PORTRET

Vasim Məmmədəliyev xatirələrdə

  • 02.12.2019

Şeyxülislam Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Vasim Məmmədəliyev, həqiqətən, adı böyük hərflərlə yazılmağa layiq olan Azərbaycan vətəndaşıdır. Onun bütün yüksək insani keyfiyyətləri və daxili mənliyi vətənpərvərlik hissi ilə yoğrulub. Doğma torpağa, milli soyköklərə, əsrlərdən keçib-gələn tarixi yaddaşa bağlılıq onun özəl cəhətlərindəndir. Vasim Məmmədəliyevi xarakterizə edən ən mühüm amil isə onun milli dövlətçilik ideyalarına sadiqliyi və mütərəqqi mənəvi intibah uğrunda mübarizliyidir.
Bəxtiyar Vahabzadə, Xalq şairi
Vasim Məmmədəliyev kamil şəxsiyyətdir. Əslində onun haqqında ikinci bir rəy ola bilməz, başqa cür düşünmək olmaz. Qurani-Kərim kimi müqəddəs kitabı ana dilimizə çevirən bir insan, bəs, necə olmalıdır?!
Əlbəttə ki, ancaq Vasim Məmmədəliyev kimi!
Hüseyn Abbaszadə, Xalq yazıçısı
Professor Vasim Məmmədəliyev geniş erudisiyalı alim olmaqla bərabər, eyni zamanda, yapışıqlı həmsöhbətdir.
O, ərəb dilini mükəmməl bilir, Qurani-Kərimi tərcümə edənlərdən biridir. Televiziyadakı çıxışlarından görünür ki, qədim ərəb qaynaqlarından sərbəst istifadə edir.
Nəbi Xəzri, Xalq şairi
Şəxsən mənə xoşbəxtlik üz verib ki, Vasim müəllimlə iki dəfə yol yoldaşı olmuşam. Onun nəcib xasiyyətinə, mehriban münasibətinə, sadəliyinə, səmimiliyinə və eyni zamanda, elmi dərinliyinə bələd olmuşam.
Məncə hər bir insan canlı bir planetdir. Təkrarsız, bənzərsiz.... Və mən özüm üçün Vasim Məmmədəliyev planeti açmışam. Sehrli, möcüzəli və doğma...
Mahmud Kərimov,  akademik
Azərbaycan xalqının layiqli övladı, yüksək elmi adlara və dərəcələrə nail olmuş hörmətli Vasim müəllimlə  elmi tanışlığım onun Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçildiyindən sonra oldu. Nəticə mənim  zənnimi, təsəvvürlərimi qat-qat üstələdi,  gözəl təəssüratlar yaratdı. Vasim müəllim əsl ziyalı,  müsəlman şərqinin müdrikliyini özündə cəmləşdirən, təvazökar, səmimi insan, peşəkar müəllimdir.”
Fuad Qasımzadə, akademik
O, sözün əsl mənasında, univelsal biliklərə, ensiklopedik məlumatlara malikdir. Doğma Azərbaycan dilindən başqa ərəb, fars, rus, ingilis, türk (osmanlı) dillərini mükəmməl bilir, Qurani-Kərimi, bir çox dini və elmi kitablardan gələn məlumatları. Azərbaycan, ərəb, fars, türk dilli klassiklərin minlərlə şerini əzbərdən bilir. O, İmrul Qeysdən, Firdovsidən, Xəyyamdan, Nizamidən, Sədidən, Hafizdən, Yunis İmrədən, Cəlaləddin Rumidən, Nəvaidən, Füzulidən, Seyid Əzimdən, Vahiddən yüzlərlə, minlərlə şeiri əzbərdən deyə bilir.
Bu istedadlı alim, həm də gözəl insan xeyirxahlığı, nəcibliyi, dostluğa sədaqəti ilə böyük nüfuz qazanmışdır.
Akif Əlizadə, akademik
Vasim müəllim, hər şeydən əvvəl böyük alimdir, şərqşünasdır, Azərbaycan şərqşünaslıq elminin ən görkəmli simalarından biridir. Vasim müəllimdə əsl alimə xas olan cəhətlərdən biri də onun səbirli olmasıdır.
Ərəb dilçiliyinin müxtəlif sahələrində yüksək peşəkarlıqla, məharətlə araşdırmalar aparan və bu sahədə dəyərli əsərlər yaratmış Vasim Məmmədəliyevi bütün dünya tanıyır. Azərbaycanın dünyada tanınmasında onun xidmətləri danılmazdır. O, bəşər övladıdır, bu ad isə milli addan daha şərəflidir.
