazasını gücləndirərək onu bu istiqamətdə ölkənin aparıcı elm-tədris mərkəzlərindən birinə çevirmişdir. Onun rus dilindən tərcümə etdiyi onlarca müasir dərslik və dərs vəsaitindən tələbələr geniş istifadə edirlər.
Professor Ş.Səmədzadə Az.TU-da mühəndis biznesi və menecment fakültəsinin əsas yaradıcısı və onun ilk dekanı olmuşdur. Bu gün müstəqillik əldə etmiş və bazar iqtisadiyyatına inamla qədəm qoymuş ölkəmiz üçün həmin fakültə hər il mühəndis biznesi və menecmentin əsaslarına və metodlarına dərindən yiyələnən yüksək səviyyəli bakalavr və magistrlər hazırlayıb.
Azərbaycan xalqı həmişə qüdrətli və vüqarlı olub! Hər zaman dəyanəti, səxavəti ilə, qüruru, qonaqpərvərliyi ilə seçilib. Bu gözəl diyarımız, bu gözəl məmləkətimiz çox böyük şəxsiyyətlər, alimlər, professorlar, akademiklər, yaradıcı insanlar yetişdirib. Belə insanlardan biridir Şamil müəllim!
Şamil müəllim görkəmli elm xadimi olduğu qədər də dərin ədəbiyyat və musiqi xiridarı, xalqımızın ədəbiyyat tarixinə yaxından bələd olan çox gözəl tədqiqatçı-alim idi.
Böyük təfəkkürə malik, insanlığın ən yüksək zirvəsində dayanan, sevinci-kədəri ilə hər kəsin qəlbinə yol tapan, bu gün aramızda olmasa belə, qəlbimizdə əbədi yaşayan, fəxrlə adını çəkdiyimiz əvəzsiz insan, müəllim, alim çox hörmətli Şamil müəllimin 80 illik yubileyi münasibəti ilə biz öz ürək sözlərimizi, fikirlərimizi bildirir, onun xeyirxahlığını xatırlayır, bəzən də ona həsr etdiyimiz, qəlbimizin qanı ilə yazdığımız poetik misralarla vəsf edirik. Qoy ruhu şad olsun!
Bu gün, Şamil müəllim haqqında öz ürək sözlərimizi demək bizim üçün nə qədər ağır olsa da, bir o qədər də şərəflidir.
Çünki Şamil müəllim heç vaxt bizə öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman qeydimizə qalıb, dəyərli və ağıllı məsləhətlər verib. Hər zaman bizə düz yolu göstərib.
Biz Şamil müəllimi hər zaman aramızda hiss edirik. Sanki onun ruhu bizimlə söhbət edir. Xoşbəxt o kəsdir ki, rəhməti sağlığında qazanır, dünyalarını dəyişsələr də, əbədiyaşar olurlar.
Ədalətli, fəzilətli, məfkurəli insanlar sanki nur saçırlar, Şamil müəllim kimi! Öz kökünə-soyuna bağlı insanlıq simvolu kimi!
Biz bu gün qürurla deyə bilərik ki, Şamil müəllim elmin zirvələrinə qalxmış, öz sözünü demiş, elmdə möhür vurmuş bir alim olubdur!
Bu gün, əlbəttə, onun yeri görünür və görünəcəkdir. Onu tanıyan hər kəs yoxluğundan kədərlənir. Amma Şamil müəllim çox xoşbəxt bir ömür yaşadı. Şanlı-şərəfli bir ömür yolu keçdi. Həyatda istədiyi hər şeyə nail oldu. Əlbəttə, böyük zəhmət bahasına!
Bir insan kimi də bu dünyadan köçdü, əbədiyyata qovuşdu. Onu tanıyanlar onun xatirəsini unutmayacaqlar.
İnsan bu dünyada nə qədər yaşasa da, ad-san qazansa da, böyük zirvələr fəth etsə də, yenə də bu həyata çox bağlı olur. Bu həyatdan doymur. Qurub-yaratmaq həvəsi daha çox olur. Ən çox da yaradıcı insanlarda bu, özünü daha qabarıq şəkildə büruzə verir.
Həyat çox gözəldir. Ancaq onun acı tərəfləri də az deyil. Neyləmək olar? Bir gün gələn bir gün bu dünya ilə mütləq vidalaşmalıdır! Həyatın öz qanunauyğunluqları var. Biz isə bu qanunlar qarşısında acizik
Xoşbəxt o kəslərdir ki, bu dünyadan köçsə də, yenə unudulmurlar. Qəlblərdə yaşayırlar. Hər zaman xatırlanırlar Şamil müəllim kimi! Özünü vətəninə, xalqına həsr edən, yoxluğu-varlığı ilə unudulmayan, hər zaman qəlblərdə yaşayan Şamil müəllim kimi!
Təəssüflər olsun ki, bu gün Şamil müəllim aramızda yoxdur. Buna baxmayaraq, biz elə hesab edirik ki, Şamil müəllim bizimlədir. Sanki o, bizimlə söhbət edir və yenə də dəyərli məsləhətlərini verir. Kaş o günlər olaydı.
Ömrünün 75 ilinin tamamına təxminən bir ay qalmış - 2010-cu ilin dekabrında həyatdan köçən professor Şamil Əliabbas oğlu Səmədzadənin elmi ideyaları onun keçmiş tələbələrinin və elmi rəhbəri olduğu aspirant, dissertant və doktorantların əməllərində bu gün də yaşayır və müstəqil Azərbaycanın bu gününə və parlaq gələcəyinə xidmət edir.
Şamil müəllim kimi nurlu, aqil və alim insanlar, xeyirxah və geniş qəlbli dostlar onları tanıyanların qəlbində hələ uzun illər, qərinələr yaşıyacaq və sevilə-sevilə xatırlanacaqdırlar!
Sevimli müəllimimiz, dostumuz, qardaşımız, əzizimiz Şamil müəllim, Allah sizə qəni-qəni rəhmət eləsin! Qəbriniz nurla dolsun! Allahın rəhməti heç vaxt üstünüzdən əskik olmasın! Amin!

Akif MUSAYEV,
AMEA-nın müxbir üzvü,
iqtisad elmləri doktoru,
professor

Qorxmaz İMANOV,
iqtisad elmləri doktoru,
professor

Vahid NOVRUZOV,
iqtisad elmləri doktoru,
professor