PORTRET

Hörmətli Nizami müəllim

  • 17.05.2018

Siz Azərbaycan xalqının layiqli oğullarından biri, böyük bir nəslin nümayəndəsisiniz. Qurub-yaratmaq peşənizdir. Nə xoşdur ki, bu gözəl missiya məhz Sizin öhdənizə düşüb və onu ləyaqətlə yerinə yetirirsiniz. Arzu edirəm ki gözəl ürəyiniz daim qurub-yaratmaq eşqi ilə döyünsün.   75 yaşınız mübarək! Sizi bu münasibətlə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı və elmi fəaliyyətinizdə uğurlar diləyirəm.

Ziyad SƏMƏDZADƏ,
akademik, Azərbaycan Respublikası
Milli Məclisinin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri


 

 

Üzündən nuranilik, baxışlarından xeyirxahlıq, insanlara sevgi hissləri boylanan bu geniş mütaliəli və dünyagörüşlü memarla, böyük müəllimlə həmsöhbət olub, onunla bircə kəlmə kəsmək kifayətdir ki, təpədən dırnağacan ziyalı, nurlu bir insana heyran kəsiləsən, valeh olasan. Onu tanımayanlar belə bircə anlıq həmsöhbət olmaqla onun haqqında ilk və böyük təəssürat ala bilir.
Bu - Azərbaycanımızın şəxsiyyət insanlarından olan, Azərbaycan Respublikasının Əməkdar Memarı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının və AzMİU-nun memarlıq və şəhərsalma ixtisasları üzrə Dissertasiya Şurasının üzvü, memarlıq doktoru, professor Nizami Həsən oğlu Nağıyevdir. Bu günlərdə 75 yaşı qeyd olunan Nizami Nağıyev barəsində müsbət fikirlər söyləməyə, yazmağa kifayət qədər söz var, onun titullarının siyahısını da istənilən qədər uzatmaq olar. O, elə zəngin və parlaq bir memar müəllim ömrü yaşayır ki, Azərbaycanımızın ən ləyaqətli kişilərindən biri kimi təqdir və təbliğ olunmağa layiqdir.
Başlanğıc və yaxud bu günə gələn cığırlarla...
Nağıyev Nizami Həsən oğlu 1943-cü ilin may ayının 6-da qədim Gəncə şəhərində anadan olmuşdur. 1944-cü ildə atasının işi ilə əlaqədar Bakıya köçmüşlər. Nizami Bakıda boya-başa çataraq, 1950-ci ildə 160 nömrəli rus orta məktəbinə getmiş və 1960-cı ildə bu məktəbi müvəffəqiyyətlə bitirmişdir. Məktəbdə oxuduğu zaman rəssamlığa böyük həvəs göstərmiş və 6-cı sinifdən rəsm və heykəltəraşlıq dərnəklərinə getmişdir.
Nizaminin babası Gəncədə məşhur podratçı Məşədi Hümbət adlı bir ziyalı olmuşdur. 20-ci əsrin əvvəllərində babası Məşədi Hümbət bir sıra məşhur binaların cizgilərini çəkərək özü inşa etmiş və gördüyü işlərlə əlaqədar bir ustad-inşaatçı kimi Gəncə şəhərində böyük nüfuz qazanmışdır. İnşa edilən bu binaların sırasında Gəncədə Xan bağının yanında iki mərtəbəli kərpicdən tikilən inzibati bina, köhnə vağzal binası, şəhərin tarixi hissəsində tikilən ikimərtəbəli bir sıra yaşayış binaları və başqaları Məşədi Hümbətin ustad inşaatçı, qurucu fəaliyyətinin yadigarları kimi bu gün də onu yaşadır.
Babası Məşədi Hümbət 1946-cı ildə dünyasını dəyişmişdir. Hələ kiçik yaşlarından Nizami ailədə babası haqqında aparılan söhbətlərə həvəslə və maraqla qulaq asardı və bunları dinləyən gənc Nizamidə inşaat sənətinə, memarlığa böyük həvəs də o illərdə oyanmışdı.
Nəsildən gələnlər və böyük arzuların dalınca...
