PORTRET

«Nəsimi»dən başlayan uğur

  • 14.08.2018

Görkəmli Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti,  "Şöhrət" ordeni laureatı, "Şərəf" ordeni laureatı, Prezident təqaüdçüsü Rasim Balayev bu günlərdə 70 illik yubileyini qeyd etdi.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir.
İlk uğuru ona, demək olar ki, "Nəsimi" filmi gətirmişdir. Sonra "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda da tamaşaçıların sevgisini qazanmışdır. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır.
Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm"də, "Mosfilm"də və başqa studiyalarda filmlərə çəkilmişdir.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur. 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Yaratdığı bir-birindən maraqlı obrazlarla xalqın sevgisini qazanmış böyük sənətkarın bu günə qazandıqları layiq görüldüyü çoxlu sayda mükafatlardır... Və sözlə ifadə oluna bilməyəcək tamaşaçı sevgisi!
70 yaşınız mübarək, sevimli aktyor, böyük sənətkar!