Vasim müəllim müstəqil Azərbaycan Respublikasında ilahiyyat elminin yaradıcılarından biridir.
Vasim müəllim yüksək mədəniyyət sahibi, səmimi, ədalətli bir insan, əsl Azərbaycan ziyalısıdır.
Teymur Bünyadov,  akademik
Vasim müəllim böyük insan olduğu qədər də böyük ziyalıdır. Dərin ehtiram göstərilən, qibtəyə layiq ziyalı. Öz ad-sanı, şöhrəti olan ziyalı, ziya verən, ziya paylayan nurlu-işıqlı ziyalı.
Vasim müəllim hərtərəfli biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə, qeyri-adi düşüncə tərzinə malik bir alimdir. O, canlı ensiklopediya, sinəsində min dastan yuvalanan sirr-sehrdi, tükənməz xəzinədi, mənbədi, salnamədi, coşar çaydı, qaynar bulaqdı, dəryadı, ümmandır. Zəhmətsevərliyi, cəfakeşliyi də bir ibrətamizlik, heyrətamizlikdir. Bir sıra dilləri kamil bildiyinə görə poliqlotdur. Böyük şərqşünas, islamşünas, xalqşünasdı. Dilçidi, tarixçidi, ədəbiyyatşünasdı, musiqişünasdı, mədəniyyət carçısıdır. Yüzlərlə elmi və populyar yazıların, onlarca cild-cild əsərlərin müəllifidir.
Ziyad Səmədzadə, akademik
Bu gün bütün şərq dünyasında güclü mövqeyi, rolu olan ən məşhur alimlər, islam dininin professional tədqiqatçıları və təbliğçiləri Vasim müəllimlə görkəmli bir alim, dərin tədqiqatları ilə seçilən şərqşünas-ərəbşünas ustad kimi hesablaşırlar.
Belə bir hörməti qazanmaq təkcə Vasim müəllimin deyil, bütünlükdə Azərbaycan şərqşünaslığı, Azərbaycan ərəbşünaslıq elminin naliyyəti hesab edilməlidir. Elə buna görə də hər birimizin müsəlman kimi qürur hissi keçirməyə mənəvi haqqımız vardır.
Hacı Məmmədhəsən Meybullayev, professor
Vasim müəllimin görkəmli ərəbşünas, islamşünas alim kimi xidməti bir də ondan ibarətdir ki, onun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq BDU-da ilahiyyat fakültəsi yaradılmışdır. Fakültənin tədris proqramı çox mürəkkəb və rəngarəngdir. Yaddan çıxarmayaq ki, Azərbaycan iki qitənin və Şərqlə-Qərbin mərkəzində yerləşir, bu baxımdan ilahiyyat üzrə mütəxəssislər indi dünya inteqrasiyasına inamla qovuşan müstəqil respublikamız üçün çox vacibdir. Unutmamalıyıq ki, ölkələrarası münasibətlərin, iqtisadi, mədəni, elmi əlaqələrin formalaşması, inkişafında din faktoru, bu dini təmsil edənlərin professionallığı mühüm əhəmiyyət kəsb edir.
Madər Musayev, millət vəkili
Zaman keçəcək, dövr dəyişəcək, hələ neçə-neçə insanlar doğma dilimizdə müqəddəs kitabımızı oxuyub iman sahibi, ürfan sahibi olacaqdır, neçə-neçə müsəlmanımız müqəddəs surələrdə, Allah sevgisindən incilənmiş ayələrdə özünü tapacaqdır. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsi bir tarixdir, Vasim müəllim də bu tarixi yaradanlardan biridir.
Yaqub Mahmudov, akademik, millət vəkili
Vasim Məmmədəliyev doğma Azərbaycanımızı hər yanda - daxildə, xaricdə yüksək ləyaqətlə təmsil edən, ali mərifət sahibi olan, hələ çoxlarının dərindən tanımadığı nadir şəxsiyyətdir, adi ölçüsü-çəkisi olan bir insan bədənində minlərlə qiymətli insani keyfiyyətləri birləşdirən nurlu bir ziyalıdır. Vasim rast gəldiyi, ona əl açan, müraciət edən bütün insanlara xoş münasibət bəsləyən mərhəmətli, qılıqlı, ülfətli, ürəyi-qəlbi kin-küdurətdən uzaq olan əsl vətən oğludur.
Zəlimxan Yaqub,  Xalq şairi

