Böyük Azərbaycanşünas alim haqqinda yeni biblioqrafik mənbə
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Qulu oğlu Cəfərov irsinin biblioqrafik cəhətdən tədqiqi, öyrənilməsi onun Azərbaycan elmində rolunun müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından çox vacibdir. Bu məqsədlə onun zəngin elmi irsini əks etdirən biblioqrafik mənbələr yaradılır. Şəxsi biblioqrafik mənbələrin yaradılması prosesində bilavasitə obyekt kimi müəyyən şəxsin qələminə məxsus əsərlər və onun haqqında yazılmış ədəbiyyat əsas götürülür. Görkəmli adamlara həsr olunan şəxsi biblioqrafik vəsaitlər ayrı-ayrılıqda həmin şəxsin əsərləri və haqqında olan ədəbiyyat üzrə faydalı biblioqrafik axtarış imkanlarına malik olur və demək olar ki, oxucunun həmin şəxslə əlaqədar biblioqrafik informasiya ehtiyacını hərtərəfli təmin edir. Çoxlu sayda kitabın və elmi-publisistik əsərin müəllifi, elmlər doktoru Bəybala Ələsgərov tərəfindən hazırlanmış “Professor Nizami Cəfərovun kitab dünyası” adlı biblioqrafiya (Bakı: AzAtaM, Elm və təhsil, 2015.- 172 s.) şəxsi biblioqrafik vəsaitlər arasında öz əhəmiyyətinə görə xüsusi yer tutur. Tanınmış alim haqqında biblioqrafik məlumatları əks etdirən bu göstərici zəngin mənbə olmaqla tədqiqatçılar, alimlər, ədəbiyyatşünaslar, dilçilər, türkoloqlar, biblioqraflar, tələbələr, geniş oxucu kütləsi, o cümlədən alimin həyat və yaradıcılığı ilə maraqlanan bütün oxucular üçün mühüm məxəz hesab edilir. Qeyd olunmalıdır ki, görkəmli alimimiz haqqında çap olunmuş bir neçə biblioqrafik göstərici vardır. Bu biblioqrafik göstəricilər alimin yaradıcılığı ilə maraqlanan informasiya istifadəçiləri üçün çox vacib biblioqrafik informasiya mənbəyidir. Alimin zəngin yaradıcılığını sistemli şəkildə əks etdirərək geniş oxucu kütləsinə çatdırmaq məqsədi ilə tərtib edilmiş “Professor Nizami Cəfərovun kitab dünyası” adlı biblioqrafik vəsait gərgin əməyin və ciddi axtarışların nəticəsi kimi meydana gəlmişdir. Əvvəlcə türk mədəniyyətinin tarixi və müasir inkişaf problemləri üzrə fundamental araşdırmaları, Azərbaycan mədəniyyət siyasətinin inkişafında xüsusi rolu olan professorun tərcümeyi-halını əks etdirən 6 səhifədən ibarət geniş giriş məqaləsi verilmişdir. İlk şəxsi biblioqrafik vəsaitdir ki, burada əks olunmuş mənbələrin içi açılmış və annotasiyası verilmişdir. Vəsaitdəki materiallar bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılmışdır. Tərtibçi-müəllif Nizami Cəfərovun müxtəlif illərdə çapdan çıxmış 82 adda kitabının, 2 adda tərcüməsinin, alim haqqında yazılmış 14 adda kitabın yalnız biblioqrafik təsvirini verməklə kifayətlənməmiş, həmçinin əks olunmuş materialların mündəricatını da əlavə etməklə, biblioqrafiyanın elmi dəyərini artırmış, tədqiqinin ciddi və çoxtərəfli olduğunu təsdiqləmişdir. Ümumilikdə, 528 mənbəni əks etdirən vəsait həm yaradıcılığı araşdırılan alimin nə qədər məhsuldar fəaliyyət ilə məşğul olduğunu, həm də tərtibçi-müəllifin tədqiqatının geniş əhatəliliyini və dərinliyini nümayiş etdirir. Biblioqrafiyanın özəlliklərindən biri biblioqrafik tərtib işində ilk olaraq yeni və daha dəqiq bölmələrin ayrılmasıdır. Bu isə təbii olaraq biblioqrafik axtarışın məhdud çərçivədən çıxmasının təzahürüdür. Kiçik nöqsanlara baxmayaraq, vəsait Azərbaycan biblioqrafiya elminə yeni bir töhfədir.
Aygün Hacıyeva,
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı