Alimlər şokoladı aqressiv məhsul hesab edirlər
Britaniya alimləri bu qida növünə digər tərəfdən baxırlar. British Journal of psychiatry jurnalında göstərilir ki, şokolad və aqressiya bir-biri ilə əlaqədardır. Kiçik yaşlarında mütəmadi olaraq şokolad yemək insanda aqressivliyi artırır. 1970-ci il təvəllüdlü (uşaqlıqda tez-tez şokolad yeyən) 17,5 min insanın cəlb olunduğu tədqiqatın nəticələri göstərmişdir ki, onların əksər hissəsi böyük yaşlarında aqressivliyi ilə digərlərindən fərqlənirlər.
Tədqiqatlar zamanı insanın xarakterinə təsir edən tərbiyə, təhsil, yaşadığı yer, mühit və digər faktorlar da nəzərə alınır. Uşaqlara istənilən vaxt konfet və şokolad verilməsi onları elə öyrədir ki, onlar istədiyini gözləyə bilmirlər. Müəyyən vaxtdan sonra bu məsələ həyat və sosial sahələrə də təsirini göstərir. Belə insanlar istədiyi ilə təmin olunmayanda özlərini çox aqressiv aparırlar. Lakin Britaniya qida və içki federasiyası ekspertləri isə bununla razılaşmırlar. Onların fikrincə, insanın sosial faktorları ilə davranışı və qidası arasında heç bir əlaqə yoxdur. Lakin 2007-ci ildə aparılan tədqiqatlar qidanın rənginin hətta uşağın psixikasına, həyəcanlı olub-olmamasına təsir göstərdiyini qeyd edirlər.
Hazırladı: S. Aytən