Duz nəyə qadirdir?
Söhbət adi, hər gün mətbəxdə işlətdiyimiz duzdan gedir. Bu yaxınlarda ABŞ alimləri aşkar etmişlər ki, gündəlik işlətdiyimiz xörək duzu əksər insanlarda narkotik vasitələr kimi öyrəşmə yaradır. Doktor A. K. Conson adi xörək duzu və onun orqanizmə təsirini, daha doğrusu, xörək duzunun həddindən artıq istifadə olunmasının yalnız hipertoniya və böyrəklərə deyil, insanın əhval-ruhiyyəsinə, davranışa və beyin fəaliyyətinə göstərdiyi təsirini də öyrənir.
Alimlər siçanlar üzərində aparılan təcrübələrdən aşkar etmişlər ki, siçanları duzsuz pəhrizdə saxladıqda onlar şirin su istəmir. Sadəcə olaraq, siçanlarda həyata olan maraq itir və onlar dərin depressiyaya düşürlər. Alimləri bu təcrübəni insanlara tətbiq edərkən hansı nəticələri əldə edəcəkləri düşündürür. Yəni insanlarda fizioloji normadan artıq duz qəbulu kimyəvi asılılığın bir variantına çevrilə bilir. Hətta duzu narkotik maddə kimi də qiymətləndirmək olar. Belə ki, aparılan təcrübələr təsdiq edir ki, heyvanlara duz verilməsi dayandırılırsa, bu zaman onların beynində narkotik vasitə qəbulu dayandırılmış insanda baş verən hallar müşahidə edilir. Belə güman etmək olar ki, bu hal beyində bir sıra neyron şəbəkəsinin fəaliyyəti ilə bağlıdır.
Həyat sudan başlayıb
Tərkibinə görə insan qanı dəniz suyunu xatırladır. Bu baxımdan duz da orqanizmdə mühüm rol oynayır. Suda xörək duzu (NaCl) ani olaraq müsbət Na və mənfi CL ionlarına parçalanır. Xlor da öz növbəsində mədə şirəsinin tərkibi üçün vacibdir.
Bu məqamda əsas məsələ natriumla bağlıdır. Na həyat üçün vacib hüceyrəarası elementdir, orqanizmdə normal su müvazinətinin yaradılmasını, tarazlıqda saxlanmasını və suyun toxumalar arasında paylanmasını təmin edir.
Na mübadiləsi ilə orqanizmin su balansı arasındakı əlaqə ondan ibarətdir ki, həddən artıq tərləmə, ishal, qusma və orqanizmin susuzlaşmasına səbəb olan digər proseslər zamanı orqanizmdə Na azalmış olur. Bu isə qanın və hüceyrəarası mayenin osmos təzyiqinin azalmasına gətirib çıxarır ki, bu zaman hüceyrədən kənar maye hüceyrələrə daxil olur, hüceyrələr şişir. Bu vəziyyət beyin hüceyrələrində baş verərsə, sinir sisteminin fəaliyyətində pozğunluq meydana çıxır.
Hüceyrəarası sahədə (plazmada) olan Na ionları suyu özünə daha tez çəkir. Elə buna görə də Na orqanizmdə suyu saxlayır. Məhz bu xüsusiyyətlərinə görə isti sexlərdə işləyən fəhlələrə yanğı hissini və maye itkisini azaltmaq üçün duz qatılmış su verirlər. Həmçinin mədə-bağırsaq pozğunluğu olduğu hallarda, yüksək hərarət və ağır fiziki iş zamanı tərlə bərabər duzlar da xaric olur və orqanizmdə həm su, həm də duz aclığı yaranır. Əgər bu zaman adi su içsəniz, duzların bədəndən xaric olması daha da artacaq, yanğı hissi sönməyəcək və daha çox su içmək istəyəcəksiniz.
Yanğı hissi həm də duzlu yeməklərin qəbulundan sonra da baş verə bilər. Bu zaman Na duzları suyun sidiklə çıxmasına mane olur və su orqanizmdə toplanır. Yanğı əmələ gələrkən natriumun miqdarını aşağı səviyyəyə endirmək üçün su içmək lazımdır.