Qarşında hörmətlə əyilir başım,
Səndəki o səsə, ünə qurbanam.
Kərbəla sirdaşım, Kəbə yoldaşım,
Səni tapdığım günə qurbanam.
Söz gözün işığı, ürəyin yağı,
Sevginin zirvəsi, həsrətin dağı,
Nəsimi dəryası, Hafiz bulağı,
Mövlana camısan,
ay Hacı Vasim!

Nizami Cəfərov, akademik, millət vəkili
Mən çox görmüşəm ki, professor Vasim Məmmədəliyev bir adam: görkəmli alim, ictimai xadim, yaxud dövlət xadimi barədə danışanda (əgər o, həqiqətən, Vasim müəllimin ürəyi istəyən adamdırsa) axırda mütləq əlavə edir ki, “özü də hal əhlidir”. Bu isə o deməkdir ki, həmin adam istedadını şər yox, xeyir işlər görməyə sərf edir, onunla ünsiyyət qurmaq, yanına gedib dərli-dilini izhar etmək olar.
Və böyük alimimiz, böyük mütə­fək­kirimiz Vasim Məmmədəliyev haqqında haradasa söhbət düşəndə mənim də xəyalıma hər şeydən əvvəl həmin sehrli sözlər gəlir: “Özü də hal əhlidir”...

