Təhsil innovasiyalarının yorulmaz tədqiqatçısı
İlham Əhmədov - 65
Pedaqoji elmin müasir problemlərinin yorulmaz tədqiqatçılarından olan, p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim 40 ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU-da) elmi-pedaqoji fəaliyyətlə məşğuldur. ADPU-da təhsil aldığı 4 illik tələbəliyini də əlavə etsək, deyə bilərik ki, onun həyatının 44 ili ADPU ilə bağlıdır.
İlham Bəşir oğlu Əhmədov 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası, dr.professor Bəşir Əhmədov respublikanın görkəmli pedaqoqu, pedaqogika və Azərbaycan dilinin tədrisi metodikası üzrə tanınmış alimi olmuşdur.
İlham Əhmədov 1973-cü ildə Abşeron rayonu Xırdalan qəsəbəsi 2 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin dövrlərdə keçmiş SSRİ-nin tanınmış universitetlərinin nəzdində yuxarı sinif şagirdləri üçün tədris prosesi dərinləşdirilmiş proqramlarla təşkil edilmiş qiyabi riyaziyyat və fizika təmayüllü məktəblər fəaliyyət göstərirdi. İlham müəllim 9-10-cu siniflərdə oxuyarkən, paralel olaraq M.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdində qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) riyaziyyat fakültəsinə daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbəsi 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir. 1978-1981-ci illərdə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi, 1981-ci ildə V.İ.Lenin adına APİ-də “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1982-1983-cü illərdə hərbi xidmətdə olmuş, 1984-1986-cı illərdə aspiranturada təhsilini davam etdirmişdir. Aspirantura təhsilinin sonunda, 1986-cı ildə Kiyev şəhərində “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında)” adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
İlham müəllim 1988-1993-cü illərdə ADPU gənc alimlər şurasının sədri olmuşdur. 1986-1991-ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışmışdır. 1998-2007-ci illərdə ADPU “Hesablama riyaziyyatı və informatika” kafedrasında dosent vəzifəsində çalışmışdır.
2005-ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-ci ildən hal-hazıradək ADPU “Kompüter elmləri” kafedrasının dosentidir. 2008-2018-ci illərdə ADPU böyük elmi şurasının üzvü olmuşdur.
İlham müəllim 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. O, dəfələrlə ADPU rektorunun əmri ilə təşəkkürnamə və mükafatla təltif edilmişdir.
Onun elmi-metodik fəaliyyəti əsasən təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması və idarə edilməsi, ali təhsilin inkişaf problemlərinə həsr edilmişdir. Respublikada və xaricdə (Türkiyə və MDB-də) 120-dən artıq elmi-metodik məqaləsi dərc edilmişdir. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxıstan, Moldova, Gürcüstan və Özbəkistanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. 2010-2017-ci illərdə TC Anadolu Universiteti, RF “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün Azərbaycan proqramlarında elmi məsləhətçi olmuşdur.
2011-ci ildə “Təhsilin İnkişafı Beynəlxalq Fondu”nun xətti ilə Qazaxıstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Smart təhsil”, “Universitetlərin strateji idarə edilməsi” və s.) dair silsilə mühazirələr oxumuşdur. UNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva) Azərbaycandan olan milli eksperti kimi (2011-2013-cü illərdə), onların təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva və Sankt-Peterburq) təhsilin informatlaşması məsələlərinə dair məruzələr etmişdir.
Respublika TN-in təsis etdiyi “Azərbaycan məktəbi” jurnalı və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının redaksiya şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi, 5 il ADPU elmi-metodik şurasının üzvü kimi ictimai işlərdə fəal iştirak etmişdir.
Hazırda İlham müəllimin elmi rəhbərliyi ilə 5 nəfər doktorant təhsilin informatlaşması sahəsində dissertasiya üzərində çalışırlar.
O, 2016-cı ildən “Peşəyönümlü təhsilin inkişafına yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur.
