VİDA SÖZÜ Halal zəhmətilə ucalan insan "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur." Heydər ƏLİYEV
Xalq arasında belə bir deyim var: "Adam var evdən gedir, adam var eldən gedir". Eldən gedən itki daha ağır olur. Gəlimli-gedimli dünyada belə ölümə hamı acıyır, kədərlənir, üz vermiş itkini özününkü bilir. Etiraf edək ki, belə ölümün özü də hər kəsə qismət olmur. Belə ölüm şərəfli və mənalı ömrün sonu olsa da, bu cür insanlara qalib gələ bilmir. Əksinə, aylar, illər keçir, bu insanlar həmişə yad edilir, ruhlarına dualar oxunur, qəlblərdə yaşayırlar.
Ömər Ağayev də belə insanlardan idi…
Ömər Ağacahangir oğlu Ağayev 1928-ci ildə indiki Qobustan rayonunun Təklə kəndində sadə bir ziyalı ailəsində dünyaya göz açıb. Atası Ağacahangir Cahangir oğlu ilahiyyata bağlı bir insan idi. 1930-cu illərdə həyata keçirilən kolxozlaşma zamanı hesabdar işləyərək, halal zəhmətilə ailəsini dolandırırdı. Anası Çimnaz xanım evdar qadın idi. Səkkiz övlad dünyaya gətirib tərbiyə etmişdi.
Ailənin ilk oğul övladı Ömər kənddə yeddiillik məktəbi bitirmiş, İkinci Dünya müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq kolxozda çalışmış və ailə qayğılarını çəkməyə məcbur olmuşdu. Müharibədən sonra Şamaxıdakı Sabir adına Pedaqoji Texnikumu bitirmiş, bir neçə il doğma kəndində müəllimlik etmişdir.
1950-52-ci illərdə hərbi xidməti başa vuran Ömər öz taleyini Bakı Elektrik Maşınqayırma Zavodu ilə bağlayır. Əmək fəaliyyətinə 5-ci dərəcəli çilingər kimi başlayan Ömər Ağayev indiki Nəsrulla Nəsrullayev adına zavodda sex ustasına qədər yüksəlmişdi. Əməklə ucalan və şərəflənən usta yeddinci beşillik planı vaxtından əvvəl yerinə yetirdiyinə görə "Lenin” ordeni, səkkizinci beşillik planı yerinə yetirdiyinə görə "Oktyabr inqilabı” ordeni ilə təltif olunmuşdur.
1961-ci ildə Sov.İKP-nin XXII qurultayına nümayəndə seçilir. O, Sov.İKP-nin XXV və XXVI qurultaylarının da nümayəndəsi olmuşdur. Ömər Ağayev Azərbaycan KP-nin XXVIII, XXIX və XXX qurultaylarının nümayəndəsi olmuş və MK-nın üzvü seçilmişdi. 41, 42, 43 və 44-cü Bakı şəhər partiya konfranslarına nümayəndə seçilmiş, uzun illər Bakı Şəhər Sovetinin deputatı olmuşdu. 1974-cü ilin yanvar ayının 3-də Sovet İttifaqının ən yüksək əmək təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Fəxri ad sahibinə təkcə şöhrət gətirmir, həm də məsuliyyət, tələbkarlıq, ona edilən etimada cavabdır. Bu mükafat, bu ad onun əmək fəaliyyətinin məntiqi nəticəsi idi.
Respublikamız müstəqillik qazandıqdan sonra da Ömər Ağayev ictimai fəaliyyətini dayandırmamışdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci il tarixli Fərmanı ilə ona Prezident təqaüdü verilmişdi.
Ömər Ağayev həmişə öz prinsipiallığı və diqqətcilliyi ilə seçilirdi. O, Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev və dünyanın bir sıra ölkələrinin başçıları, o cümlədən Kuba xalqının böyük oğlu Fidel Kastro ilə şəxsən görüşmüşdü. Bu elə vaxtlar idi ki, hər adam dövlət başçılarına yaxınlaşa bilmirdi.
Ömər müəllim 1977-ci ildə Azərbaycan SSR Ali Məhkəməsində və 15 il SSRİ Ali Məhkəməsində Xalq iclasçısı olmuşdur. 1990-2002-ci illər ərzində Azərbaycan Ali Məhkəməsində Xalq içlasçısı olan bu insan həmişə öz prinsipiallığı ilə seçilmişdir. 2002-ci ilin iyun ayından Prezident təqaüdçüsü, Yeni Azərbaycan Partiyasının üzvü, Respublika Veteranlar Şurasının üzvü olmuşdur. Ömər Ağayev təbiətcə sadə, mehriban, istiqanlı, qaynayıb-qarışan, necə deyərlər, uşaqla uşaq, böyüklə böyük, təkkəbbürdən uzaq bir insan idi.