Rafiq Əliyev, Dini qurumlarla iş üzrə dövlət Komitəsinin sabiq sədri, professor
Desəm ki, Vasim müəllim şərqşünaslıqda ensiklopedik biliklərə sahib bir alim kimi tanınmışdır, heç də mübaliğəyə yol vermiş olmaram. Həqiqətən, əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində şərq filologiyası, şərq poeziyası, ərəb dilçiliyi, islam tarixi, kəlam, fəlsəfə, məntiq, təfsir, quranşünaslıq, fiqh, leksikoqrafiyanın ən mühüm məsələləri nəzərdən keçirilir, bu məsələlər barəsində dəyərli fikir və mülahizələr irəli sürülür və o, şərqşünaslıq tarixində yaddaqalan səhifələr sahibidir.
Abel Məhərrəmov, akademik
Professor Vasim Məmmədəliyevin elmi, pedaqoji və ictimai fəaliyyətinin bir nəticəsi odur ki, o, xalqın çox böyük hörmətini qazanmışdır. Vasim müəllim Azərbaycan xalqının azad, firavan yaşaması üçün əlindən gələn hər şeyi edən böyük bir ziyalıdır. Onun bütün fəaliyyəti xalqımızın maariflənməsinə, mənəvi cəhətdən inkişafına, mədəni yüksəlişinə həsr edilmişdir. Xalqımızın mənəvi cəhətdən kamilləşməsinə, yüksəlməsinə can atan və bütün fəaliyyətini bu isti­qamətdə quran Vasim müəllim yüzlərlə insana rəhbər və yol gös­tərəndir.
Hacı Abdulla İbrahimov
Vasim Məmmədəliyev şəxsiyyəti mənimçün təkrarsızdır. Mən onu sahilsiz və dibi görünməyən ümmana, okeana bənzədirəm. Günəş fərq qoymadan bütün varlıqları, canlı və cansız məxluqatı eyni dərəcədə nura qərq etdiyi kimi, Vasim müəllim də ünsiyyətdə olduğu və olmadığı bütün şəxsləri öz ziyası ilə işıqlandırır. Vasim müəllim şəxsiyyəti həm də təkrarolunmazlığı qədər də olduqca parlaqdır. Söylənilən və qeyd edilməyən bir çox üstün keyfiyyətləri sayəsində o, cəmiyyətdə, elm aləmində zirvələr fəth etmişdir.
Hacı Akif Ağayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin sabiq müavini 
Ürəyində Allah sevgisi güclü olan, əməli-salehliyi, alicənablığı ilə seçilən Hacı Vasim Məmmədəliyev kimi böyük şəxsiyyətlə şəxsən tanışlığımdan, əməkdaşlıq və ünsiyyət imkanına malik olmağımdan özümü xoşbəxt hesab edirəm. Kaş ki, insanın Hacı Vasim kimi dostu, Hacı Vasim kimi qardaşı, Hacı Vasim kimi ustadı olsun...
Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor
Deyirlər əvəzolunmaz insan yoxdur. Mən bu fikirlə razılaşa bilmirəm. Mənə qalarsa, Vasim müəllim əvəzolunmazdır, təkrarsızdır. O, dahilər məqamına yaxın bir insandır. Adətən elmi, təfəkkürü, fitri istedadı ilə seçilən böyük şəxsiyyətlərlə uzun müddət oturub-duranda, təmasda olanda çox vaxt onlar adiləşirlər. Lakin Vasim müəllimlə yaxın olduqca qəribə bir mənzərə ilə qarşılaşırsan. O, gündən günə insanın qəlbində və gözündə ucalır, əzəmətli dağa dönür. Bu, ilahi möcüzəyə bənzəyir.
Ənvər Nəzərli


Haqsızlıq içində dolanıb
haqq yolu getdin,
Allah evi tək ülvi,
əziz mənzilə yetdin,
Quranı ki, bu millət
üçün tərcümə etdin,
Əcrin verəcək Həzrəti-vala,
Hacı Vasim!
Hər alimə qismət ola
 bilməz bu şərəf -şan,
Qayil olub İslama sözünlə
neçə insan,
Ey alimi-mömin,
kömək olsun sənə Quran,
“Yasin” ilə, “İxlas” ilə,
“Taha”, Hacı Vasim”


Aqşin Babayev, yazıçı, filologiya elmləri doktoru
Vasim Məmmədəliyev haqqında söz demək mənim üçün şərəfdir. Həmişə Vasimlə fəxr etmişəm. Bir dost kimi, şərqşünaslıq  aləminin görkəmli alimi kimi, hər şeydən əvvəl bir şəxsiyyət kimi. Bəli, Vasim Məmmədəliyev şəxsiyyətdir. Özü də gənclik illərindən hamının nəzər-diqqətini cəlb edən şəxsiyyət!
Hacı Soltan Hüseynqulu oğlu, Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Buzovna qəsəbəsinin Axundu

Quranı bizə şərh eləyib ayəbəayə,
Məntiq bağının bir güli-reyhanıdır Vasim.
Dostluqda ona sadiq olubdu
Hacı Tələt,
Çünki muğamın, musiqinin
canıdı Vasim.
Var öz adı, öz hörməti ariflər içində,
Şəksiz bəşər azimi-meydanıdı
Vasim.
Həm qareyi-Quranıdı, həm
qafizi əlbət,
Elm adlı diyarın ulu sultanıdı Vasim.


