Müasir dövrdə ölkəmizdə tibbi xidmətin inkişaf perspektivləri
Müstəqillik illərində Azərbaycan Səhiyyəsi inkişaf və yüksəliş dövrünə qədəm qoymuşdur. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə Dövlət Proqramlarının qəbul edilməsi, elmi-potensialın gücləndirilməsi Azərbaycan Səhiyyəsinin inkişaf perspektivlərini əks etdirir. Lakin hər bir ölkədə millətin inkişafına, əhalinin yaşayış keyfiyyətinə sosial əhəmiyyətli xəstəliklərin artması əhəmiyyətli dərəcədə təsir göstərir. Müasir dövrdə elmin, texnikanın inkişafı, insanların həyat tərzinin, eləcə də iqlim və ətraf mühit dəyişikliklərinin artması xəstəlik törədən amillərə çevrilərək, əhalinin sağlamlığının qorunması məsələsini aktuallaşdırmışdır. Əhalinin sağlamlığının qorunması mürəkkəb bir problem olub, təkcə insanların həkimə müraciət edib, müalicə almaq və s. imkanlarını nəzərdə tutmur, bu həm də dövlət əhəmiyyətli məsələdir, dövlət tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsini tələb edir. Bura tibbi, sosial-siyasi, sanitar-epidemioloji və s. tədbirlər aiddir. Səhiyyə qanunvericiliyinə görə, əhalinin sağlamlığının qorunması prinsiplərinə sağlamlıq və onun qorunması sahəsində insan hüquqlarının müdafiəsi, profilaktik tədbirlərin üstünlüyü, tibbi-sosial yardım göstərilməsi, sağlamlığını itirdiyi təqdirdə vətəndaşların sosial müdafiəsi istiqamətləri aiddir.
Bütövlükdə, millətin sağlamlıq durumu, xəstəlikləri, ölüm səviyyəsi, həyat keyfiyyəti bugünkü yeni doğulmuş uşağın hansı vəziyyətdə - yəni xəstə və ya sağlam doğulmasından bilavasitə asılıdır. Uşaqların sağlamlığının təməli isə valideynlərin - xüsusilə anaların sağlamlığından çox asılıdır. Sağlam qadın dünyaya sağlam körpə bəxş edir. Ananın hamiləlikdən əvvəl və hamiləlik vaxtı keçirdiyi xəstəliklər dölün normal inkişafına mənfi təsir göstərir və körpənin xəstə doğulmasına zəmin yaradır. Dünya alimlərinin tədqiqatlarında səkkiz təhlükəli amil sırasında döl üçün ən təhlükəlisinin ananın sağlamlıq durumunun qeyri-kafi olması sübut edilir. BMT və ÜST reproduktiv sağlamlıq üsullarını işləyib hazırlayır və hər bir ölkədə tətbiqini həyata keçirməyə çağırır. Təsadüfi deyildir ki, III Minilliyin məqsədləri sırasında ana və uşaqların sağlamlığının qorunması, ölüm səviyyəsinin azaldılması məsələsi 4-cü və 5-ci yerləri tutur. Son illərdə qadınların sağlamlığının qayğısına qalmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər görülür. 2006-cı ildən başlayaraq respublikada tibbi xidmətin beynəlxalq standartlara uyğun qurulması, ana və uşaq ölümünün azaldılması prioritet istiqamət kimi qəbul edilmişdir. Respublikanın bütün regionlarında Perinatal Mərkəzlər yaradılmışdır. Hamiləlik vaxtı aparılan prenatal skrininq, preventiv profilaktika tədbirlərinin tətbiqi xəstə uşağın doğulmasının qarşısını almaq baxımından böyük əhəmiyyət kəsb edir və prenatal diaqnostikanın ölkənin bütün doğuşayardım müəssisələrində həyata keçirilməsinin vacibliyini göstərir. Görülən tədbirlərin nəticəsidir ki, ölkəmizdə 1994-cü ildə ana ölümü hər yüz min nəfərə görə 43,8 olmuşdursa, 2012-ci ildə bu göstərici 14,9 promilliyə qədər azalmışdır. Bu sahədə əldə olunan uğurlara baxmayaraq, əsas məqsəd həmin göstəricilərin Avropanın və dünyanın ən inkişaf etmiş ölkələrində mövcud olan səviyyələrə qədər azaldılmasına nail olmaqdan ibarətdir. 2006-cı ilin fevral ayının 6-da Azərbaycan Respublikasının Prezidentinin xüsusi sərəncamı ilə “Qadın Problemləri üzrə Dövlət Komitəsi”nin “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nə çevrilməsi qadınların sağlamlığına dövlət tərəfindən diqqətin daha da artırılması məqsədini güdür.
N.Y.Piroqov qeyd etmişdir: “Gələcək tibbi profilaktikaya məxsusdur”. Profilaktik tədbirlərin görülməsi səhiyyədə problemlərin həlli üçün ən yüksək nəticə verən üsuldur. Doğuşayardım müəssisələrində hamilə qadınlara antenatal, mamalıq xidmətinin keyfiyyətini yaxşılaşdırmaq, neonatal qulluq səviyyəsini artırmaq məqsədilə profilaktik tədbirlər – layihə proqramları tərtib edilib, həyata keçirilir. Əhaliyə göstərilən xidmətin, eləcə də perinatal xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün aparılan monitorinqlər bu layihələrin tərkib hissəsidir. Təcrübələr göstərir ki, o ölkələrdə ki, monitorinqlər aparılır, həmin ölkə əhalisinin sağlamlaşdırılmasında irəliləyişlər və müsbət nəticələr əldə olunmuşdur. Ölkəmizdə 2007-ci ildən başlayaraq, doğuşayardım müəssisələrində daimi olaraq monitorinqlər keçirilir. Onların nəticələrinə əsaslanaraq, ana və uşaqların sağlamlığının vəziyyəti, ölüm göstəriciləri öyrənilir, təhlil edilir və profilaktik tədbirlər görülür. Qadınlarda reproduktiv funksiyanın pozulmasının fizioloji, psixoloji və sosial aspektləri öyrənilərək, bu istiqamətdə mühüm işlər aparılır.
Səhiyyə Nazirliyinin dəstəyi ilə hamilə qadınlara anetenatal qulluğun gücləndirilməsi, neonatoloji xəstəliklər zamanı lazımi tibbi addımların atılması, yeni doğulmuş körpələrin sağlamlığına qayğı göstərilməsi, eləcə də uşaqlarda müşahidə olunan digər patologiyalara aid elmi-praktiki seminarlar təşkil edilir. Bu tədbirlər həkimlərin bilik və praktiki vərdişlərinin artırılmasında böyük rol oynayır. Hamiləliyin erkən dövründə ananın virus infeksiyaları ilə yoluxması, uzunmüddətli antibiotiklər və hormonal preparatlar qəbul etməsi, eləcə də digər dərmanların nəzarətsiz istifadə edilməsi, spirtli içkilər və siqaretin, stressin və s. dölə mənfi təsiri haqqında əhali arasında sanitar-maarifləndirmə işi aparılır. Bu tədbirlər tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərir, ölüm səviyyəsinin azalmasına nail olmağa imkan verir. Dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən doğuşayardım müəssisələrində olduğu kimi, ölkəmizin tibb müəssisələrində də hamilələrin və uşaqların müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Sadaladığımız bu tədbirlər dövlətimiz tərəfindən əhaliyə - xüsusilə qadınlara göstərilən diqqət və qayğını əks etdirir və gələcəyə ümidlə baxmağa əsas verir.
Hacıyeva N.H.,
ATU. II Uşaq xəstəlikləri kafedrası