İnsan həyatı zirvələrin belinə dolanan yollara, cığırlara bənzəyir. Bu yollar yolçularından cəsarət, mətinlik tələb edir. Bəzən yolçular uzaqlarda görünən əlçatmaz, ünyetməz zirvələrə baxanda ümidlərini itirib geri dönürlər. Elə insanlar da var ki, bu yollar onları yormur, daim irəliyə, ucalığa səsləyir. İslam İbrahimov ucalığa, zirvələrə can atan insanlardandır. İslam müəllimi yaxından tanıdığımız üçün onun haqqında yazmaq və təəssüratlarımızı bildirmək bizim üçün çox xoşdur. Bu gün onun haqqında yazarkən çox fikirləşmədik və belə qərara gəldik ki, 70 illik yubileyini qeyd etməyə hazırlaşdığımız iqtisad elmləri doktoru, professor, Əməkdar Kənd Təsərrüfatı İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Bakı Biznes Universitetində kafedra müdiri, ömrünü aqrar elmə, tədrisə, təlim-tərbiyəyə həsr etmiş istedadlı alim, böyük şəxsiyyət, əzmkar və fədakar insan İslam Hacı oğlu İbrahimovu çoxsaylı alimlər adından təbrik edərək, həyatda uğurlar və cansağlığı arzulayaq. Maraqlı, mənalı həyat yolu keçən, zəngin elmi axtarışları ilə seçilən, çoxşaxəli fəaliyyəti ilə vətənə, xalqa iqtisadiyyat elminin incilərini bəxş edən təcrübəli mütəxəssis, görkəmli alim, xeyirxahlığı və sadəliyi ilə insanların qəlbinə yol açan gözəl insan İslam İbrahimov həyatının müdriklik dövrünü yaşayır. İbrahimov İslam Hacı oğlu 1948-ci il yanvar ayının 17-də Tovuz rayonunun Əlibəyli kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1955-ci ildə Əlibəyli kənd orta məktəbinə daxil olmuş və həmin məktəbin XI sinfini 1966-cı ildə bitirmişdir. Həmin ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə-statistika fakültəsinə daxil olmuş və həmin institutu 1970-ci ildə bitirmişdir. Ali məktəb illəri tələbə İslamın elmə yiyələnməsi ilə yanaşı, onun dünyagörüşünün formalaşmasına da böyük təsir göstərir. İnstitutda dərs əlaçısı olmuşdur. İntizamlı olmasına, yaxşı oxuduğuna və fəal tələbə olduğuna görə institutun rəhbərliyi onun oxuduğu orta məktəbə və valideynlərinə təşəkkür məktubları göndərmişdir. İnstitutun təyinatına müvafiq olaraq, 1970-ci ilin iyul ayından Mərkəzi Statistika İdarəsinin Respublika Hesablama Mərkəzində iqtisadçı vəzifəsində çalışmışdır. 1970-ci ilin noyabrından 1971-ci ilin noyabrına qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra yenidən Respublika Hesablama Mərkəzində iqtisadçı vəzifəsində işləmişdir. İslam müəllimin elmə həvəsi və marağı onu yenidən təhsil aldığı instituta gətirmişdir. O, 1972-ci ilin sentyabrında istehsaldan ayrılmaqla D.Bünyadzadə adına Az.XTİ-nin aspiranturasına daxil olmuş və oranı 1975-ci ildə bitirmişdir. 1976-cı ilin may ayında dissertasiya müdafiə edərək, xalq təsərrüfatının iqtisadiyyatı (kənd təsərrüfatı), təşkili və planlaşdırılması ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturanı qurtardıqdan sonra Ədliyyə Nazirliyinin tələbi ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda 1975-ci ilin sentyabrdan 1980-ci ilin noyabrınadək baş elmi işçi vəzifəsində işləmişdir. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda 1981-ci ilin mart ayından iyun ayınadək həmin institutda baş elmi işçi işləmişdir. 1981-ci ilin iyun ayından köçürmə yolu ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində əməkhaqqı idarəsinin rəisi, 1981-ci ilin oktyabrından 1986-cı ilin yanvar ayınadək Baş Plan İqtisad İdarəsinin rəisi vəzifəsində işləmişdir. Tapşırılan işə məsuliyyətlə yanaşması, əməksevərliyi, prinsipiallığı və təşkilatçılığı sayəsində ona daha məsul işlər tapşırılmışdır. 1983-2004-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvü olmuşdur. 1986-cı ildən Dövlət Aqrar Sənaye Komitəsində Plan İqtisad İdarəsinin rəisinin müavini, şöbə rəisi, 1989-cu ilin fevralından isə Baş Plan İqtisad İdarəsində planlaşdırma idarəsinin rəisi, Baş idarənin rəisinin müavini vəzifəsində işləmişdir. 