PORTRET

Ömrünü Azərbaycan iqtisadiyyatının inkişafına və tərəqqisinə həsr edən alim

  • 16.11.2020

XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda iqtisad elminin müxtəlif məktəbləri yaranmışdır. Bu məktəblərin nümayəndələrindən AMEA-nın müxbir üzvü, professor B.Axundov, professor Ə.Fərəcov və professor H.Dadaşov xüsusi yer tutmuşlar. 1958-ci ildə AMEA-nın tərkibində yaradılmış İqtisadiyyat İnstitutunda işləmişdosent H.Hüseynov, akademik Ə.Mahmudov, AMEA-nın müxbir üzvləri A.Ələsgərov, Ş.Muradov, akademiklər A.Nadirovvə Z.Səmədzadənin Azərbaycanda iqtisad elminin inkişafında böyük rolları olmuşdur.
Keçən əsrin 60-cı illərindən başlayaraq Azərbaycanda iqtisadiyyatın riyazi üsulları elmi istiqaməti inkişaf etməyə başlamışdır. Azərbaycanda iqtisadi-riyazi üsulların və elektron hesablama maşınlarının milli iqtisadiyyatın idarə edilməsi sahəsində prof. C.Babayev, prof. Ş.Səmədzadə, prof. B.Musayev, prof. M.Mustafazadə, dosent Y.Mahmudov kimi görkəmli alimlərin böyük xidmətləri olmuşdur. Həmin dövrdə bu sahədə çalışan alimlərdən biri də AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanovdur.
O, əsrin yarıdan çoxunu, ömrünün çox illərini istər Sovetlər dövründə, istərsə də müstəqillik dönəmində məhz Azərbaycan xalqının və dövlətinin inkişafına, iqtisadi tərəqqisinə, iqtisad elminin sərhədlərinin genişlənməsinə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına həsr etmişdir.
Görkəmli alim olmaqla yanaşı,o, böyük təcrübəyə malik şəxsiyyət, respublikada iqtisadi-riyazi üsullar sahəsində çalışan ilk alimlərdən biri, çoxsahəli elmi fəaliyyətində200-ə yaxın elmi məqalənin müəllifidir,o cümlədən Azərbaycanda çalışan yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında yorulmaz fəaliyyət göstərərək, 28 elmlər namizədi və doktoru yetişdirmişdir.
Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisi, Azərbaycanda iqtisadi-riyazi üsullar elminin yaradıcılarından biri, tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşü ilə ad-san qazanan şəxsiyyətlərdəndir.
İmanov Qorxmaz Cahangir oğlu 1941-ci il aprelin 17-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir.
Orta məktəb illəri İkinci Dünya müharibəsindən sonrakı illərə təsadüf edir. Bu illər ölkədə iqtisadi vəziyyətin pis olmasına baxmayaraq, məktəblərdə şagirdlərin bilik alma cəhdləri yüksək olmuş, məktəblərdə dərs deyən müəllimlərin əksəriyyəti müharibə iştirakçıları və ciddi təlim-tərbiyə tələb edən müəllimlər idi. Ona görə də şagirdlərə verilən bilikləryüksək səviyyədə idi. Orta məktəbdə oxuyarkən Q.İmanov akrobatika və boks idman növləri ilə məşğul olmuş, hətta 1958-1959-cu illərdə Bakı çempionu və ümumittifaq dinamo cəmiyyətlərinin birinciliyində öz yaşıdları arasında ІІ yeri tutmuşdur. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisadiyyat fakültəsində tələbə olmuşdur. Bu dövrdə fakültənin ictimai həyatında iştirak etmiş, fakültə komsomol komitəsinin büro üzvü və Bakı şəhər komsomol komitəsinin ştatdankənar təlimatçısı olmuşdur. Son kursda “Pərakəndə ticarət təşkilatlarında təsərrüfat hesabı və rentabelliyin yüksəldilməsi” yolları mövzusunda yazdığı diplom işi yüksək qiymətləndirilmiş və fakültə elmi şurasının qərarı ilə aspiranturada təhsilini davam etdirmək məsləhət görülmüşdür.