Əlibaba Məmmədov, Xalq artisti
Mən Vasim müəllimi cavan yaşlarından tanıyıram. O vaxt mən tez-tez toy şənliklərinə gedərdim. Vasim müəllim də həmişə toylara gələrdi. Muğamatımıza, xalq musiqisinə böyük həvəs göstərərdi. Bir dəfə mən maraqlandım ki, bu oğlan kimdir? Dedilər ki, Məmmədəli müəllimin oğludur. Mənim rəğbətim ona daha da çoxaldı və sonralar bu tanışlığımız dostluğa çevrildi. Təbii ki, Vasim müəllim şərqşünas idi, dünya miqyaslı alim idi, mən bunları bilirdim. Bizim münasibətlərimiz  yaxın olandan sonra mən onun muğamatımızı dərindən bildiyinin şahidi oldum.

Hacı Tələt Qasımov, Əməkdar artist
Vasim müəllim təkcə gözəl ilahiyyatçı, şərqşünas alim, ərəb və fars dillərinin mahir bilicisi deyil, o, həm də muğamlarımızı bütün xırdalıqlarınadək bilən, təhlil edən, musiqişünaslıq sahəsində heç bir iddiası olmayan, lakin ustad musiqi nəzəriyyəçisidir. Bunu sözlə ifadə etmək çətindir. Gərək belə məclislərin heç olmazsa birində iştirak edəsən, Vasim müəllimin qızıldan qiymətli çıxışını dinləyəsən, sonra bu həqiqətə inanasan. Mən bunu gördüyüm və inandığım üçün sizləri də bu həqiqətə inandırmaq istəyirəm.
Ağaxan Abdullayev, Xalq artisti
Hacı Vasim çox gözəl insandır. Gözəl insan, gözəl alim, gözəl ailə başçısı! Muğamın bütün incəliklərinin, həmçinin, şeirimizin, qəzəlimizin mahir bilicisidir. Bütün bu müsbət keyfiyyətləri özündə cəmləşdirə bilən Hacı Vasim Məmmədəliyev özünü Allah tərəfindən verilən, seçilən bir bəndə hesab edə bilər. Çünki o, bu ada layiqdir.
Firuz Əliyev, tarzən,  Xalq artisti
Vasim müəllim kamil şəxsiyyət, səmimi dost, Azərbaycan xalqının ürəyində məhəbbət qazanmış ziyalılarımızdandır.
Professor Vasim Məmmədəliyev həm də məclis adamıdır. Onun söz-söhbətini dinlədikcə dinləmək istəyirsən və hər dəfə də ondan doymursan. Əslində ondan doymaq qeyri-mümkündür...
Hacı Sabir Həsənli,
Bakı İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini
Çoxlarına həyatda ikən el məhəbbətini qazanmaq nəsib olmur. Lakin rəbbimiz əziz tutduğu bəndəsinə elə sağlığında şöhrəti və ümumxalq məhəbbətini bəxş edir. Camaat sevəni Allah-Təala da sevər.
Vasim Məmmədəliyev xalqın sevdiyi insan idi!
Şahin Fazil, tarix elmləri doktoru, şair

Bu şeirimdə Vasimdən bir kəlmə də danışılmırdı, ithaf isə Vasimə idi...
Bağiban ollam, alaqdan hifz edib tər gülləri,
Mən qəzəl səhrasını bir gün gülüstan etlərəm.
Söz var ikən öz dilimdə, əcnəbi sözlər neçin?
Əcnəbi sözlər düzən hər şəxsə üsyan eylərəm.
Şahinin şeirində siqlət görməyən bir şairin
Büsbütün söz mülkünü söz yox ki, viran eylərəm...

 

“İqtisadiyyat” qəzeti