Yadımdadır ki, 1992-ci ildə qəbul imtahanlarında yenilik oldu, imtahanların test üsulu ilə aparılması qərara alındı. Pedaqoji ictimaiyyət, şagird və valideynlər üçün bu yenilik gözlənilməz oldu, sanki bir çaşqınlıq yaranmışdır, çox az adam o vaxt ölkədə test sistemi haqqında məlumata malik idi. Həmin ərəfədə İlham müəllimin rəhbərliyi ilə ADPU-da “Abituriyentlər üçün elekron test sınaq imtahanları sistemi” layihəsi çox az müddətdə hazırlandı və reallaşdırıldı. Cəmi 20 gün sonra artıq yüzlərlə abituriyent ADPU-da kompüter vasitəsi ilə test sınaq imtahanı verərək, test nümunələri ilə tanış oldu, test imtahanı ilə əlaqəli mövcud psixoloji gərginliyi qismən aradan qaldıra bildilər. Bu məqsədlə İlham müəllimin təşəbbüsü ilə ADPU-da “Ziya-İ” elm-istehsalat kiçik müəssisəsi (EİKM) təsis edildi, ADPU rektorunun əmri ilə İlham müəllim universitetin dosentliyi ilə paralel olaraq, həm bu firmanın direktoru təyin edildi. Həmin firma 10 ildən artıq müddətdə təhsil sektoru üçün səmərəli fəaliyyət göstərdi, bir sıra təhsil innovasiyalarının ölkəmizə transfer edilməsinə nail oldu (bu sahədəki fəaliyyət başqa bir yazının mövzusudur). Həmin vaxt Nazirlər Kabineti universitetlərdə elm-təhsil yönümlü kiçik müəssisə və firmaların yaradılması barədə qərar qəbul etmişdi. Universitetlərdə «iqtisadiyyat üzrə prorektor» vəzifələri təsis edilmişdir. İlham Əhmədovun təşəbbüsü ilə ADPU də yaradılan «Ziya-İ” ölkə üzrə universitetlərdə yaradılan ilk firmalardan olub, ən uzunömürlüsü və faydalısı oldu. Təəssüf ki, o vaxtlar universitetlərimizdə başlanan bu lazımlı iş sonralar naməlum səbəblərdən dayandırıldı. Halbuki, elmtutumlu bu innovasion firmaların universitetlərdə fəaliyyəti müasir startapların, elmi nəticələrin kommersiyalaşdırılmasının poliqonu ola bilərdi, son nəticədə bu fəaliyyət universitetlərə əlavə gəlir əldə etmək imkanı verərdi.
Dosent İlham Əhmədov respublikamızda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində, müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial, təhsil və İKT yönümlü, o cümlədən ADPU-nun universitetdaxili layihələrində layihə rəhbəri, menecer, məsləhətçi, ekspert və s. qisimdə iştirak etmişdir. Bunlardan bəzilərini qeyd edə bilərik:
1. “Abituriyentlər üçün elekron test sınaq imtahan sistemi” layihəsi - 1992-ci il. ADPU universitetdaxili layihə - layihə rəhbəri.
2. “Abituriyentlərin peşəyönümü üzrə elektron test psixodioqnostik sisteminin yaradılması” - 1992-ci il. ADPU universitetdaxili layihə - layihə rəhbəri.
3. “TUSİ-PROFİ elektron peşəseçmə və peşə məsləhəti sistemi”-ƏƏSMN və BMT İnkişaf proqramı ilə birgə layihəsi. Layihə meneceri - 2003-cü il.
4. Təhsil Nazirliyi və Dünya Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya və Strategiyası” layihəsinin “Müəllim hazırlığında Distant Təhsil” blokunun müəllifi (layihənin eksperti olaraq) - 2005-ci il.
5. ADPU “VTS-Elektron imtahan sistemi” layihəsi - layihə rəhbəri. Universitetdaxili layihə - 2007-ci il.
6. “ADPU-universitetin informasiya təhsil portalı - layihə rəhbəri. Universitetdaxili layihə - 2008-ci il.
7. “ADPU-“Təhsildə İKT” elmi-metodik jurnalının yaradılması» layihəsi (son 12 ildə jurnal sistematik nəşr edilir) – layihə rəhbəri, jurnalın redaksiya heyətinin üzvü. Universitetdaxili layihə - 2008-ci il.
8. “AMEA Elm-İnnovasiya Mərkəzi Portalının yaradılması” - layihə rəhbəri (2010-cu il).
9. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənc Ailə Akademiyası” portalı - layihə meneceri - 2013-2014-cü ilər.
10. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına reallaşan “Gənc seçici” portalı - layihə meneceri - 2015-ci il.
11. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi” layihəsi - layihə rəhbəri, 2017-ci il və s. layihələr.
İlham müəllim pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından, bu istiqamətdə ölkədə ilk məqalələrin müəllifi, yeni ideyaların, novatorluğun, təhsil innovasiyalarının tədqiqatçısı və təbliğatçısı olmuşdur. Belə ki, təhsilin informatlaşmasına dair respublikada ilk məqaləni 1985-ci ildə İlham müəllim yazmışdır. “Azərbaycan məktəbi” jurnalında dərc edilmiş bu məqalədə pedaqoji mətbuatımızda ilk dəfə olaraq, “distant təhsil” termini istifadə edilmişdir. Sonralar təhsilin informatlaşdırılması mövzusunda müəllif onlarca innovativ məzmunlu məqalələr yazmış, layihələr icra etmişdir. Bu gün bütün pedaqoji ali və orta ixtisas məktəblərində tədris edilən “Təhsildə İKT” fənni İlham müəllimin təklifi ilə 2007-ci ildə Təhsil Nazirliyi tərəfindən tədris planlarına daxil edilmişdir. Bu fənn üzrə ilk tədris proqramının tərtibi də TN tərəfindən ona həvalə edilmişdi. O, az vaxtda bu fənn üzrə bu proqramı hazırlayıb nazirliyə təqdim etmişdir.
