PORTRET

Hamıya pay verib ömründən bir az... Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur. Ümummilli Lider Heydər ƏLİYEV

  • 27.02.2016

Müəllim adı Azərbaycanda həmişə uca tutulub. O, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - öz ümidini, gələcəyini müəllimə etibar edir. Müəllim həyatda ən çətin və şərəfli bir missiyanı yerinə yetirir - xalqına, dövlətinə sədaqətlə, vicdanla xidmət edən savadlı mütəxəssislər yetişdirir. 

Belə müəllimlərdən biri də bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Marta Ağahüseyn qızı  Həsənovadır. 

Azərbaycan Dövlət İqtisad  Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsinin “Müəssisənin iqtisadiyyatı” kafedrasının professoru Həsənova Marta Ağahüseyn qızı  1955-ci ildə M.Əzizbəyov adına Neft Kimya İnstitutunun Mühəndis-iqtisad fakültəsinə daxil olmuş, 1960-cı ildə təhsilini başa çatdırmışdır.

Təyinat üzrə Azərbaycan  Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna gondərilmişdir. O, 1962-ci ildə Moskvada U.M.Qubkin adına Neft Kimya İnstitutunun aspiranturasına qəbul olmuşdur. Burda da təhsilini bitirdikdən sonra 1966-ci ilin mart ayından etibarən Azərbaycan  Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmış və 1968-ci ildə “Dərin qazma kəşfiyyatının iqtisadi səmərəliliyi” mövzusunda dissertasiya işini müvvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Marta xanım Həsənova 1968-ci ilin oktyabr ayından  D.Bünyadzadə adına  Azərbaycan  Xalq Təssərüfatı İnstitutunda baş müəllim vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə dosent dərəcəsinə yüksəlmiş və 2011-ci ildə fəxri professor adına layiq görülmüşdür.

48 illik bir müddətdə o öz elmi araşdırmalarını davam etdirmişdir.  70-dən artıq  elmi məqalə və elmi metodik vəsait hazırlamışdır. Eyni zamanda,  “Bazar iqtisadiyyatı şəraitində istehsalın təşkili formaları” adlı dərs vəsaitinin müəllifidir. O, daim öz üzərində işləyir və tələbələrə, magistrlərə elmin dərinliklərini öyrədir. İşlədiyi kollektivdə professor, müəllim heyətinin hörmətini qazanmışdır və tələbələr tərəfindən də çox sevilir.

Marta xanım qayğıkeş ana, mehriban nənədir. Onun iki övladı  və beş nəvəsi həyatını daha da mənalı və rəngarəng edir. O, İqtisad  Universitetinin müəllim və tələbələri arasında sevilən, işlədiyi kafedranın  gənc müəllimlərinin inkişafında böyük xidməti olan simalardan biridir.

Müəllimlər övladlarımızı, xalqımızı işıqlı sabaha aparan şəxslərdir, elm karvanının sarvanlarıdır. Qocaman müəllim Marta Həsənova da belə şəxslərdəndir. O, hesab edir ki, həyatını çətin və şərəfli bir işə həsr edib və bununla qürur duyur. Fəxr edir ki, yetişdirdiyi yüzlərlə tələbə indi müxtəlif sahələrdə əzmlə çalışır, vətənə xidmət edirlər. Burada şair - pedaqoq Musa Yaqubun şeirindən bir parça yada düşür:

Hamıya pay verib ömründən bir az,

Məndədir, səndədir müəllim ömrü.

Ömründən bütün tələbələrinə pay verən Marta xanımın bu ilıq yaz günündə 80 yaşı tamam olur. Onu 80 illik yubileyi və 48 illik pedaqoji fəaliyyəti münasibəti ilə ürəkdən təbrik edirik. Marta müəlliməyə möhkəm can sağlığı, müvəffəqiyyətlər arzu edir, elmi fəaliyyətində uğurlar diləyirik.

“İQTİSADİYYAT”