PORTRET

Nizami Cəfərov - 60

  • 06.07.2019
Nizami Qulu oğlu Cəfərov 1959-cu il sentyabrın 21-də Qazax (indiki Ağstafa) rayonunun Zəlimxan kəndində müəllim ailəsində doğulmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinə qəbul olunmuşdur. İlk yaradıcılıq nümunələri-şeirləri, məqalələri orta məktəbin son siniflərində oxuduğu zaman «Azərbaycan pioneri» qəzetində, «Pioner» jurnalında dərc edilən N.Cəfərov tələbə olduğu illərdə Azərbaycan dilinin, ədəbiyyatının müxtəlif məsələlərini dərindən öyrənməklə kifayətlənməmiş, tələbə elmi konfranslarındakı çıxışları ilə mütəxəssislərin, müəllimlərinin diqqətini cəlb etmişdir.
V.Hacıyevin «Azərbaycan gəncləri» qəzetinin 10 noyabr 1981-ci il tarixli nomrəsində dərc olunmuş «Tədqiqatçı tələbə» məqaləsi aşağıdakı sözlərlə bitirdi: «İnanırıq ki, S.M.Kirov adına ADU-nun fılologiya fakültəsinin V kurs tələbəsi Nizami Cəfərovun elm yolunda atdığı ilk uğurlu addımlar ona gələcək tədqiqatlarında böyük kömək göstərəcəkdir».
N.Cəfərov 1982-ci ildə fılologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturaya qəbul olunur. Azərbaycan dili tarixi sahəsində görkəmli mütəxəssis olan professor Tofıq Hacıyevin rəhbərliyi ilə elmi-tədqiqat işi aparan gənc tədqiqatçı 1985-ci ildə, vaxtından əvvəl, «Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı» mövzusunda dissertasiya işini müdafiə edərək fılologiya elmləri namizədi alimlik dərəcəsi alır. Lakin iş elə gətirir ki, Universitetdə qalıb işləmək üçün müvafiq ştat tapılmır... Və elmi rəhbəri professor Tofiq Hacıyev öz nüfuzundan istifadə edərək yetirməsinin Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunda müvəqqəti kiçik elmi işçi ştatı ilə təmin edilməsinə nail olur. İnstitutun elmi-ictimai həyatında fəal iştirak edən N.Cəfərov tezliklə gənc alimlər şurasının sədri seçilir, elmi araşdırmalarını davam etdirməklə yanaşı, milli müstəqillik uğrunda ideya mübarizəsi aparan gənc intellektualların sırasına qoşulur.
Azərbaycan Yazıçılar İttifaqının (Yazıçılar Birliyinin) orqanı olan «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru, şair Nəriman Həsənzadə 1987-ci ildə N.Cəfərovu qezetdə işləməyə dəvət edir. Azərbaycanda milli müstəqillik hərəkatının canlandığı, erməni təcavüzünün başladığı ilk illərdə qəzetin tənqid və ədəbiyyatşünaslıq şöbəsinə başçılıq edən N.Cəfərov türkçülük, azərbaycançılıq ideyalarının təbliğinə, Azərbaycan ədəbiyyatında milli mövzuların daha intensiv işlənməsinə çalışmış, həmin illərdə yazıb çap etdirdiyi «Azərbaycan İntibahı», «Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası», «Tarixi özünüdərkin məntiqi və müasir özünütəsdiqin emosiyası», «Azərbaycan mədəniyyəti», «Müasir ədəbi proses, yaxud fövqəladə vəziyyətdə düşüncələr» və s. məqalələri, «Füzulidən Vaqifə qədər» kitabları ilə ədəbi, elmi, ictimai mühitdə böyük maraq doğurmuşdur.
N.Cəfərov 1991-ci ildə «XVIII əsr Azərbaycan ədəbi dili» mövzusunda dissertasiya işini müdafıə edərək fılologiya elmləri doktoru alimlik dərəcəsi alır, elmi rəhbəri Tofıq Hacıyevin yardımı ilə doğma Universitetə qayıdır və Türkologiya kafedrasında müəllim kimi fəaliyyətə başlayır. 1993-cü ildə isə həmin kafedranın professoru seçilir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası «Azərbaycan dili və ədəbiyyatı» bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərin hazırlanmasında fəal iştirak edir. 1993-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilir.
Ötən əsrin 90-cı illərinin ortalarından Nizami Cəfərovun yaradıcılığının birinci, əgər belə demək mümkünsə, formalaşma mərhələsi bitib, ikinci - təkamül mərhələsi başlayır ki, davam etməkdə olan həmin mərhələnin əsas cəhəti yaradıcılığın çoxistiqamətliliyinin, genişplanlılığının daha da güclənməsi, diferensiasiyasının dərinləşməsi, bununla belə, tədqiqatçının ideya-metodoloji mövqeyinin keyfıyyətcə sabitləşməsidir.