Q.İmanovun elmi fəaliyyətini bir neçə dövrə bölmək olar. 1965-1967-ci illərdə Q.İmanov SSRİ Elmlər Akademiyasının İqtisadi-Riyaziyyat İnstitutunun aspiranturasında təhsil almış və bu dövrdə dissertasiya mövzusu ilə əlaqədar olaraq nəqliyyat prosesində stoxastik (təsadüfi) prosesləri nəzərə almaqla yük daşımalarının və marşrutlarının optimal müəyyən edilməsi modellərinin yaradılması ilə məşğul olmuşdur. 1968-ci ildə “İqtisadi-riyazi modellərin və elektron hesablama maşınlarının ticarət yüklərinin daşınmasında tətbiqi” mövzusunda iqtisad elmləri alimlik dərəcəsi almaq üçün SSRİ EA-nın Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda dissertasiya müdafiə etmişdir.
1968-1971-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işçi və müəllim vəzifələrində çalışmışdır. Bu dövr ərzində Q.İmanov iqtisadi komplekslərin (sənaye, kənd təsərrüfatı, nəqliyyat) optimal fəaliyyətini təmin edən riyazi modellərin tədqiqi ilə məşğul olmuşdur.
1972-1974-cü illərdə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda elmlər doktoru elmi dərəcəsini almaq üçün doktoranturanı keçmişdir. Bu dövrdə müttəfiq respublikaların xalq təsərrüfatının planlaşdırılması modelləriüzərində işləmiş və M.Lomonosov adına Moskva Dövlət Universitetinin nəşrlərində bir neçə məqalə çap etdirmişdir. Dissertasiya işinin mövzusu xidməti istifadə qrifi daşıdığı üçün əksər elmi işlərinin nəşr olunması mümkün olmamışdır.
1975-ci ildə “Müttəfiq respublikaların, xalq təsərrüfatının optimal planlaşdırılmasının inteqrallaşdırılmış modellərinin yaradılması problemləri” mövzusunda (Azərbaycan misalında) iqtisad elmləri doktoru elmi adı almaq üçün SSRİ Elmlər Akademiyasının Mərkəsi İqtisadi-Riyaziyyat İnstitutunda dissertasiya müdafiə etmişdir.
1975-1987-ci illərdə AMEA-nın Kibernetika İnstitutunda “Makroiqtisadi sistemlərin optimallaşdırılması” laboratoriyasına rəhbərlik etmişdir. Bu dövrdə aparılan elmi-tədqiqat işlərinin nəticələri 3 monoqrafiyada: “Müttəfiq respublikaların xalq təsərrüfatının planlaşdırma modelləri”, Bakı, 1977, Elm nəşriyyatı, 92 səh.;“İqtisadi proqnozlaşdırma modelləri”, Bakı, 1983, Elm nəşriyyatı, 158 səh.; “İqtisadi sistemlərin modelləri”, Bakı, 1983, Elm nəşriyyatı, 153 səh. rus dilində nəşr olunmuşdur.
Tədqiqat dövrü ərzində sosial-iqtisadi sistemin mühüm altsistemlərini (istehsal sferası, əmək resursları, maliyyə resursları, ekologiya, maddi balanslar)nəzərə almaqla struktur-funksional riyazi modellər sistemi yaradılmışdır. Bu tədqiqatlar 1982-ci və 1984-cü illərdə SSRİ Elmlər Akademiyasının ümumi iclasında mühüm nəticələr kimi qeyd edilmişdir.
1984-cü ildə Q.İmanov “İqtisadi-riyazi üsulların və elektron hesablama maşınlarının xalq təsərrüfatının idarə olunmasında tətbiqi”nə görə bir qrup alimlərlə (f.r.e.d., prof. C.Babayev, i.e.d., prof. Ş.Səmədzadə, i.e.d., prof. B.Musayev, i.e.d., prof. M.Mustafazadə və t.e.n., dosent Y.Mahmudov) birlikdə elm üzrə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
1987-1993-cü illərdə Q.İmanov Azərbaycan Dövlət Plan komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitunun direktoru vəzifəsində çalışmışdır. Onun rəhbərliyi altında bu dövrdə Azərbaycan Respublikasının perspektivdə elmi-texniki tərəqqi və məhsuldar qüvvələrin yerləşdirilməsi sxemi yaradılmışdır.
