PORTRET

Görkəmli alim, böyük ziyalı, nəcib pedaqoq

  • 30.06.2019

Beynəlxalq Elmlər Аkademiyasının Azərbaycan bölməsinin vitse-prezidenti, BEA-nın akademiki, Avropa Təbiətşünaslıq Akademiyasının akademiki, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar müəllimi, tanınmış əczaçı-alim, ölkəmizin ilk və yeganə qadın əczaçılıq elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri  Məhbubə Nəbi qızı Vəliyevanın 70 yaşı tamam olur.
Məhbubə Nəbi qızı Vəliyeva 1949-cu ilin aprel ayının 10-da İrəvan mahalının Kalinino rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Kalinino rus orta 11 illik məktəbini ilk azərbaycanlı qızı olaraq qızıl medalla bitirib, həmin il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinin rus bölməsinə daxil olub, 1971-ci ildə onu fərqlənmə diplomu ilə bitirmişdir.
Gənc mütəxəssis kimi Azərbaycan Tibb İnstitutunun  farmakologiya və toksikoloji kimya kafedrasında saxlanılmışdır və müxtəlif dövrlərdə baş laborant, assistent, baş müəllim, laboratoriya müdiri, professor, sonra kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
Məhbubə Nəbi qızı Vəliyeva 1991-ci ildə Azərbaycan Tibb Universitetinin «Təbii limfatrop biopreparatların araşdırılması» adlı Problem Elmi-Tədqiqat Laboratoriyasının Farmakologiya şöbəsinin müdiri, 1993-cü ildə əczaçılıq fakültəsinin dekan müavini, sonra dekan əvəzi işləmişdir.
1996-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Azərfarmsənaye» Elm-İstehsalat Birliyinin Baş direktor müavini və «Əczaçılıq Məhsullarının Ticarət İstehsalat İdarəsinin» müdiri vəzifələrində işləmişdir.
O, 1997-ci ildən Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri vəzifəsinə müsabiqə yolu ilə seçilmişdir və bu günə qədər həmin vəzifədə çalışır.
Professor M.N.Vəliyeva 1987-ci ildə Rusiya Federasiyasının Pyatiqorsk Əczaçılıq Akademiyasında namizədlik dissertasiyası müdafiə etmiş, əczaçılıq elmləri namizədi dərəcəsini almışdır.
1998-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında “Azərbaycan florasından alınan antiqemolimfokoaqulyaedici və limfastimulyaedici bitki mənşəli dərman vasitələri” adlı doktorluq dissertasiyasını müdafiə etmiş, ilk və yeganə azərbaycanlı qadın əczaçılıq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Professor M.N.Vəliyeva 3 doktorluq və 24 əczaçılıq üzrə namizədlik dissertasiyasına, 45 magistr dissertasiyasına rəhbərlik edib.
Vəliyeva M.N. 525 elmi işin (60 patent, 22 səmərələşdirici təklif, 7 monoqrafiya, 17 dərslik və dərs vəsaiti, 7 metodiki göstəriş, 14 tədris-metodiki vəsait, 28 texniki şərt, 7 farmakopeya məqalə və kitab) müəllifidir.
Professor Məhbubə Vəliyevanın elmi fəaliyyəti tibbin çox maraqlı sahəsi olan dərmanşünaslığın əczaçılıq sahəsinin geniş aspektlərinə: təbii mənşəli xammal əsasında yeni dərman və yarıməczaçılıq məhsullarının yaradılması və marketinq tədqiqatlarına aiddir. O, ölkəmizin bitki florasının 326 növ bitki xammalını skrininq yolu ilə araşdırıb və 110 dərman bitkisinin qanın laxtalanmasına təsirini öyrənib. Həmin bitkilərdən alınan fitoekstraktların çoxsaylı müqayisəli tədqiqatlar aparmaqla antihemolimfokoaqulyaedici təsirlərini aşkarlayıb. Azərbaycanın sərvəti hesab edilən bu bitki xammalından 12 ən effektli sənaye əhəmiyyətli dərman bitkiləri seçilib, o cümlədən biyan, zəfəran, dəfnə, limonotu, yemişanı tibb və əczaçılığa tətbiq edib. Ölkəmizin təbii sərvəti, sənaye əhəmiyyətli və geniş farmakoterapevtik xassələrə malik olan çılpaq biyan bitkisindən dərin elmi əsaslı tədqiqatları nəticəsində 300-dən artıq çox faydalı dərman vasitələri hazırlamışdır. Onlardan 60 ixtira patentlərdə öz əksini tapmışdır. Müəllif tərəfindən dünya təbabətində ilk dəfə çılpaq biyandan alınan fitopreparatların limfotrop xassələri aşkarlanmışdır,  normativ sənədlərdə təsdiq olunmuşdur və tibb təcrübəsində bir sıra ağır xəstəliklərin, o cümlədən onkoloji, immun çatışmazlığı ilə keçən xəstəliklərin müalicəsində tətbiqi tövsiyə edilmişdir.