Hüceyrə daxili kalium və hüceyrə xarici natrium ionlarının səviyyəsinin müxtəlif olması elektrik potensiallarında fərq yaradır. Nəticədə kalium-natrium «nasosu» yaranır ki, bu da ionların və müxtəlif maddələrin hüceyrə xaricindən hüceyrə daxilinə və əks istiqamətdə hərəkətini tənzimləyir. Məhz bu «nasos» sinir sisteminə impulsların ötürülməsini təmin edir, yəni bu tarazlıq pozularsa, orqanizmin xarici mühitə marağı azalmış olur, hərəkəti, emosiyaları itir. Bundan əlavə, kalium və natriumun səviyyəsinin tənzimlənməsi orqanizmdə suyun lazımi miqdarda olmasını təmin edir. Yaşlı insan bədəninin ümumi kütləsinin təxminən 55-65%-i sudan ibarətdir. Orqanizmdə suyun 62%-i hüceyrə daxilində, 38%-i isə hüceyrədən kənarda yerləşmiş olur.
Qanda Natriumun azalması zamanı nə baş verir?
Bu zaman arterial təzyiq aşağı enir. Ürəyin fəaliyyəti kompensator olaraq sürətlənir (taxikardiya). Na çatışmazlığı orqanizmdə qələvi ehtiyatının azalmasına və asidoza gətirib çıxarır. Bu həm də hüceyrə daxilində olan kalium ionlarının hüceyrə xaricinə keçməsi ilə nəticələnir. Bu zaman ürəyin, əzələlərin fəaliyyəti zəifləyir, iştah pozulur, maye qəbuluna həssaslıq artmış olur, insan süst olur, depressiyaya qapılır.
Qanda Natriumun artması zamanı nə baş verir?
Natriumun qanda artması daha ağır pozğunluqlarla özünü göstərir. Bu hal qida vasitəsilə xörək duzunun həddən çox qəbul edilməsi, natriumun böyrəklər vasitəsilə ifraz edilməsinin pozulması, maye qəbulunun məhdudlaşması nəticəsində baş verə bilər. Bundan əlavə, Na ionları adrenalinin təsirini artırmaqla, damar tonusunu yüksəldirlər. Nəticədə qanda natriumun yüksəlməsi uzun müddət davam edərsə, hipertoniya (qan təzyiqinin yqalxması) inkişaf edə bilər. Natriumun toxumalarda çoxlu miqdarda toplanması böyrəklərin və ürəyin işini artırır, nəticədə üzdə və ətraflarda ödemlər əmələ gəlir.
Xörək duzunun artıq miqdarda qəbul edilməsi həm də hüceyrədaxili element olan kaliumun azalmasına gətirib çıxarır ki, bu zaman ürək, əzələlər, mədə-bağırsağın fəaliyyəti pozulmuş olur. Kalium həm də sidikqovucu təsirə malikdir. Belə hesab edirlər ki, kalium natriumun artıqlığından baş verən pozğunluqlardan orqanizmi müəyyən qədər müdafiə edir. Bu səbəbdən bəzi ölkələrdə KCL-lu xörək duzu istehsal edirlər.
Dünyanın bəzi xalqları xörək duzundan istifadə etmir.
Adi halda insanlar natriumu əsasən xörək duzunun tərkibində gündə 4-6 qram Na qəbul edirlər. Məlumdur ki, qida məhsullarını dadlı etmək və həm də konservləşdirmək üçün işlədilən xörək duzundan son iki minillikdir ki, istifadə olunur. Lakin bu günlərədək Afrika, Asiya və Şimal ölkələrinin bəzi xalqları xörək duzundan istifadə etmədən qida qəbul edirlər.
Na-a olan gündəlik tələbat 1 qramdır. Bu tələbatı duz əlavə etmədən, mineral maddələrlə zəngin olan tərəvəz və göyərti qəbul etməklə də ödəmək mümkündür. Lakin insanların əksəriyyəti üçün duz gündəlik qidanın vacib komponentlərindən birinə çevrilib və onsuz yaşamaq çətindir. Lakin duzun artıqlığı da bizə heç gərək deyil. Alimlər güman edirlər ki, ona olan güclü meyl evolyusiya nəticəsində yaranıb və indiyə kimi davam edir.
Hazırladı: S.Aytən