1987-ci ildə SSRİ EA-nın İqtisadi Proqnozlaşdırma İnstitutunda keçirilən Ümumittifaq konfranslarda “Elmi-texniki tərəqqinin müttəfiq respublikaların sənayesinə təsirinin qiymətləndirilməsi” və “Proqnozlaşdırmanın ekonometrik modeli” mövzusunda çıxışlar etmişdir.
1988-ci ildə Polşada keçirilən Beynəlxalq Konfransda “Böyük şəhərlərin su ilə təmin olunmasının təhlilinə sistemli yanaşma” mövzusunda məruzə etmişdir.
1989-1992-ci illərdə “Milli İqtisadiyyatın sosial istiqamətləri” mövzusunda bir neçə məqalə çap etdirmişdir.
1992-ci ildə Avstriya Milli Bankının dəvəti ilə Vyanada “SSRİ-nin dağılmasından əvvəl və sonra Azərbaycanın sosial və iqtisadi vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmin məruzə 1992-ci ildə ABŞ Vaşinqton Beynəlxalq İqtisadiyyat İnstitutu tərəfindən kitabın fəsli kimi çap olunmuşdur.
1994-1999-cu illərdə Rusiya Elmlər Akademiyasının Bazar Problemləri İnstitutunda müqavilə ilə baş elmi işçi vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə Azərbaycanda bazar iqtisadiyyatına keçidin problemlərinin tədqiqi ilə məşğul olmuşdur.
1996-cı ildə İtaliyanın İtalTel şirkətinin dəvəti ilə “Xarici İnvestisiyalar və Azərbaycan iqtisadiyyatının perspektiv inkişafı” mövzusunda məruzə etmişdir.
2001-ci ildəAzərbaycan Respublikası Dövlət Elm və Texnika komitəsinin sədri, akad. Azad Mirzəcanzadənin sifarişi ilə “Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri” mövzusunda monoqrafiya yazmışdır (Bakı, Elm, 2001, 248 səh.).
1999-2000-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş müşavir vəzifəsində çalışmışdır.
2001-ci ildə yenidən AMEA-nın Kibernetika İnstitutuna qayıtmış və “Fazi İqtisadiyyat” laboratoriyasını yaratmışdır. Bu laboratoriyanın yaradılmasında əsas məqsəd L.Zadənin “Qeyri-səlis çoxluqlar və məntiq” nəzəriyyəsinin üsullarından istifadə etməklə iqtisadi qeyri-müəyyənlik problemlərini tədqiq etmək olmuşdur.
2001-ci ildən başlayaraq indiyə qədər Q.İmanov müxtəlif Beynəlxalq Konfransların Proqram Komitəsinin üzvü və əsas məruzəçisi kimi çıxış etmişdir.
2003-cü ildə “Müasir iqtisadiyyat, Neyron şəbəkələri, Fazi məntiq” kitabını nəşr etdirmişdir. Kitabda müasir iqtisadiyyatın təhlili, proqnozlaşdırılması və idarə edilməsinin müasir kompüter texnologiyaları – neyron şəbəkələri, fazi məntiq, genetik alqoritmlər və s. vasitələrlə həyata keçirilməsinin istiqamətləri tədqiq edilmişdir.
2006-cı ildə İspaniyada keçirilən Beynəlxalq Konfransda Fazi İqtisadiyyata həsr olunmuş məqaləsini “Fazi çoxluqlar və Məntiq” nəzəriyyəsinin banisi, prof. L.Zadə ilə müzakirə etmiş və onun məsləhəti ilə İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının prezidenti, fazi iqtisadiyyat elminin ilk yaradıcısı, prof. X.Xil Aluxa ilə birgə çalışmalar həyata keçirmişdir.