1994-cü ilin avqustundan 1995-ci ilin sentyabrınadək kənd təsərrüfatı nazirinin müavini, 1995-ci ilin sentyabr ayından isə Baş Aqrar İslahatlar idarəsində rəis, 2005-ci ildən 2013-cü il fevral ayına kimi Aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri vəzifəsində işləmişdir. 35 il nazirlikdə işləyərək, vicdanla xalqına, elinə xidmət etmişdir. 2004-cü ildən YAP-ın üzvüdür. İ.H.İbrahimov bazar münasibətləri şəraitində aqrar sahənin, xüsusən kənd təsərrüfatının iqtisadiyyatı, idarə olunması və təşkili problemləri ilə əlaqədar materiallar hazırlanmasında bilavasitə iştirak etmiş, müxtəlif səviyyələrdə təşkil olunmuş 30-dan çox beynəlxalq və respublika yığıncaqlarında, elmi-praktiki konfranslarda və seminarlarda məruzələrlə çıxışlar etmişdir. O, aqrar iqtisadiyyatın aktual problemləri ilə əlaqədar tez-tez mətbuatda, radio və televiziya ilə çıxışlar edir. İslam İbrahimov aqrar bölmənin bazar münasibətlərinə keçirilməsi və fəaliyyətinin tənzimlənməsi, istehsalın keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi yolları, forma və üsullarına dair praktiki əhəmiyyətə malik təkliflər və tövsiyələr hazırlanmasında xüsusi təşəbbüskarlıq göstərir. İşlədiyi dövrdə onun yeni təsərrüfatçılıq şəraitində iqtisadi münasibətlərin formalaşdırılması və sahibkarlığın inkişafına dair hazırladığı çoxsaylı təkliflərinə Nazirliyin Kollegiyasında baxılmış, bəyənilərək istifadə üçün müvafiq təşkilatlara göndərilmişdir. İslam İbrahimov bazar münasibətləri şəraitində iqtisadi mexanizmin formalaşdırılması, xüsusən aqrar bölmədə islahatların həyata keçirilməsi ilə əlaqədar sahibkarlığın problemləri və iqtisadi məsələlərə dair normativ sənədlərin və proqramların hazırlanmasında fəal iştirak etmişdir. O, «Aqrar islahatının əsasları haqqında», «Sovxoz və kolxozların islahatı haqqında», «Kooperasiya haqqında», «Ailə-kəndli təsərrüfatı haqqında» qanun layihələrinin, bir sıra əsasnamə və qaydaların, «1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı»nın (1999), «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı»nın (2001), «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»nın (2003), «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın (2008) və digər dövlət əhəmiyyətli sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir. O, aqrar islahatların həyata keçirilməsində fəal iştirakçı olmuş, dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar dəyərli təkliflər hazırlamış, direktiv orqanlarla müzakirəsində fəal iştirak etmişdir. Ümumillli lider Heydər Əliyev nəzəri biliklərini təcrübədə tətbiq edən alimlərə yüksək qiymət verirdi. H.Əliyev bununla əlaqədar göstərmişdir ki, “Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Öz taleyini elmlə bağlayan İslam İbrahimov müntəzəm olaraq elmi axtarışlarını davam etdirmiş, tələbkar və təcrübəli mütəxəssis kimi aqrar iqtisadiyyatın elmi-nəzəri məsələləri ilə məşğul olmuşdur. O, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyası aqrar bölmənin ən vacib probleminə - kənd təsərrüfatı məhsulları istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsinin iqtisadi problemlərinə həsr edilmişdir. Mənalı ömrünü Azərbaycanın aqrar iqtisadiyyatına həsr edən İslam İbrahimov 2004-cü ildən professordur. Professor İ.İbrahimov 2005-ci ildən BMT-nin Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvüdür. İslam müəllim respublikamızda tanınmış, yüksək intellektual səviyyəli iqtisadçı kimi, mənalı və şərəfli ömür yolu keçmiş, özünün əməksevərliyi, təşkilatçılıq bacarığı və zəhməti nəticəsində böyük uğurlar qazanmağı bacarmışdır. İ.