PORTRET

Vətənpərvər ziyalı Bəybala Ələsgərov - 65

  • 01.07.2019
Hər bir millətin dünya miqyasında tanmmasında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, cəmiyyətin inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin - həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir.
Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalıların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Bir sözlə, əsl ziyalı ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır. Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı “sürət əsrində” həyat idealı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Xalqımız belə ləyaqətli ziyalıları, elm xadimləri ilə qürur duyur.
Şərəfli ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də Bəybala Ələsgərovdur. Görkəmli alimin istər elmi, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır.
Yazıçı, publisist, tarix üzrə elmlər doktoru olan Bəybəla Ələsgərovun fəaliyyət dairəsi olduqca genişdir. Xəzər Dəniz Gəmiçiliyinin təmir zavodunda əmək fəaliyətinə başlayan Bəybala Ələsgərov işinə böyük məsuliyyət və sevgi ilə yanaşmış, qısa dövr ərzində fəhləlikdən növbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. Bəybala müəllim həmin dövrdə ictimai işlərdə də fəallıq göstərmiş, Təbiəti Mühafızə Cəmiyyətinin sədri və partiya təşkilatının katibi vəzifəsində işləmişdir.
1982-ci ildə ali təhsilini bitirən Bəybala Ələsgərov M.F.Axundov adına Dövlət Milli Kitabxanasında metodist kimi fəaliyyətə başlamış, burda da qısa dövr ərzində vəzifəsi yüksələrək elmi-metodiki şöbəyə bölmə müdiri təyin olunmuşdur.
Bəybala Ələsgərov hələ sovet dönəmində-informatika re­surslarının ölkəmizdə az tət­biq olunduğu bir dövrdə Mosk­va Dövlət Mədəniyyət İnstitutunun aspiranturasına qə­bul olunmuş fundamental informatika üzrə tədqiqat işi aparmışdır. Həmin illərdə o, ümumittifaq səviyyəsində kitabxana-klub sisteminin nəzəri cəhətdən metodikasının hazırlanmasında iştirak etmişdir.
Bəybala müəllim 250-dən çox publisistik, 200 elmi məqalə, tezis, 20-dən artıq elmi-metodiki və irihəcmli monoqrafıyanın müəllifidir. “Şəmsi Bədəlbəyli – 90”, “Paşa Qəlbinur – 50”, “Boyalarda yaşayan ömür”, “Nizami Cəfərov – 50”, “Sədaqət Kərimova – 50”, “Elçin – 60”, “Müdriklik zirvəsinə gedən yol”, “ Görkəmli din xadimi, sülhməramlı elçi” və başqa ziyalılarımızın yaradıcılığına aid biblioqrafıyalar gərgin zəhmətin əməyidir.
“Elçin”, “Hidayət”, “Zahid Xəlil”, “Professor Nizami Cəfərovun kitab dünyası”, “Professor Buludxan Xəlilovun biblioqrafiyası” adlı elmi monoqrafıyaları isə Bəybala Ələsgərovun iri həcmli tədqiqat işləridir.
Ziyalı üçün vacib sayılan ən mühüm keyfıyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Bəybala Ələsgərov milli ideallara bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın firavan gələcəyi naminə yorulmadan fəaliyyət göstərmiş, dövrünün ictimai-siyasi hadisələrində həmişə ön sıralarda olmuşdur. O, tam anlamı ilə vətənə, torpağına bağlı ziyalılarımızdandır. Bəybala müəllimin “Zəngəzurda doğuldum”, “31 mart Azərbaycanlılarm soyqırım günüdür”, “Zamanın sınaqlarından ömrə açılan yol”, “Qusarın şanlı övladları” adlı kitabları alimin yaradıcılığında xüsusi yer tutur. Bu kitablarda alim, vətənin acı fəryadını elmi müstəvidə dünya ictimaiyyətinə çatdırır, gələcək nəsillərə dəyərli məlumatları, mənbələri sistemli şəkildə miras qoyur.
Bundan əlavə Bəybala müəllim, Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinin həqiqi üzvü olan ilk Azərbaycan vətəndaşıdır. O, “Nobel Mükafatları laureatlarının” görüş konfranslarında dəfələrlə çıxış etmişdir. Bəybala Ələsgərov 1996-cı ildə Nobel İnformasiya Mərkəzinin xüsusi medalına layiq görülmüşdür.
2013-cü ildə Bəybala Ələsgərov doktorluq dissertasiyasını müdafıə edərək tarix üzrə elmlər doktoru adını almışdır. Bəybala müəllim, 2015-ci ildən Ümumdünya Sülh Şurasının Beynəlxalq Sülh Federasiyasının Sülhməramlı səfıri seçilmişdir.
Bəybala Ələsgərov, özünün ictimai fəaliyyəti ilə də respublikamızın həyatında mühüm rol oynamışdır.
Dünyanın bir çox ölkələrində keçirilmiş qurultaylarda, elmi simpoziumlarda, yüksək səviyyəli toplantılarda iştirak etmiş, bir çox beynəlxalq tədbirlərdə Azərbaycan ziyalılarını təmsil etmişdir.
Elmi, ictimai fəaliyyətindən əlavə, Bəybala müəllim həm də bədii yaradıcılıqla məşğuldur. O, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Ağsaqqallar şurasının üzvü kimi bir çox sanballı ictimai təşkilatın fəaliyyətində yaxından iştirak edir.
Olduqca çoxşaxəli fəaliyyətlə məşğul olan Bəybala Ələsgərov eyni zamanda elmin populyarlaşdırılması sahəsində də mühüm işlər görmüşdür. O, mütəmadi olaraq qəzet səhifələrində dərc edilən məqalələrində və çıxışlarında oxucu və dinləyicilərə fundamental elmin nailiyyətləri haqqında məlumatlar verir. O, habelə “Samur” MM-nin Ali Məclisinin və Rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərir, müxtəlif şəhərlərdə azsaylı xalqlarla görüşlər təşkil edir.
Deyirlər ki, insanların dəyərini onları itirəndən sonra anlayırlar. Əsl xoşbəxtlik ondadır ki, insan sağlığında öz qiymətini alsın. Bu mənada Bəybala Ələsgərov bəxti gətirənlərdəndir. O, xalqımız və dövlətimiz tərəfındən layiqli qiymətini almış şəxsiyyətlərdəndir.
Bəybala Ələsgərov bütün varlığı və ruhu ilə yaradıcı insandır. O bu gün də daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır. Yüksək alimlik və tədqiqatçılıq keyfıyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və elmi yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.
Bəybala Ələsgərov hər şeydən əvvəl olduqca xeyirxah, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər gələcək nəsillər üçün elmə fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır.
 
Elnarə Mehbalıyeva,
ADPU-nin Kimya-biologiya fakültəsinin dekanı, dosent