Nizami məktəbi bitirərək böyük arzularla 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin memarlıq bölməsinə qabiliyyət imtahanlarından əla qiymətlər alaraq qəbul olunur. O vaxtlar memarlıq fakültəsində rus bölməsi yox idi və Nizami Azərbaycan bölməsinə qəbul olunur. Gənc Nizami bununla əlaqədar oxuyarkən ictimai fənlərdən çətinlik çəkirdi və 2-ci kursdan Leninqrad (Sankt-Peterburq) İnşaat Mühəndisləri İnstitutunun şəhərsalma-memarlıq fakültəsinə köçürüldü.
1967-ci ildə Leninqrad (Sankt-Peterburq) İnşaat Mühəndisləri İnstitutunu yaxşı göstəricilərlə bitirən gənc Nizamini Rusiyanın Çerepovets şəhərinə baş memar göndərmək istəyirlər. Ancaq Nizami vətənə qayıdır və Bakı şəhərində “Azdövlətlayihə” İnstitutunda 3-cü memarlıq emalatxanasında memar vəzifəsində çalışmağa başlayır.
Bu dövrdə o bir sıra layihələrin müəllifi olmuş, Füzuli, Yevlax şəhərlərinin baş planlarını işləmişdir. Bakının bir sıra magistrallarının inşa olunma, şəhərsalma layihələrini hazırlamışdır. Bunların sırasında Dəmir yol vağzalından Elmlər Akademiyası kompleksinə qədər yaşıl binalar və onun ətrafında yaşayış komplekslərinin inşası, “28 Aprel” küçəsinin (indiki “28 May”) və Neftçilər prospektinin layihələrini qeyd etmək olar.
Nizami bu dövrdə bir sıra memarlıq müsabiqələrində də iştirak etmiş və qələbə qazanmışdır. Məsələn, 1968-ci ildə Sumqayıt şəhərinin mərkəzi hissəsinin müasir səviyyədə inşa edilməsinin beynəlxalq musabiqəsi keçirilmişdir. Moskva, Sankt-Peterburq, Kiyev layihə institutları ilə birgə Bakının iki institutu da bu müsabiqəyə qoşulmuşdur (“Azdövlətlayihə” və “Bakıdövlətlayihə”). “Azdövlətlayihə” kollektivinə Nizami Nağıyev rəhbər təyin edilmişdi və bu kollektiv 2-ci yer tutmuşdur.
Müəllif olduğu bir sıra layihələrə görə gənc memar Nizami Nağıyev 1968-ci ildə Azərbaycan Memarlar İttifaqına üzv seçilmişdir.
Hər zaman axtarışda...
Nizami Nağıyev öz üzərində çox çalışırdı və elmə böyük maraq göstərirdi. 1969-cu ildə o, sənədlərini Moskva şəhərinin Şəhərsalma üzrə mərkəzi elmi-tədqiqat institutuna verərək, əyani aspiranturasına daxil  olmuşdur. 3 il müddətində Moskva şəhərində aspiranturada oxuyaraq, dissertasiya hazırlamış və 1974-cü ildə müdafiə edərək memarlıq sahəsində elmlər namizədi elmi dərəcəsinə nail olmuşdur. Aspiranturanı bitirdikdən sonra Nizami Nağıyev akademik M.Useynovun təklifi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun memarlıq şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.
1974-cü ildə Bakıda Azərbaycan Dövlət Tikinti Komitəsi yanında yeni açılmış inşaat və memarlıq elmi-tədqiqat institutuna Nizami Nağıyev şöbə rəisi vəzifəsinə dəvət edilir. Bu zaman onun rəhbərliyi ilə bu şöbədə 12-yə qədər çox sanballı elmi-tədqiqat işləri hazırlanmış və müvəffəqiyyətlə Tikinti Komitəsinə təhvil verilmişdir.
Nizami Nağıyev 1976-cı ildə Azərbaycan Dövlət Tikinti Komitəsinin təklifi ilə “Azdövlətlayihə” İnstitutunun 3-cü şəhərsalma emalatxanasının rəhbəri vəzifəsinə dəvət edilmiş və bu vəzifədə 1978-ci ilə qədər qüsursuz çalışmışdır.
