SAĞLAMLIQ

GICITKAN

  • 30.10.2011

Çoxillik bitki olub, 100-120 sm hündürlüyündə rast gəlinir. Tərkibində aşılayıcı maddələr, zülallar, qarışqa turşusu, pantoten turşusu, K, C vitaminləri, karotinoidlər, dəmir duzları, xlorofill, mum vardır.                                       

 Gicitkanın əsastəsiri tərkibindəki dəmir duzları və vitaminlərlə bağlıdır. Bu bitki lipid (yağ) mübadiləsini normallaşdırır, eritrositlərin yaranmasına stimulə edici təsir göstərir. Yarpaqlarının tərkibindəki K   vitamini qaraciyərdə laxtalanma faktorlarından birinin –protrombinin əmələ gəlməsini stimulə edir.bundan başqa, gicitkanın müalicəvi növləri öd qovucu, iltihabı kəsici, mədə-bağırsaq  traktının selikli qişasını regenerasiya edici xüsusiyyətlərə malikdir. Bundan başqa, onun damar daraldıcı effekti də vardır.

 Uzun illərdir ki, gicitkanın dəmləməsi və ekstraktını ağciyər, qaraciyər, uşaqlıq, bağırsaq qanaxmalarında istifadə edirlər. Qanyaradıcı, bərpaedici xüsusiyyətlərinə görə, yerli olaraq, trofik yaralarda, yanıqlarda dəmləməsindən islatma şəklində işlətmək məsləhət görülür.  Eləcə də qanda şəkəri azaldır,  süd və sidik ifrazını, cinsi fəaliyyəti  artırır. Burun qanaxması zamanı əzib buruna qoyduqda qanaxmanı kəsir. Yarpaqlarından 30-60q, köklərindən 30-40q dəmləyərək istifadə edirlər. Gicitkan yarpaqları mədə, qanyaranma üçün, vitaminləşdirici yığıntıların tərkibinə daxil edilir.

 Yadda saxlamaq lazımdır ki, gicitkanın ateroskleroz, tromblar zamanı  istifadəsi   əks göstərişdir. 

 Qeyd etmək vacibdir ki, gicitkanın yandırıcı növü də vardır ki, onun yarpaqları nisbətən kiçik olur, gövdədən çətin ayrılır. Bu növ gicitkanın gövdəsi və yarpaqları üzərində yandırıcı tükcüklər, onların  tərkibində isə  zəhərli maye olur. Onlara toxunan kimi  tükcüklər sınır və dəriyə daxil olur, ağrı, yanğı, qaşınma verir. Dəridə çəhrayı-qırmızı köpüşüklü səpgilər meydana çıxır. Həmin   tükcüklərin hüceyrələrinin şirəsində qarışqa turşusu, asetilxolin maddələri vardır ki, gicitkanın  törətdiyi yanğı məhz bununla əlaqədardır.

 Hazırladı S.Aytən