2011-ci ildə “Elm” nəşriyyatı Q.İmanovun “İqtisadi qeyri-müəyyənlik problemləri və qeyri-səlis modellər” adlı monoqrafiyasını çap etmişdir. Monoqrafiyanın məqsədi qeyri-müəyyənlik şəraitində iqtisadi qərarların qəbul edilməsində informasiya təminatını həyata keçirən metod, model və alqoritmlərin işlənib hazırlanmasıdır. Monoqrafiyada sosial-iqtisadi sistemlərdə qeyri-müəyyənlik problemləri tədqiq edilir, qeyri-müəyyənliyi əmələ gətirən mənbələr, onların tipləri və faktorları təsvir edilir və bu sahədə çalışan məşhur alimlərin tədqiqatları təhlil edilir. Qeyri-müəyyənliyin aradan qaldırılması mexanizmi kimi fazi üsulların və fazi modellərin tətbiqi təklif edilir, sosial-iqtisadi sistemlərin müxtəlif səviyyələrinin modelləri araşdırılır. Bu modellər fazi riyaziyyat, fazi məntiq, fazi ehtimal və mümkünlük nəzəriyyəsinə əsaslanır.
2012-ci ildə Q.İmanov İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının Xarici üzvü seçilmişdir. Bu akademiyaya üzvlük dövründə İspaniyada üç monoqrafiyası: Nobel mükafatı laureatıE.Kindlandın redaktorluğu ilə “İqtisadi inkişafın yeni bazarları: Azərbaycan”, RACEF, 2011, 338 səhifə (ispan dilində);“Sosial-iqtisadi sistemin keyfiyyətinin fazi qiymətləndirilməsi”, RACEF, 2013, Barcelona, 68 səhifə (ingilis dilində);“İqtisadiyyat və Cəmiyyət” , ESERP, Barcelona, 2015, 140 səhifə, (ingilis dilində) nəşr olunmuşdur.
2014-cü ildə ABŞ-da “Kapital bazarında yumşaq hesablamalar” adlı kitabda Q.İmanovun “Maliyyə stabilliyinin təhlili və proqnozlaşdırılmasınınfazi modeli” adlı işi fəsil kimi çap edilmişdir.
Q.İmanov bir neçə dəfə ABŞ universitetlərində elmi məzuniyyətdə olmuşdur.1980-ci ildə bu ölkəyə məzuniyyət vaxtı Texas Universitetində xəttiproqramlaşdırmanın yaradıcılarından biri olan A.Çarneslə, Massaçusets Texnolojiİnstitutunda nobel mükafatı laureatı prof. Cey Forrestor, Merilend Universitetində professor V.Filips, professor N.Nazlı Şükrü, Dyuk Universitetində prof. R.Neylor, Karneqi Melon Universitetində prof. İ.Baybars, Vayn Dövlət Universitetində prof. N.Konrad və s. ilə görüşmüş, aldığı nəticələri onlarla birgə müzakirə etmiş və universitetlərin seminarlarında məruzə ilə çıxış etmişdir. 1990-cı ildə Miçeqan Universitetinin dəvəti ilə ABŞ-da olmuş, iqtisadi sistemlərin modelləşdirilməsi mövzusunda məruzə ilə çıxış etmişdir.
2013-cü ildə Almaniyanın Lambert akademik nəşriyyatında “Sosial sistemin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-səlis modeli” monoqrafiyası çap edilmişdir. Kitabda sosial sistemlər, sosial mobillik və əhali, sosial faktorların keyfiyyəti modelləri və həmçinin milli insan kapitalının keyfiyyətinin müəyyən edilməsinin modeli təklif edilir.
2015-ci ildə isə Lambert akademik nəşriyyatında “Dayanıqlı inkişafın milli strategiyasının qiymətləndirilməsinin modelləri” monoqrafiyası çap edilmişdir. Bu monoqrafiyada dayanıqlı inkişafın səviyyəsini qiymətləndirmək məqsədi ilə iqtisadi, sosial və ekologiya altsistemlərinin qeyri-səlis modelləri təklif edilir.
