PORTRET

Vətən əsgəri Aygün Səmədzadə

  • 24.06.2021

Heç qollu-budaqlı ağaca baxdınızmı? Şahanə duruşlu yarpaqları arasından möcüzəvi bir gözəllik boylanan ağaca nəzər yetirdinizmi? Ona oxşamaq istədinizmi? Mən istəyirəm. Eyni bir ağaca yüz dəfə baxsam da, fərqli gözəlliklər görürəm. Hər budağın, hər yarpağın öz sirli dünyası var elə bil.
Ona səhnədə baxanda o şahanə duruşlu ağaclar düşür yadıma. Onu yaratdığı musiqilərlə şaxələnən, ucalan, bizi sehirli, məftunedici gözəlliyə aparan ağaca bənzədirəm - musiqi ağacına. Kökü vətən torpağında olan musiqiləri ilə şaxələnən, ucalan möhtəşəm duruşlu musiqi ağacına baxıram sanki. Öz mahnılarını ifa edəndə qolunu azacıq qaldırıb ovuclarını yana açır. Elə bil, musiqini onu korlamaq istəyən əcaibliklərdən qorumaq istəyir. Əslində, qoruyur da.
Aygün Səmədzadəni deyirəm, Azərbaycanın Xalq artisti, sənətşünaslıq üzrə fəlsəfə doktorundan, onlarla elmi və publisistik məqalənin müəllifindən, "Türküstan", "Həsrət", "Qumsal", "Eşq" kimi simfonik lövhələrin, vokal instrumental kompozisiyaların, romansların, rəqslərin yaradıcısından, on illərin hiti olan və olacaq mahnıların, neçə-neçə tamaşada, filmdə heyran olduğumuz musiqilərin bəstəkarından danışıram.
Ulu öndər Heydər Əliyevin bir fikrini tez-tez xatırlayıram: ”Düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik?”
Düşünürükmü, görəsən? Təkcə tən­qid­lə, giley-güzarla, gözləməklə güclü dövlət, sağlam cəmiyyət yaratmaq olmaz. "Mən xalqım, vətənim, dövlətim üçün nə etdim?" sualının cavabı olmalıdır hər birimizin. Həmin cavabdadır dövlət, xalq qarşısında borcumuz, məsuliyyətimiz, vəzifəmiz, gördüyümüz işlər - sevgimiz.
Onun yaratdıqlarıdır bu sualın cavabı. "Azərbaycan adına" - müəllif konsertləri ilə ruhumuza gözəllik qatan Aygün xanımın Cumhuriyyətin 100 illiyinə həsr etdiyi konsert belə adlanırdı. Əmin Abid Gültəkinin sözlərinə bəstələdiyi "İstiqlal"ın sədaları altında düşünürdüm bunları. Hər konsertdən, hər bəstədən sonra o qədər söz demək istəmişəm ki. Çoxlu sözlərlə münasibət bildirmək kimi bacarığım yoxdur əslində. Bəzən də gözəllik qarşısında susursan. Mənə elə gəlir ki, o, ürəyimdən keçənlərin hamısını eşidir həmişə. İstənilən halda ona demək istədiklərim çoxdur.
Ölməz Əhməd Cavadın sözlərinə silsilə əsərlər yazıb: "Ey Türk", "Türk Ordusuna", "Elin bayrağı", "Mən bulmuşam", "Şəhidlərə" və s. Müxtəlif vokal-instrumental əsərlər, romanslar bəstələyib. Bu əsərlərin təqdimatı 2018-ci ilin sentyabrında Ankarada, noyabrda Bakıda, 2019-cu il martında Əskişəhərdə keçirilib. Əsərlərini Türkiyə Cumhurbaşqanlığı Simfonik Orkestrası, TRT xoru, Azərbaycan Dövlət Simfonik Orkestri ifa edib.
2019-cu ildə layihə rəhbəri və ideya müəllifi olduğu "Azərbaycan 100 mahnıda" klavirini hazırladı. Kitabdakı 100 mahnının not yazılarını və sözlərini toplamaq böyük zəhmət tələb edir. Bu, təkcə musiqimizi deyil, Azərbaycanımızın - vətənin tarixini yaşadan bir kitabdır. Göz nurunun, ürək çırpıntısının, beynin məhsuludur.
Və ötən il daha bir möhtəşəm layihə həyata keçirdi: Cümhuriyyət gününə üç təkrarsız musiqi əsərinin kompozisiyaları - klipləri çəkildi. Gecə-gündüz işlədi. Bütün çəkilişlərdə özü iştirak elədi. Bu əsərlər - "İstiqlal", "Elin bayrağı", "Şəhidlərə" xalqımıza, qürur günümüzə layiqli hədiyyə idi. Hər üç klipin quruluşçu rejissoru olan mərhum Etibar Babayevin, rejissorlar Elnur Məmmədov, Vüsal Qarayevin də zəhmətini qeyd etməliyəm. Aranjiman isə istedadlı musiqiçi Əvəz Muradov və Samir Şirinova məxsusdur.