Akademik Nizami Cəfərov ilk növbədə, Azərbaycan (indiki BDU) Dövlət Universitetinin yetirməsidir. Azərbaycanın bu boyük elm, təhsil mərkəzi onun dünyagörüşünün formalaşmasında, düşüncəsinin sistemləşməsində həlledici rol oynamışdır. Və təsadüfı deyil ki, BDU fılologiya fakültəsinin kollektivi doğma Universitetə qayıtdıqdan sonra N.Cəfərova böyük etimad göstərərək 1994-cü ilin əvvəllərində onu fakültəyə dekan seçmişdir. Elə həmin il «Bakı Dövlət Universitetinin xəbərləri»nin humanitar elmlər seriyasının redaktor müavini təyin edilmişdir. 1995-96-cı illərdə AAK Filologiya elmləri üzrə ekspert şurasının, 1997-ci ildə isə Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Müdafıəsi Şurasının üzvü olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi 1997-ci ildə N.Cəfərovun Azərbaycan fılologiya sahəsindəki böyük fəaliyyətini nəzərə alaraq onu nazirliyin Elmi-Metodik Şurasının «Azərbaycan dili və ədəbiyyatı» bölməsinə sədr təyin etmişdir. 1998-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Müdafıəsi Şurasının sədri təyin olunur. Və 2003-cü ildən - AAK fılologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin olunana qədər həmin vəzifəni uğurla yerinə yetirir. 1999-cü ildə yenidən BDU fılologiya fakültəsinin dekanı seçilən N.Cəfərov həmin il eyni zamanda həmin fakültədə «Dədə Qorqud» elmi-tədqiqat laboratoriyasını yaradaraq ona rəhbərlik edir.
Zəngin elmi-tədris ənənələri olan böyük bir fakültəyə rəhbərlik etdiyi illərdə (1994- 2001) professor Nizami Cəfərov professionallığı, yüksək demokratizmi ilə həm fakültədə, həm universitetdə, həm də ümumən respublikanın elmi-pedaqoji mühitində böyük nüfuz qazanır. Alimin «Azərbaycan türkcəsinin milliləşməsi tarixi» (1995), «Koroğlu»nun poetikası» (1997), «Türk dünyası: xaos və kosmos» (1998), «Eposdan kitaba» (1999), «Genezisdən tipologiyaya» (1999), «Azərbaycan mədəniyyəti məsələləri» (2000) və s. kitabları, Azərbaycan, Türkiyə, İran və s. ölkələrdə onlarla elmi, elmi-publisistik məqalələri nəşr olunur. Və xidmətləri nəzərə alınaraq 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülür.
Professor Nizami Cəfəıov 2001-ci ildə BDU-nun Ümumi dilçilik kafedrasını yenidən təşkil edərək onun müdiri seçilir. Onun rəhbərliyi ilə kafedranın fəaliyyət proqramı hazırlanır, iş planları qaydaya salınır. Professor N.Cəfərov tez bir zamanda «Ümumi dilçilik» kursunun proqramını tərtib edərək nəşr etdirir (2003), müasir dünya dilçiliyinin banisi F.de Sössürün məşhur «Ümumi dilçilik kursu»nu rus dilindən Azərbaycan dilinə çevirib çap etdirir (2003).
Yüksək ixtisaslı dilçi, ümumən fıloloq kadrlann hazırlanmasına xüsusi fıkir verən N.Cəfərovun ona qədər yetirməsi namizədlik dissertasiyalarını uğurla müdafıə etmiş, ondan artıq dissertantı isə tədqiqatlarını davam etdirməkdədirlər.
Professor Nizami Cəfərov 2001-ci ildə Azərbaycan AMEA-nın müxbir üzvü seçildikdən sonra ictimai və humanitar elmlər bölməsinin büro üzvü Azərbaycan AMEA «Xəbərlər»i ictimai və humanitar elmlər seriyasının dilçilik üzrə redaktoru, Nizami adına Azərbaycan ədəbiyyatı tarixi muzeyi Elmi Şurasının üzvü seçilmişdir. Onun «Azərbaycanşünaslığa giriş» monoqrafıyasının (2002) Azərbaycan AMEA-da geniş təqdimat-müzakirəsi keçirilmiş, uzun illərin ardıcıl araşdırmalannın məhsulu olan bu əsər milli akademik düşüncənin böyük marağına səbəb olmuşdur.
Professor Nizami Cəfərov Azərbaycan Prezidentinin 4 iyul 2001-ci il tarixli sərəncamı ilə Azərbaycanda Atatürk Mərkəzinin müdiri təyin olunmuşdur. Onun gərgin fəaliyyəti nəticəsində Atatürk Mərkəzi bir neçə il ərzində respublikanın «beyin mərkəzlərindən biri»nə çevrilmişdir. 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
Bu günlərdə 60 yaşını qeyd edən alimə möhkəm can sağlığı, işlərində yeni yaradıcılıq uğurları arzulayırıq.
 
Bəybala Ələsgərov,
Beynəlxalq Nobel İnformasiya Mərkəzinin
vitse-prezidenti, tarix üzrə elmlər doktoru