Ömər Ağayev, eyni zamanda, xoşbəxt bir nəslin dəyərli ağsaqqalı idi...
Onun bir neçə il əvvəl mətbuatda dərc edilən xatirələrini oxuyuruq. Əmək qəhrəmanı ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini belə bölüşürdü:
“...Zavodumuzun fəhlələri üçün yaşayış evi tikilirdi. 70-ə qədər fəhlə ailəsi bu binadan mənzil gözləyirdi. O vaxtlar Bakı Şəhər İcraiyyə Komitəsi bir qayda yaratmışdı ki, tikilən evlərin azı 15 faizi onların balansında saxlanılsın. Respublika sarayında keçirilən görüşdə ulu öndər Heydər Əliyev də iştirak edirdi. Çıxışımda dedim ki, biz siyahıdan kimlərinsə adını çıxarsaq, ən azı 10-15 fəhlə ailəsi evsiz qalacaq. Onda Heydər Əliyev məsələyə dərhal münasibət bildirdi: “Növbədə kimlərin adı varsa, evləri də onlara verin. Heç kəsin haqqına, hüququna toxunmayın. Zavodumuzda bunu, az qala, bayram kimi qarşıladılar. Axı, onlarca ailə mənzilə sahib olmuşdu”.
Və ya: “Keçirdiyim görüşlər, unudulmaz xatirələr bir yana, amma ulu öndərlə - Heydər Əliyevlə görüşlərimi, səmimi söhbətlərimi heç vaxt unuda bilmərəm. Bu gün yaşadığım evi 1980-ci ildə Heydər Əliyevin köməyi ilə almışam. 2003-cü ildə 75 yaşım tamam olanda Heydər Əliyev evimizə zəng vurub məni həm yubiley, həm də yeni il münasibətilə təbrik etdi. Mən yanvar ayının 1-də doğulmuşam. Elə bilirəm ki, rəhbərin bundan böyük diqqəti, qayğısı ola bilməz. Qazandığım bütün uğurların əsl səbəbkarı Heydər Əliyev olub. Ulu öndər zəhmət adamına, halallıqla ucalan insanlara böyük dəyər verirdi. Ulu öndərlə sonralar da dəfələrlə görüşmüşəm. Hər dəfə eyni səmimiyyət, xoş rəftar görmüşəm...”.
Prezident İlham Əliyevlə son görüşünü isə o, belə xatırlayırdı: “Ağsaqqallarla görüşlərinin birində cənab Prezident mənə müraciətlə: - Hə, necəsən?, - deyə hal-əhval tutdu. Dedim ki, biz ulu öndərin tövsiyələri ilə çalışmışıq, uğur qazanmışıq. Ona görə də estafeti sona qədər qorumalıyıq”.
El ağsaqqalı qürur hissilə deyirdi:
“... Toy-düyündən başım açılmır. Nəvələrim, nəticələrim bir yana, o qədər köməksiz, imkansız adamlara dayaq olmuşam ki... Neçə-neçə cavanın xeyir işinə ağsaqqallıq etmişəm. Bu gün onların övladları mənə “Ömər baba” deyir. Elə bilirəm ki, dünyada bundan böyük xoşbəxtlik ola bilməz...”
Bəli, Ömər Ağayev xeyirxah işlərə ağsaqqallıq etməkdən heç vaxt yorulmayıb.
O, adamların haqqını, hüququnu qorumaq üçün ən mötəbər qapıları döyüb. Azərbaycan Ali Məhkəməsinin xalq iclasçısı kimi ədalətli mövqeyi, haqq səsi ilə seçilib. Köməyə, yardıma ehtiyacı olanlara dayaq olub.
Xalqın, elin, obanın sevgisini, etimadını qazanmağın bir yolu var. O yol halallıqdan, zəhmətdən keçir. Ömər Ağayev də o yolu seçmişdi. Ona görə də bu gün xatırlanır, anılır.
Şərəfli və xoşbəxt bir ömür yaşayan Ömər Ağayev onu tanıyan insanların qəlblərində öz heykəlini ucalda bildi. Təvazökarlığı ilə hər kəsə nümunə olan bu insana uca Allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun!
“İqtisadiyyat”