AĞIR İTKİ QULİYEV TOFİQ ƏVƏZ OĞLU
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni ilə təltif edilmiş, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev 84 yaşında vəfat etmişdir.
T.Ə.Quliyev SSRİ Jurnalistlər İttifaqının üzvü, SSRİ İqtisadçılar İttifaqının, sonralar isə Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, bir neçə ildən sonra isə İttifaqın idarə heyətinin üzvü olmuşdur.
T.Ə.Quliyev uzun illər boyu keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin – Elmi-texniki və Elmi-metodiki şuralarının üzvü olmuşdur. Bundan başqa o, SSRİ EA-nın elmi problemlər üzrə bir sıra komissiyalarının da üzvü olmuşdur. Bütün bunlara görə təsadüfi deyildir ki, 1989-cu ildə SSRİ EA-nın İqtisadiyyat bölməsi və onun Rəyasət heyəti T.Ə.Quliyevi Azərbaycan SSR EA-nın həqiqi üzvlüyünə tövsiyə etmişdir.
T.Quliyevin elmi yaradıcılığı çoxcəhətli və geniş diapazonludur. Onun 28 dərslik, monoqrafiya və kitabçası dərc edilmişdir. O, 500-ə qədər qəzet və jurnal məqalələrinin, “Sosializmdə əməyin reduksiyası”, “Tənzimlənən bazar iqtisadiyyatı”, “İnflyasiyanın anatomiyası” monoqrafiyalarının, “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları” dərsliklərinin müəllifidir.
Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən kitablarını dünyanın məşhur kitabxanalarının rəflərində görmək mümkündür. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.
T.Ə.Quliyevin “Tənzimlənən bazar iqtisadiyyatı” (rusca) kitabı 2000-ci ildə Budapeştdə keçirilən konfransda İnternetə daxil edilmişdir. Onun Moskvada çap olunan monoqrafiyaları dünyanın 80 ölkəsinə, o cümlədən ABŞ, Çin, Almaniya və digər ölkələrin kitabxanalarına göndərilmişdir. Professor T.Ə.Quliyevin rəhbərliyilə 35 namizədlik və bir doktorluq işi müdafiə olunmuşdur. O, respublikamızda və keçmiş sovet respublikalarında 150-yə qədər namizədlik və doktorluq üzrə avtoreferatlara rəy yazmışdır.
Tofiq Quliyev ömrünün son gününə qədər elmi fəaliyyətinə ara verməmiş, yaradıcılıqla məşğul olmuş, yeni elmi əsərlər üzərində işləmişdir.
Professor Tofiq Quliyev böyük alim olmaqla yanaşı, həm də vətənpərvər, yüksək mənəvi dəyərlərə malik bir ziyalı idi. Hər zaman Azərbaycan dövlətinin və xalqının problemləri ilə yaşayırdı. Xüsusən Qarabağ problemi, torpaqlarımızın işğal altıında qalması mərhum professorun ən ağrılı yeri idi. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasının milli təhlükəsizlik qədər önəmli olduğunu vurğulayırdı.
Azərbaycan İqtisadçılar İttifaqı,