Bu zaman onun rəhbərliyi altında və  müəllifliyi ilə Azərbaycanın bir sıra şəhərlərinin baş planları işlənmişdir. Bunların sırasında Şəki, Lənkəran, Xaçmaz, Gəncə, Qazax, Ağstafa və başqalarını xüsusilə qeyd etmək olar.
1978-ci ildə Nizami Nağıyev Azərbaycan Dövlət Tikinti Komitəsinin mənzil-ictimai tikinti baş idarəsinin rəisi vəzifəsinə dəvət edilmiş və respublikada böyük quruculuq işlərinin iştirakçısı olmuşdur. O vaxtlar işlənilən Bakı şəhərinin baş planının, ayrı-ayrı baş planların, respublikanın bölgələrinin ərazi planlaşdırma işlərinin geniş ekspertizasını apararaq, şəhərlərin və bölgələrin inkişafına təkliflər vermişdir.
Nizami Nağıyev 1980-ci ildə Moskva şəhərinin Bakıda yerləşən  böyük filialının “Sentrosoyuzproyekt” Layihə İnstitutuna baş mühəndis, sonra isə 1984-cü ildə direktor təyin olunmuşdur. 1980-ci ildən “Sentrosoyuzproyekt” Layihə İnstitutunda Nizami Nağıyevin rəhbərliyi, özünün iştirakı və müəllifliyi ilə 100-dən artıq sənaye, ictimai və yaşayış binalarının layihələri hazırlanmış və inşa edilmişdir. Bu layihələr tək Azərbaycanda yox, həm də Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Rusiya kimi ölkələrdə də inşa edilirdi.
Nizami Nağıyevin institutun əməkdaşları ilə birgə iki layihəsi 1983 və 1985-ci illərdə SSRİ Memarlar İttifaqı tərəfindən Moskva şəhərində keçirilən SSRİ üzrə “İlin ən yaxşı layihəsi” müsabiqələrində və sərgilərdə qızıl medala və diplomlara layiq görülmüşdür.
Nizami Nağıyev 1989-cu ildə Azərbaycan Respublikasının Dövlət Tikinti Komitəsinə sədr müavini vəzifəsinə təyin edilmişdir, sonralar sədrin birinci müavini, sədr əvəzi olmuşdur.
Nizami Nağıyev layihə institutlarında və dövlət idarələrində işlədiyi zaman təhsillə sıx əlaqədə olmuşdur. Axşam vaxtları əvvəlcə Azərbaycan Politexnik İnstitutunun memarlıq bölməsində saathesabı dərs demişdir. Sonralar isə Azərbaycan Memarlıq İnşaat Universitetində dərs demiş və Universitetin elmi şurasının üzvü olmuşdur.
1996-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinə tam işə keçmişdir. “Memarlıq və şəhərsalma” kafedrasında professor vəzifəsində çalışmışdır. 1996-cı ildə memarlıq fakültəsinin dekanı seçilmişdir. 2001-ci ildən isə “Memarlığın əsasları” kafedrasının müdiridir.
Nizami Nağıyev 20-dən çox elmi-tədqiqat işinin, 40-dan çox elmi məqalənin, bir sıra dərsliklərin, iki monoqrafiyanın müəllifidir.
Bununla yanaşı, Nizami Nağıyev bir sıra respublika və beynəlxalq elmi konfranslarda Azərbaycan memarlığı və şəhərsalması üzrə çıxışlar edərək, respublikamızda bu sahənin hərtərəfli inkişafını konkret faktlarla göstərmişdir. Belə çıxışlar İtaliya, Rusiya, İran İslam Respublikası, Portuqaliya, Türkiyə, Rumıniya, Özbəkistan, Gürcüstan və başqa ölkələrdə olmuşdur.
Nizami Nağıyev 1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının memarlıq doktoru elmi dərəcəsini almışdır, ona 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professor-doktoru adı verilmiş və 2014-cü ildə həmin akademiyanın akademiki seçilmişdir. 1995-ci ildə Azərbaycan Dövlət Tikinti Komitəsinin “İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun” fəxri doktoru seçilmişdir.
