Qədim əfsanələrə görə, yunanlar bu bitkini bilik və ağıl rəmzi kimi qiymətləndirirdilər. İslam dinində isə zeytun ağacını müqəddəs sayıb, ona and içərmişlər. Deyilənə görə, zeytun ağacı 300-400 il yaşayır. Onun vətəni Kiçik Asiya və Yunanıstan hesab olunur. Azərbaycanda isə əsasən Abşeronda yetişdirilir.
Yetişmiş zeytun həzmə kömək edir, mədəni qüvvətləndirir. Duza qoyulmuş zeytunu çox yemək isə insanı arıqladır, yuxusuzluq gətirir. Zeytunun yarpaqlarının qaynadılmış suyu və şirəsi qan təzyiqini və bədən hərarətini aşağı salmaq üçün, həmçinin, qanaxma zamanı imalə kimi istifadə edilir.
Zeytundan alınmış yağ isə bitki yağları içərisində ən qiymətlilərindən biri hesab olunur. Doymamış yağ turşuları və bir çox faydalı maddələrlə zəngin olan zeytun yağı mədəyə yumşaldıcı təsir göstərir, öddaşı, qaraciyər, böyrək xəstəliklərində olduqca xeyirli qida maddəsi hesab olunur. Onunla öd yollarının təmizlənməsi məqsədilə dübaj etmək, imalə etmək, əzələ ağrıları zamanı bədəni ovuşdurmaq məsləhət görülür. E vitamini ilə zəngin olan və ateroskleroza qarşı ən effektiv vasitələrdən biri olan zeytun yağını gündəlik qida rasionuna daxil etməyi unutmayın.
Hazırladı S.Aytən
|