SAĞLAMLIQ

Vitamin çatışmamazlığına qarşı

  • 11.11.2011

Əksər insanların səhhətində baş verən pozğunluqların çoxunu həkimlər bu və ya digər vitaminlərin çatışmamazlığı ilə əlaqələndirirlər və ya istənilən xəstəliyin müalicəsində uyğun vitaminlərin qəbuluna ehtiyac olduğunu bildirirlər. Bu nə ilə bağlıdır? Müasir insanların daha az miqdarda qidalanması ilə, daha az enerji  sərf etməsi ilə, yoxsa düzgün olmayan həyat tərzi (hərəkətsizlik, oturaq iş,  nəqliyyat və məişət texnikasından ifrat dərəcədə istifadə edilməsi) ilə?

Nəzərə alsaq ki, dünya səviyyəsində artıq çəkidən əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır, deməli, insanlar heç də az qidalanmır. Bəs onda nə baş verir?

 Bugünkü insanlar 2 əsr əvvəlki ilə müqayisədə 2 dəfə az yeyir, sutkada 2-2,5 dəfə az kalori sərf edirlər. Əsas məsələ isə ondadır ki, kütləvi olaraq istehsal olunan qida məhsullarının çeşidi yüzlərlə  olduğu halda, onlarda qəbul edilməsi vacib sayılan vitaminlərin miqdarı xeyli  azdır. Hələ biz genetik modifikasiya olunmuş qida məhsullarından danışmırıq. Vitaminlərin çoxunu  (əsasən orqanizmdə sintez olunmayan vitaminlər) insan xaricdən, yəni qida vasitəsilə almalıdır. Yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq orqanizmdə vitamin çatışmamazlığı daha qabarıq şəkil aldığına görə bu mövzuya məhz indi  toxunmağı lazım bildik.

 Beləliklə, çıxış yolunu necə tapmalı?

 İlk növbədə balanslaşdırılmış qida qəbul edilməlidir. Rasionda zülal, yağ və karbohidrat olmalıdır. Müxtəlif meyvə və tərəvəzlər, göyərtilərin qəbulu  mütləqdir. Alimlər rasiona əlavə vitaminləşdirilmiş məhsulları  (çörək, süd, içkilər) daxil etməyi məsləhət görür. Ən vacibi isə hərəkət etmək – idman, təmiz havada piyada gəzintisi və fiziki işlə məşğul olmaqdır. Aktiv həyat tərzi  maddələr mübadiləsini sürətləndirir.

 Vitamin komplekslərini necə seçməli?

 Həkimlər ildə 2 dəfə profilaktik olaraq vitamin və mineral komplekslər qəbul   etməyi məsləhət görürlər. Əksər insanlarda əsasən C, B qrup və karotin çatışmazlığı, minerallardan maqnezium, dəmir, kalsium, sink, yod defisiti müşahidə olunmaqdadır. Lakin bu və ya digər komponentlərin  də orqanizmə uyğunsuzluğu  mümkündür. Ona görə də həkim məsləhəti vacibdir. Elə hesab etməyin ki, reseptsiz buraxılan istədiyiniz vitamin preparatının qəbul edilməsi insan üçün faydalıdır. Hər bir dərman preparatının əks təsiri, əlavə təsiri mümkündür.

Bəziləri isə elə düşünürlər ki, il boyu vitamin qəbul edilməsi insanın yalnız xeyrinədir. Tədqiqatlar göstərir ki, mütəmadi olaraq vitamin qəbul edilməsi istər böyüklərdə, istər uşaqlarda orqanizmin daxili imkanlarını zəiflədir, bir növ tənbəlləşdirir. Orqanizm sintez oluna bilən vitaminlərin, fermentlərin  xaricdən qəbul ediləcəyini gözləyir. Vitamin qəbulu kəsilən kimi isə orqanizm zəifləyir  və  immun sistem baş qaldıran  müxtəlif xəstəliklərlə mübarizə apara bilmir. Ona görə də ən optimal variant vitaminlərlə zəngin olan qida qəbuludur.

Hansı hallarda vitamin çatışmazlığına şübhə ola bilər?

 Ümumilikdə vitamin çatışmamazlığı əhval-ruhiyyənin pisləşməsi, xarici görkəmin və bir sıra problemlərin meydana gəlməsinə  gətirib çıxarır.

 * Səhər durarkən yorğunluq, halsızlıq hiss edilərsə;

*Yuxululuq, süstlük gün ərzində müşahidə edilərsə;

*Diqqətin yayınması, konsentrasiyanın cəmləşməsi pozularsa;

*Əsəbilik, depressiyaya qapılma olarsa;

*Dəri və saçlarda zəifləmə müşahidə edilərsə;

*Tez-tez soyuqdəymə halları baş verərsə və s.

 Hansı hallar konkret vitaminin çatışmazlığına işarədir?