Aygün xanımın ən mühüm xüsusiyyətlərindən biri onun gördüyü hər işə, yaratdığı əsərə, istənilən mahnıya çox peşəkarcasına, məsuliyyət və sevgiylə yanaşmasıdır. O, mahnının səsini axtarır, mahnını hansı səsdəsə eşidir. Heç vaxt eşitmədiyi səsdə mahnının ifasına razı olmaz. Oxunsun deyə, ya maddi marağa görə mahnını bəyənmədiyi ifaçıya verməz. Amma çox tanınmayan, sənətə yeni gələn, amma istedadlı birinə mahnını etibar edər. Onun üçün mahnının oxunması deyil, necə oxunması önəmlidir. Bu əsərlərdə Nurlan Növrəstli, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Orxan Cəlilov, Nigar Cəlilova, Günay İbrahimli, Almaxanım Əhmədli, Emin Zeynallı, Kamilə Nəbiyeva kimi istedadlı ifaçılarla işbirliyi təsadüfi deyil.
Hər notu "Vətən" deyən "İstiqlal", "Şəhidlərə" və "Elin bayrağı" ilə kövrək və möhtəşəm duyğular yaşadım bu günlərdə yenidən. Yazını 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə yazmağım da təsadüf olmadı. Milli Ordu Günüdür. Hər birimiz Vətən əsgəri olmalıyıq - hər birimizin günüdür. Lazım olsa, əlində silah səngərdə də döyüşərsən, sərhədini də qoruyarsan Vətənin. Qələminlə, savadınla, istedadınla, yaratdıqlarınla, sevginlə, vicdanınla da Vətənin əsgəri olarsan, ona xidmət edərsən. Onun haqqında həmişə yazmaq istəmişəm - bu günə düşdü. Və ürəyimin bir guşəsində yaşayan xatirələr dindi...
Yaddaş: Aygün Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olanda mən artıq tələbə idim. Anamla hardan gəldiyimizi xatırlamıram. Amma yaşadığımız binaya çatanda bütün dünyanı qucaqlayacaqmış kimi qollarını yana açıb anama: "Ay Şəfiqə, Aygün Bülbülə qəbul oldu" - deyən Ziyad Səmədzadənin üzündəki, sanki bütün qaranlıqlara bəs edəcək sevinc işığını indiyə kimi unuda bilmirəm. Anam da hay-küylü idi. Bir neçə dəqiqə birlikdə sevincdən hay-küy saldılar. Birdən anam "Ay Ziyad, heç elmlər namizədi adını alanda belə sevinmirdin, hamı səndən çox sevinirdi", - dedi. Ziyad Səmədzadə təkcə 26 yaşında elmlər namizədi kimi deyil, 31 yaşında iqtisad elmləri doktoru kimi də SSRİ məkanında ictimai elmlər sahəsində bu adı alan ən gənc bir neçə alimdən biri, bəlkə də birincisi idi. Onun aldığı mükafatlar, gördüyü işlərdən danışmıram. Saymaqla bitməz onsuz da. Sadəcə bu elm fədaisini təbrik etmək istədim. Axı, 25 iyun onun doğum günüdür. Ziyad müəllimi təbrik edənlər çox olacaq. Amma uşaq yaddaşının məsumluğundan keçib gələn gəncliyinin ən şirin xatirələrinin yaşadığı təbrik bir başqadır. O, hamımız üçün akademikdir, dövlətimizin iqtisadiyyatına xidmət edən, iqtisad elmində öz yeri olan bilim adamıdır. İctimai-siyasi xadimdir. Amma mənimçün yarım əsrdən çox yaşı olan ömür yaddaşımda öz izi, doğma xatirələri olan insandır. O, təkcə Aygün xanımın deyil, həm də mənə əziz olan Aytən və Elşad Səmədzadələrin atasıdır. Həmişə "Firuzəm" deyə əzizlədiyi, itkisinə indiyə kimi ağrıdığım Firuzə xanımın həyatının yoldaşı - həyat sevgisidir.
Dünyanın istənilən ölkəsində keçirilən beynəlxalq simpoziumlarda, konqreslərdə Azərbaycanı layiqincə təmsil edən 500-dən artıq elmi əsərin müəllifi, neçə-neçə alim yetişdirən Ziyad müəllim.
Son olaraq:
Sadəcə duyğularımı bölüşmək istədim. Az da olsa deyə bildimsə...
Musiqisi sərhədləri aşır. Bu, istedadın gücüdür. Bu, insanların gözəlliyə olan ehtiyacıdır, ruhun mənəvi tələbidir. Deyirlər, musiqi tərcüməyə ehtiyacı olmayan ünsiyyət vasitəsidir. Çünki dinindən, dilindən, irqindən asılı olmayaraq, hamı anlayır. Çünki bütün dinlər, dillər, xalqlar, dövlətlər musiqidən sonra yaranıb. Hətta sözlər, nitq olmayanda yaranıb musiqi. İbtidai insanlar öz kədər və qorxularını, təhlükəni, sevinclərini müxtəlif avazlı səslərlə ifadə ediblər. Musiqi bütün sivilizasiyadan qədimdir. Hiss və duyğularımızla yaşıddır.
Xalqın, ölkənin tarixini onun şəxsiyyətləri yazır. Bir alim, sənət adamı, aktyor, yazıçı, rəssam, bəstəkar öz xalqını bütün dünyaya tanıdır və yaşadır. Bu, reallıqdır. Bu gün özü də sənəti böyüklükdə olan Aygün Səmədzadənin bizə yaşatdığı reallıq.
P.S. Bu Vətən əsgərini, eləcə də özünü Vətən əsgəri bilən hər kəsi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm.

 

Kəmalə Abiyeva