Distant təhsilə dair ölkəmizdə ilk beynəlxalq konfrans 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə keçirilmişdir. İlham müəllim bu tədbirdə distant təhsilə dair 2 məruzə etmiş, bu mövzuda ilk 2 məqaləsini dərc etdirmişdir. Bundan sonra onun əsas tədqiqat obyekti məhz distant təhsil problemləri olmuşdur. Çünki distant təhsil pedaqogikanın proqramlaşdırılmış təlim ideyalarının İKT vasitələri ilə yeni müstəvidə reallaşması idi. İlham müəllimin tədqiqatları və namizədlik dissertasiyası da proqramlaşdırılmış təlimə aid olduğu üçün bu məsələlər ona çox yaxın idi.
İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” adlı sənədi hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təəssüf ki, təhsil məmurları uzun müddət onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, bu təkliflərə vaxtında reaksiya verilməmişdir. Bu gün distant təhsillə bağlı ölkədə xeyli problemlərin olması İlham müəllimin hələ o vaxtlar distant təhsilin inkişaf etdiriməsi zəruriliyi barədə «həyəcan siqnalı» qaldırmaqda necə haqlı olduğunu bir daha təsdiq etdi.
İlham müəllim bir təhsil eksperti kimi, pandemiya dövründə də distant və rəqəmsal təhsil, ali məktəb problemlərinə həsr edilmiş 30-a yaxın analitik məqaləsini təhsil yönümlü müxtəlif saytlarda dərc etdirmiş, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən bu məqalələr daha çox tənqidi məzmunda olsa da, təhsilimizin inkişafı üçün burada xeyli maraqlı ideya və konkret təkliflər yer almışdır.
İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları, həm ölkəmizdə, həm də qardaş Türkiyə Cümhuriyyətində çox böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun “Azərbaycan və Türkiyə universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” ideyasına bu yaxınlarda Bakıda səfərdə olan Türkiyə Milli Təhsil naziri Ziya Selcuqun səfəri zamanı da xüsusi diqqət yetirilmişdir.
Biz mətbuatda İlham müəllimin bir çox məqalələrini maraqla oxumuş, TV müsahibələrini diqqətlə dinləmişik. Hər dəfə özü ilə bu yazıları və müsahibələri müzakirə etmişik. Hesab edirəm ki, bu məqalə və müsahibələrdə milli təhsil sistemimizin inkişafı üçün kifayət qədər dəyərli ideyalar, innovasion təkliflər yer alıb. Bu məqalə və müsahibələrin əksəriyyəti İnternetdə yerləşdirilib, bu da pedaqoqların distant təhsil sahəsində maarifləndirilməsində mühüm resurslar ola bilər.
İlham müəllimlə bir sıra yerli və beynəlxalq konfranslarda birgə iştirak etmişik. Bunlardan xüsusən yadımda qalanı 2008-ci ildə ADİU və ADPU-nun birgə təşkil etdikləri “Boloniya prosesi kontekstində magistr hazırlığı” adlı konfransı idi. Konfransın gedişatına məsul şəxs ADPU-dan İlham müəllim, ADİU-dan isə Magistr Hazırlığı Mərkəzinin direktoru kimi mən təhkim olunmuşdum. Tədbir ADİU-da keçirilirdi. Bu tədbirə ADPU-da ixtisasartırma kursu keçən Hacəttəpə Universitetinin 6 nəfər müəllimi də qatılmışdı. Tədbir yüksək səviyyədə keçdi. Tədbirdə İlham müəllimin “Magistr hazırlığında innovativ texnologiyalar” adlı məruzəsi dinləyicilərdə böyük maraq doğurdu.
2019-cu ildə vətəndaş cəmiyyəti təşkilatları layihələri xətti ilə İlham müəllimin “İnnovativ uiversitetlər” mövzusunda bir neçə universitetin elmi şura üzvləri qarşısında olan məruzələrini dinlədim. Bu məruzələrdə əsasən ali təhsildə distant texnologiyaların tətbiqi zərurəti xüsusi qeyd edilirdi. Elmi Şura üzvləri məruzəni diqqətlə dinlədilər və maraqlı müzakirələr oldu. Elə bu məruzədən 2 ay sonra pandemiya ilə əlaqədar ölkə təhsili distant təhsilə keçməli oldu...
İlham müəllimin bu ay 65 yaşı tamam olur. Biz, onun həmkarları distant təhsilin ölkəmizdə fəal təbliğatçısı, dosent İlham Əhmədovu doğum günü münasibətilə təbrik edir, ona Allahdan cansağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində müvəffəqiyyətlər, innovativ təhsil ideyalarının ölkəmizə transfer edilməsində uğurlar, şəxsi həyatında isə xoşbəxlik arzu edirik.
Həsən İsrafilov,
iqtisad elmləri doktoru, Azərbaycan
Respublikasının Əməkdar müəllimi,
Tərəqqi medalı laureatı,
Bəyməmməd Cəbrayılov,
ADPU-nun dosenti