Risk qrupuna daxil olan və tez-tez xəstələnən uşaqlarda proflaktik peyvəndlərin aparılması
Risk qrupuna daxil olan və tez-tez xəstələnən uşaqlarda
proflaktik peyvəndlərin aparılması
doğuş travması, ekssudativ kataral diatez, həqiqi seboreyalı ekzema, neyrodermit, əvvəllər yeridilən peyvəndlərə və dərmanlara qarşı allergiya, immunodefisit vəziyyətlər, bətndaxili inkişafın ləngiməsi, endokrin xəstəlikləri, ağciyər, ürək, mədə-bağırsaq, böyrək xəstəliyi və s. olan uşaqlar.
Allergik reaksiyası olan uşaqlara difteriya-göy öskürək-tetanus (DGT) vaksinası yeritməzdən əvvəl bioloji sınaq qoyulmalıdır. Bu məqsədlə uşağın dərisi altına 0,1 ml DGT vaksini (fizioloji məhlulda 10 dəfə durulaşmış) yeridilir. Əgər 5 dəqiqədən sonra yerli reaksiya baş vermirsə, peyvənd adi dozada vurulur. Əgər reaksiya baş verirsə, bu zaman tərkibində göy öskürək vaksini olmayan az reaktogen DT vaksina istifadə olunur. Allergik xəstəliyin ağırlaşmasının profilaktikası üçün peyvənddən 1-2 gün əvvəl və 5-7 gün sonra antihistamin (tavegil, desloradin, suprastin və s. ) preparatlar vəB qrup vitaminlər təyin edilir və sinir sisteminin yüksək oyanıqlığı olarsa, sedativ preparatlar (valerian, brom, alora, seduksen) verilir. Tez-tez KRVX ilə yoluxan və əvvəl keçirilmiş somatik xəstəliklər nəticəsində immun sistemi zəif olan uşaqlara son 3-4 ay müddətində xəstələnmə qeyd edilmədikdə profilaktik peyvəndlər edilir.
Risk qrupuna daxil olan uşaqları peyvəndə 2-3 həftə əvvəl hazırlamaq lazımdır. Bu müddətdə xroniki infeksiya ocaqlarının sanasiyası aparılır. Raxit, anemiya, hipotrofiya müalicə olunur, pəhriz, rejim təyin olunur. Vitaminoterapiya (C; B1; B2; B5; B6; PP) aparılır. Risk qrupuna daxil olan uşaqlara peyvəndin müddətini təyin etmək üçün uşaq poliklinikasında xüsusi komissiya yaradılır. Bu komissiyaya baş pediatr, şöbə müdiri, nevropatoloq, həkim-immunoloq və sahə həkimi daxildir. Ağır hallarda immunizasiya stasionarda aparılır. Postvaksinal dövrdə fiziki və psixi gərginlik aradan qaldırılır, tam dəyərli qidalanma təyin olunur, infeksion xəstələrlə təmas aradan qaldırılmalıdır.
Risk qrupuna daxil olan hər bir uşaq üçün fərdi peyvənd təqvimi tərtib olunur. Bu təqvimdə peyvənd peyvəndlərin vurulma müddətinin artırılması ilə və DT ilə aparılır. Bu uşaqlara peyvənd aparılmazdan 1,5-2 ay əvvəl hiposensibilizasiyaedici və immunostimulyasiyaedici müalicə (yaşına uyğun dozada) təyin edilir.
Risk qrupuna daxil olan uşaqları sahə həkimi yalnız 2 ay müddətində peyvənddən azad edə bilər. Bu müddətin uzanması məsələsini isə komissiya həll edir. Uşaqları ümumi komissiyaya təqdim etməzdən 1,5-2 ay əvvəl ümumi möhkəmləndirici terapiya aparılmalı, xronik infeksiya ocağı sanasiya olunmalıdır. Qanın, sidiyin ümumi analizi edilir. EKQ və lazım olarsa, ağciyərin R-qramması olunur. Komissiyaya təqdim etmək üçün sahə həkimi sənədləri hazırlayır.
Tibbi təlimat
Adətən, aşağıdakı səbəblərə görə valideynlər uşaqlarını peyvəndə gətirmirlər:
- Valideynlər xəstəliyin qarşısının alınmasında peyvəndin əhəmiyyətini bilmir;
- Valideynlərin bu xəstəlik haqqında lazımi qədər məlumatları yoxdur;
- Bəzən valideynlər peyvəndin uşaqları xəstəlikdən qoruya biləcəyinə inanmır;
- Valideynlər hesab edir ki, peyvənddən sonra uşaq iştahasını itirə bilər və zəifləyər;
- Valideynlər peyvənddən sonra baş verə biləcək hərarətdən qorxur;
- Bəzən valideynlər uşaqlarını peyvənd üçün hara və ya nə vaxt aparacaqlarını bilmir;
- Valideynlər immunlaşdırılmanın nə qədər sadə olmasını bəzən dərk etmirlər.
Tibbi təlimatda xüsusən yuxarıda göstərilən bəndlərə fikir verilməlidir və səhiyyə işçisi bütün səyini bunları aradan qaldırmağa yönəltməlidir. Ona görə də səhiyyə işçiləri öz ailə üzvləri, dostları, həmkarları, valideynlər və əhali arasında peyvəndin müsbət cəhətlərindən danışmalı və həmin xəstəliklər haqqındakı biliklərini onlara çatdırmalıdırlar.
Əhali üçün ilkin məlumatlar:
Tibb işçiləri valideynlərin immunlaşdırmanın əhəmiyyətini dərk etməsi və uşaqlarının gələcəyinə daha məsuliyyətlə yanaşması üçün aşağıdakı bəzi sadə məlumatları əhaliyə çatdırmalıdırlar:
- İmmunlaşdırma bir sıra təhlükəli xəstəliklərin qarşısını alır;
- İmmunlaşdırılmamış uşaqlar arasında ömürlük şikəstlik və ölüm halları daha çox olur;
- Göyöskürəkdən ölümün yarısı, bütün poliomielitlə xəstələnmə hallarının 13-i və qızılcadan ölümün 14- i bir yaşadək baş verir;
- İmmunlaşdırma uşağın 1,5 yaşında bütünlüklə tamamlanmalıdır, 6 yaşda revaksinasiya aparılmalıdır;
- İmmunlaşdırma mütləqdir;
- Uşağın erkən immunlaşdırılması həyati göstərişdir.
Azərbaycan Tibb Universiteti
1 uşaq xəstəlikləri kafedrası