2016-cı ildən İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının nəzdində fəaliyyət göstərən “İqtisadi tədqiqatların Beynəlxalq Şəbəkəsi”nin üzvüdür. Bu şəbəkəyə üzv olan alimlərin əsas məqsədi dünya iqtisadiyyatının mürəkkəb problemlərinin və iqtisadi sistemlərin gələcəkdə humanistik idarəsinə nail olmağın yollarını göstərməkdir. Üzvlük dövrü ərzində Q.İmanov aşağıdakı məruzələrlə çıxış etmişdir: “Neft ixrac edən ölkələrin milli iqtisadiyyatının inkişafının proqnozlaşdırılması” (2016), “Milli iqtisadiyyatın informasiya sektorunun səviyyəsinin inkişafının qiymətləndirilməsi” (2017), “Milli iqtisadiyyatın yeni sektorlarının resurslarının inkişafının qiymətləndirilməsi” (2018), “Milli dayanıqlı inkişafda humanizm səviyyəsinin qiymətləndirilməsi” (2018), “Ölkənin ixrac həcminin səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi” (2019), “Emiqrasiya faktorlarının qiymətləndirilməsi modelləri” (2019). Yuxarıda adları çəkilən məruzələr akademiyanın uyğun nəşrlərində çap edilmişdir.
2018-ci ildə Springer nəşriyyatı tərəfindən çap edilmiş “İqtisadiyyatda, idarəetmədə və mühəndislikdə olan problemlərin həllinin kompleks sistemləri” adlı kitabda Q.İmanovun “Milli Dayanıqlı inkişafın fazi ölçüsü” adlı işi fəsil kimi çap edilmişdir.
2021-ci ildə Springer nəşriyyatı Q.İmanovun “İqtisadiyyatda fazi modellər” monoqrafiyasını çap etmişdir. Monoqrafiyada sosial-iqtisadi inkişafın fazi təhlili, iqtisadi diversifikasiyanın səviyyəsi,maliyyə stabilliyin ölçülməsi, milli yaşıl iqtisadiyyatın qiymətləndirilməsi modelləri, sosial-iqtisadi təhlükəsizliyin və informasiya iqtisadiyyatının inkişafı problemləri qiymətləndirilir. Müəllif tərəfindən 20-yə yaxın dünya elm bazasına daxil olan jurnallarda məqalələr çap edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağının 02 may 2017-ci il tarixli qərarı ilə Q.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Q.C.İmanov xaricdə və respublikada çap olunan bir sıra jurnalların redaksiya heyyətinin üzvüdür. Ukraynada çap olunan “Beynəlxalq elm bazalarına daxil olan iqtisadiyyatın modelləşdirilməsində neyro-fuzzy texnologiyalar” jurnalının, Azərbaycanda çap olunan “Audit” jurnalının, “Azərbaycanın Vergi Jurnalı”nın, “Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri“ jurnalının, “AMEA-nın xəbərləri“ jurnalının redaksiya heyətinin üzvüdür. Həmçinin Q.İmanov Azərbaycan Dövlət Neft Sənaye Universitetinin ixtisaslaşmış müdafiə şurasının sədridir.
Q.C.İmanov beynəlxalq və xarici ölkələrin elmi qurumlarının - İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının xarici üzvü, Fedorenko adına İqtisadiyyat Elminin İnkişafı Beynəlxalq Fondunun üzvü(Moskva, Rusiya), Avropa Ali Doktorlar Şurasının Fəxri Üzvü (İspaniya) və Avropa Kral Doktorlar Akademiyasının üzvüdür.
Ölkəmizdə elm və təhsilin inkişafındakı xidmətləri ilə yanaşı, ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, vətənini, dövlətini, millətini ürəkdən sevən əməkdar elm xadimini, zəngin dünya görüşünə malik əsl ziyalını, ədalətli və müdrik insanı, gözəl ailə başçısını anadan olmağının 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, uzun ömür, möhkəm can sağlığı, xoşbəxtlik, ölkəmizin ictimai-siyasi həyatında malik olduğu böyük hörmət və nüfuzu daim qoruyub artırmağı, müstəqil Azərbaycanın uğurlu inkişafında yeni-yeni töhfə­lərinin şahidi olmağımızı arzu edirik.

 

Akademik Z.Ə.Səmədzadə,

AMEA-nın müxbir üzvü Akif Musayev,

iqtisad elmləri doktoru, professor Vahid Novruzov