Ötən həftə musiqimizin korifeyi Rəşid Behbudovun adını daşıyan Mahnı Teatrında müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir. Məqsədi ilin “yaxşıların yaxşısı”nı seçmək olan bu tədbirin təşəbbüsçüsü “Eжедневно новости» qəzetinin yaradıcı kollektividir. İnformasiya dəstəyi verənlər ABA telekanalı, “Alfa” Agentliyi, sponsorlar “Anna-belle” restoranı, Naim Naiboğlu və Mübariz Babayev idi. “İlin ən yaxşı mahnısı” nominasiyası üzrə 1-ci diplom bəstəkar Aygün Səmədzadəyə verildi. Bizi uşaqlıq illərinə aparan, xoş və şirin xatirələr oyadan “Məktəb illəri” mahnısına görə. İkinci mükafat “İlin kəşfi” nominasiyası üzrə həmin mahnının ifaçısı Lalə Məmmədovaya təqdim edildi. “İlin ən yaxşı qrupu” nominasiyası üzrə mükafat “Rast” qrupuna, “Milli musiqimizin xaricdə təbliğinə görə” isə Alim Qasımova verildi. Müəllif nominasiyalar üzrə müğənnilərdən Gülyaz və Gülyanaq Məmmədova bacılarına, Samir Bağırov, Günel, Elmira Ələkbərzadə, Azərin, Bilal Əliyev, Qədir Məmmədov, Mətanət İsgəndərli, bəstəkarlardan Nadir Əzimov və Vaqif Gərayzadə, rejissor Ülviyyə Könül və başqa istedadlı gənclər seçildi. Gecənin sonunda Flora xanımın səhnəyə dəvət olunması tamaşaçılar üçün bir sürpriz oldu. Səhnə üçün yaranmış, uzun müddət pərəstişkarlarını intizarda qoymuş bu sənətçimiz, “estradamızın qızıl ledisi” Flora Kərimova bu gecə ona qarşı olan məhəbbətin sönmədiyinə, əksinə yenidən alovlandığına bir daha əmin oldu. Müğənni iki gözəl mahnı oxudu. “Məhəbbətim” mahnısından sonra tamaşaçıların alqışları onu ikinci dəfə səhnəyə gətirdi. Bu dəfə o, gecənin əsas qaliblərindən biri, bəstəkar Aygün Səmədzadənin “Ruhumuz qovuşacaq” mahnısını ifa etdi. Mahnı bəstəkara və müğənniyə minnətdarlıq əlaməti olaraq qızğın alqışlarla qarşılandı. Əsl musiqi bayramına çevrilən bu gecə bir daha təsdiq etdi ki, Azərbaycan musiqisi yaşayır, səhnəyə yeni istedadlar gəlir və sənət öz seçimini edir. “İqtisadiyyat” qəzeti, 14 yanvar 2001-ci il “Tut ağacım” mahnısı artıq 15 ildir böyük səhnələrdə, konsert salonlarında, efirlərdə səslənir və yaşayır, hər kəsi özünə valeh edir. Aygün Səmədzadə dünyasının ən gözəl sakinlərindən biridir o... Saflıq, şəffaflıq, müqəddəslik, ruzi-bərəkət rəmzidir tut ağacı. Bir az da nəsil şəcərəsinin bəlgəsidir. Tut ağacının kölgəsi yığnaqlı olar, gecələri nağıllı. Aygün Səmədzadənin yaradıcılığında bu müqəddəs varlığa həsr olunmuş mahnının yer alması da təsadüfi deyil. Onun nəğmələrində xalqın qədim tarixi yaddaşı, zəngin mənəviyyatı və bir də ağbirçək nənələrin, hikmət sandığı babaların nəfəsi qorunur sanki... Yəqin ki, elə bu doğmalığa görə də bu nəğmələr ürəkləri fəth edə bilir. Bu nəğmələr nəinki doğma Azərbaycanda, onun hüdudlarından kənarda da sevilir. Onu deyə bilərəm ki, bu gün Aygün xanımın bütün mahnıları dillər əzbəridir. Uşaqdan-böyüyə, hamı bu mahnıları zümzümə edir, “Məktəb illəri”ndən tutmuş “Biri varmış, biri yoxmuş”a qədər hamısı əzizdir bizə. Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Aygün Səmədzadəyə can sağlığı, səadət və yaradıcılıq uğurları diləyi ilə...
2001-ci il "İqtisadiyyat" qəzeti
Yeganə Məmmədova
|