İbrahimov Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli sərəncamı ilə “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə medalı” ilə təltif olunmuş, 2012-ci ilin 31 oktyabr tarixli sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə ona “Əməkdar Kənd Təsərrüfatı İşçisi” fəxri adı verilmişdir. Bütün ömrünü elmə sərf edən görkəmli alim və ziyalı professor İslam İbrahimov uzun illər ərzində gərgin əməyi sayəsində aqrar iqtisadiyyatın müxtəlif aspektlərini əks etdirən problemləri dərindən, yüksək elmi səviyyədə təqdim etməklə Azərbaycan aqrar elminə böyük töhfələr vermişdir. İqtisad elmləri doktoru, professor İ.İbrahimovun 300-dən çox əsəri, o cümlədən 20-dən çox kitabı, monoqrafiyası və dərs vəsaiti dərc olunmuşdur. O, «Əmək və məhsulun keyfiyyətinin yaxşılaşdırılması yolları» (1982); «Heyvandarlıqda keyfiyyət» (1985); «Bazar iqtisadiyyatı və qiymət» (1992); «Bazar iqtisadiyyatı şəraitində keyfiyyət və səmərəlilik» (1994); «Aqrar iqtisadiyyatın aktual problemləri» (2002); «Aqrar iqtisadiyyatın əsasları» (2003); «Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələləri” (2010); “Məhsuldar qüvvələrin yerləşdirilməsi” (2014); “Ətraf mühitin iqtisadiyyatı” (2015); “Aqrar sahənin iqtisadiyyatı” (2016); “Sənayedə investisiya və innovasiya fəaliyyəti” (2017); “Sənayenin təşkili və idarə edilməsi” (2018) və s. kitabların müəllifidir. Professor 1995-2011-ci illərdə Yunanıstanda, Fransada, İtaliyada, Türkiyədə, Böyük Britaniyada, Almaniyada, ABŞ-da, Hollandiyada, İsraildə və Macarıstanda ezamiyyətdə olmuş, aqrar iqtisadiyyatın aktual məsələləri ilə əlaqədar beynəlxalq seminar və görüşlərdə çıxışlar etmişdir. İslam İbrahimov fədakar alim olmaqla yanaşı, həm də səmimi, prinsipial, geniş ürəkli, həssas qəlbli, qayğıkeş, xeyirxah alim kimi gənc nəslə örnək ola biləcək bir insandır. İ.İbrahimov elmi kadrların hazırlanmasında fəal iştirak edir. Onun rəhbərliyi ilə 16 nəfər elmlər namizədi müdafiə etmişdir, o, 30-dan çox elmlər namizədi və elmlər doktorunun rəsmi opponenti olmuş və hazırda 5 nəfər dissertantın elmi rəhbəridir. İ.İbrahimov Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun və Azərbaycan Dövlət Aqrar Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuşdur. Professor hazırda Azərbaycan Respublikasının Prezidenti yanında AAK-da İqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvüdür. O, həyatının ən gözəl dövrünü gənclərə həsr edərək, elmi-pedaqoji fəaliyyətlə məşğul olur və hazırda Bakı Biznes Universitetində kafedra müdiri vəzifəsində çalışır. İslam İbrahimov sözə, şeirə bağlı insandır. O, doğulub boya-başa çatdığı Tovuzun Əlibəyli kəndinin adını özünə təxəllüs götürmüşdür. İ.İbrahimov (Əlibəyli) Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Nəcib poetik duyğuları, hissləri nəğmələşib, misralara çevrilib və onun «Sevirəm de...» (2000), «Unuda bilmirəm...» (2004), «Duyğulu anlarım...» (2011), “Sevgi duyğuları...” (2017) adlı şeir kitabları nəşr olunmuşdur. «Araz» Ali Əbədi mükafatı, «İlin vətənpərvər adamı», «Şərəf» və «Qızıl Qələm» mükafatı laureatıdır. Şeirlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilər tərəfindən oxunur. İslam İbrahimov həm də publisist məqalələri ilə tanınır. Onun «Nizami poeziyasında kənd təsərrüfatı», «Səməd ürəklərdə yaşayır», «Zirvələr oğluyam deyən şair...» və s. məqalələri maraqla qarşılanmışdır. İslam müəllimi yubileyi münasibəti ilə təbrik edirik və ona Azərbaycanın aqrar iqtisadiyyatının güclənməsi uğrunda fəaliyyətində, həyatında, elmi-pedaqoji yaradıcılığında yeni-yeni nailiyyətlər, müvəffəqiyyətlər və can sağlığı arzulayırıq.
Ziyad Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik,
İbad Abbasov, Bakı Biznes Universitetinin rektoru, i.e.d., professor
|