1992-ci ildə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 1994-cü ildə həmin akademiyanın vitse-prezidenti, 2000-ci ildə birinci vitse-prezidenti seçilmişdir.
Nizami Nağıyev 2011-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, memarlıq doktoru elmi dərəcəsinə nail olmuşdur.
1995-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində professor vəzifəsində çalışır.
Azərbaycan Respublikasının əməkdar memarı, memarlıq doktoru, professor Nağıyev Nizami Həsən oğlu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının və AzMİU-nun memarlıq və şəhərsalma ixtisasları üzrə Dissertasiya Şurasının üzvüdür.
Nizami Nağıyev memar kimi fəaliyyəti dövründə ictimai işlə də məşğul olmuşdur. O, 1980-ci illərdə Bakının Oktyabr rayonunun deputatı kimi rayonun abadlıq işlərində çalışmışdır.
1969-cu ildən Azərbaycan Respublikasının Memarlar  İttifaqının üzvlüyünə qəbul edilmişdir, 1970-ci ildə Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü, SSRİ Memarlar İttifaqının Rəyasət Heyətinə seçilmişdir.
1990-cı ildə ona Azərbaycanın “Əməkdar memarı” fəxri adı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Nizami Nağıyev yaşadığı ömürlə illərdir ki, cəmiyyətdə və işlədiyi kollektivlərdə bir insanlıq və rəhbər nümunəsi formalaşdırmışdır. Bu şəxsiyyət sevgi üzərində xəlq olunub, həyata, insanlara, mənsub olduğu millətə təmənnasız sevgi, hörmət və qayğı hissləri onu yaşadan əsas meyarlardır.
Bu gün çalışdığı Azərbaycan Memarlıq və İnşaat Universitetində həm rəhbərlik və müəllim kollektivi, həm də tələbələr arasında (Nizami müəllimin dərs demədiyi digər fakültələrdə oxuyan tələbələr də ona hörmətlə yanaşır) yüksək nüfuz və hörmət sahibidir, hamı onun yolunu tutur, ağsaqqallığına, böyük müəllimliyinə dəyər verir. Onun 75 illik yubileyi Nizami müəllimin dərs dediyi  və hərəsi bu gün müxtəlif layihə, memarlıq qurumlarında və tikinti təşkilatlarında çalışan yüzlərlə tələbəsi üçün də unudulmaz məqamdır. Onu tanıyan hər kəs Nizami müəllimlə dostluğundan, tanışlığından məmnundur və qürur duyur.
Nizami Nağıyev bütün bunlarla bərabər, yaradıcı insan olaraq sözə, sənətə, mətbuata və jurnalist peşəsinə dəyər verən rəhbər olub və bu gün də belədir. Bir kiçik məqamı da yada salaq ki, Nizami Nağıyev Dövlət Tikinti Komitəsinin sədr müavini və sədr əvəzi işlədiyi zamanlarda Komitənin qəzeti olan “İnşaatçı” qəzetinə xüsusi qayğı ilə yanaşıb, köməyini əsirgəməyib.
 Belə bir ömür yaşamağı hamı çox istərdi, çox arzulayardı, ancaq bu, hər kəsin gücündə və qismətində deyil. 
Nizami müəllim, Sizi tanıyan minlərlə insanın adından bu gün ərklə 75 illik yubileyinizi təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq. Sizin kimi ustadlar bu millətin böyük qazancı, əvəzsiz sərvətidir. Hər zaman sırada olun, böyük və müdrik müəllim missiyanızı davam etdirin. Bizim Sizə etiyacımız var.
75 yaşınız mübarək olsun!

Zərbalı MİRZƏ