Əczaçı alimin elmi nailiyyətlərinin əsasında ölkəmizdə “Biyan Products” MMC yaradılmışdır. Ağdaş rayonu Şıxlı kəndi ərazisində 11 hektarlıq sahədə Biyan Tədarükü Zavodu tikilmişdir. Hal-hazırda həmin zavodda biyanın məhsulları və 8 çeşiddə biyanın əsasında müalicəvi şərbətlər istehsal olunur.
M.N.Vəliyeva 1996-cı ildən Beynəlxalq Əczaçılar Federasiyasının üzvüdür.
2000-ci ildə professor Məhbubə Vəliyevaya Azərbaycan Respublikasının «Əməkdar muəllimi» adı verilmişdir.
O, 2005-ci ildə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin akademiki seçilmişdir.
2010-cu ildə professor Məhbubə Nəbi qızı Vəliyeva yüksəkixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.  2014-cü ildə Birləşmiş Millətlər Təşkilatının İctimai Mükafatlar İttifaqı professor  M.N.Vəliyevanın tibbdə böyük xidmətlərinə görə ilk azərbaycanlı qadını “Hippokrat” ordeni ilə mükafatlandırmışdır. 
2015-ci ildə professor M.N.Vəliyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdir.
2015-ci ildə Almaniyanın Hannover şəhərində professor M.N.Vəliyevaya Avropa Təbii Elmlər Akademiyasının akademiki elmi adı verilmişdir və ilk dəfə tibb və əczaçılıq sahəsində qadın-alim Akademiyanın Ali Liqasının qızıl ordeni ilə mükafatlandırılmışdır.
2015-ci ildə professor M.N.Vəliyeva Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk tibb elmlərinə üstün xidmət etdiyinə görə “İbn-İ Sina” diplomu ilə mükafatlandırılmışdır.
2016-cı ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası onu “Türk Dünyasında İlin Elm Adamı” beynəlxalq mükafatı ilə  qiymətləndirmişdir.
2016-cı ildə əczaçılıq sahəsində görkəmli elmi xidmətlərinə görə akademik M.N.Vəliyeva Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin diplom və “Qızıl Döş” nişanı ilə təltif olunub, həmin akademiyanın vitse-prezidenti seçilib.
Professor Məhbubə Nəbi qızı Vəliyeva 2018-ci ilin sonunda Elmdə və təhsildə əldə edilən naliyyətlərinə görə (UNCOPA-Un Council for Public awards-İsvecrə) – BMT-nin İctimai Mükafatlar Birliyi tərəfindən “Elm və Sülh elçisi” diplomu və mükafatı ilə təltif olunub.
O, 2018-ci ilin yekunlarına əsasən Avropa ilə elm və təhsil fəaliyyətində üstün xidmətinə görə Avropa Təbiətşünaslıq Akademiyasının qızıl medalı və diplomu ilə təltif olunmuşdur.
2019-cu ilin əvvəlində professor Məhbubə Vəliyeva Avropa Təbiətşünaslıq  Akademiyasının “İlin Alimi” diplomu ilə mükafatlandırılıb və həmin akademiyanın “Fəxri professor”u – “Ehrentitel Professor” seçilib.
2019-cu ildə professor Məhbubə Nəbi qızı Vəliyeva Tibbi kadrların hazırlanması sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə nümunəvi əməyinə və universitetin ictimai həyatında fəal iştirakına görə 70 illik yubileyi münasibətilə Azərbaycan  Tibb Universitetinin Fəxri fərmanı ilə təltif edilib.   
Vəliyeva M.N. respublikamızın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edir. ATU-nun Böyük Elmi Şurasının, Universitetin Mərkəzi Metodik Komissiyasının üzvüdür, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakopeya və Farmakologiya Şurasının üzvüdür, Əczaçılıq və farmakologiya üzrə Tsiklik Metod Şuranın sədridir.
Professor M.N.Vəliyeva “Azərbaycan əczaçılıq və farmakoterapiya” jurnalının; “Qafqazın stomatoloji yenilikləri” jurnalının; Rusiya Federasiyasının “Əczaçılıq və farmakologiya” jurnalının; Şimali Osetiyanın “Tibbi və Əczaçılıq” jurnalının; Rusiya Federasiyasının “Tibb və Biologiya” jurnalının; Pakistanın “Tibbi və Biologiya” jurnalının redaksiya heyətinin üzvüdür.
O, 1992-ci ildən Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. Azərbaycan Tibb Universitetinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, 1995-ci ildən 2015-ci ilədək Bakı şəhəri Nəsimi rayon YAP Təşkilatının Qadınlar Şurasının sədri, Bakı şəhəri Nəsimi rayon YAP Təşkilatının Şura heyətinin, Respublika Qadınlar Şurasının idarə heyətinin üzvüdür.
Şərəflə yaşayan, ömrünün böyük hissəsini Vətənə, əczaçılıq elminə həsr edən professor Məhbubə Vəliyevanı qürurla qarşıladığı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, xoşbəxtlik, səadət, gələcək məsuliyyətli və xeyirxah işlərində yeni-yeni uğurlar arzalayırıq.

 

Afət Məmmədov,

Beynəlxalq Elmlər

Akademiyasının akademiki,
BEA AB-nin mətbuat
xidmətinin rəhbəri