 *Dəri qurudursa, çatlar əmələ gəlirsə, bu zaman C, B6, A   və biotinin;

*Dəridə səpgilər                       – B6, PP, A vitaminlərinin;

*Periodik ürəkbulanma          – B1, B6 vitaminlərinin;

*Görmə zəifliyi                         – A,  B2, B6 vitaminlərinin;

*İştah pozulması                      – A, biotin, B1, B2, B6, B12 vitaminlərinin;

*Yuxusuzluq                            – B6, PP (nikotin turşusunun);

*Narahatlıq, oyanıqlıq             – C, B1, B6, B12, PP, biotinin;

*Mədə ilə problemlər              – B12, PP, Fol turşusu, A vitaminlərinin;

*Saçların vəziyyəti                   – A, B6, biotinin;

*Tez-tez infeksiyalara tutulma – A, C vitaminlərinin çatışmazlığını göstərir.

 

NOVRUZ ŞIRNIYYATLARI TƏKCƏ BƏZƏK DEYIL

Qədim adət-ənənələrə sadiq qalaraq, qarşıdan gələn bahar bayramını hər kəs böyük həsrətlə və sevinclə gözləyir. Gözümüzü açandan bəri evdə, qohum-qonşuda Novruza böyük coşqu ilə, xüsusi həvəslə  hazırlıq getdiyinin şahidiyik. Təbiətin oyandığı, bütün canlı aləmin yeniləndiyi bir zamana təsadüf edir Novruz bayramı. Hər birinizi bu milli bayramımızın gəlişi  münasibətilə təbrik edir, cansağlığı, könül xoşluğu,  ruzi-bərəkət  arzu edirik.

Elimizin qədim adəti üzrə digər hazırlıqlarla yanaşı, bayram ərəfəsində novruz şirniyyatları bişirilir, süfrəyə müxtəlif cür quru meyvələrdən xonçalar hazırlanıb düzülür. Deyirlər paxlava öz  formasına görə dörd  ünsürü – torpağı, suyu, odu və yeli təcəssüm etdirir.  Şəkərbura aypara formasındadır təzə ayın, qoğal isə günəşin rəmzidir. Əslində bu şirniyyatların estetik gözəlliyindən daha önəmlisi onların məhz yaz fəslində, yəni insan orqanizmi üçün vacib olan  vitaminlərin, mineralların meyvə və tərəvəzlərdə azaldığı dövrdə hazırlanmasıdır. Bundan əlavə, süfrəyə düzülən quru meyvələr – qoz, fındıq, badam, kişmiş, xurma, iydə, innab, qaysı, gavalı qurusu və s.-nin xüsusi əhəmiyyəti var orqanizm üçün.

Onlar tam vitamin mənbəyi olmasalar da, asan mənimsənilən mikroelementlərlə zəngindirlər. Qiymətli mikroelementlər – kalsium, kalium, natrium, maqnezium, dəmir, eləcə də sellüloza və pektin quru meyvələrin tərkibində tamamilə saxlanılır. Onların tərkibində şəkərin daha asan mənimsənilən forması – qlükoza və fruktoza olur ki, bunlar digər şirin məhsullar kimi qanda şəkərin miqdarını artırmır. Quru meyvələrin kalorisi daha yüksəkdir, lakin piylənmə vermir. Çünki tərkibində çoxlu miqdarda qida lifləri vardır və  bunun köməyi ilə mədə-bağırsaq traktının işi tənzimlənir. Qeyd edək ki, quru meyvələri   onsuz da həddindən artıq qəbul etmək mümkün deyil, çünki insanı tez doyuzdurur. Nahardan və ya şam yeməyindən əvvəl quru meyvələrdən qəbul edilərsə, onların tərkibindəki sadə karbohidratlar tez mənimsənilir və  doyma hissiyyatı yaranır.

Həkimlər imkan olduqca  bunlardan qış və yaz fəslində istifadə etməyi məsləhət görürlər. Sual oluna bilər ki, kalorisi yüksək olan bu təamların, şirniyyatların   qəbul edilməsi artıq çəkiyə gətirib çıxarmırmı?

Əvvəla xatırladaq ki, keçmişdə bu şirniyyatları yalnız Novruz bayramında bişirib yeyərdilər. Hətta belə bir misal da var:  «Şəkərburaya dönüb,  bayramdan bayrama görünür». İndi isə yerli-yersiz süfrədə şəkərbura, qoğal, hətta paxlava görmək olur.

Digər məsələ də budur ki, bu şirniyyatlardan bayramda yemək,  lakin  çox hərəkət etmək lazımdır. Keçmişdə kalorili qidalar yeyərdilər, lakin müasir günlərimizdə olduğu qədər texnikadan, nəqliyyatdan həddindən artıq istifadə etməzdilər,  fiziki işlə məşğul olar, piyada gəzib, uzun məsafələri qət edərək yediklərini həzm edərdilər. Elə isə nə üçün  keçmişin dəyərli ənənələrindən bu gün faydalanmayaq?  

 Hazırladı:  S.Aytən